İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa: "Çingiz Abdullayev jurnalistlə elə rəftar etməməli idi"

1129 27.10.2022 13:56 Gündəm A A

Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayı başa çatsa da, bu təşkilat ətrafında söz-söhbətlər, qalmaqallar səngimir. Ötən gün yazıçı Anarın yenidən AYB sədri seçilməsindən sonra mətbuata açıqlamasında medianı ilana bənzətməsi, ardınca Xalq yazıçısı Çingiz Abdullayevin ondan qurultay üçün ayrılan 203 min manatın hara xərcləndiyini soruşan jurnalistə kobud cavabı qalmaqala səbəb olub.

Hazırda sosial şəbəkələrin və ölkə mediasının gündəmini zəbt edən AYB olayına fərqli yanaşanlar, hətta Çingiz Abdullayevi dəstəkləyənlər də var. Ümumilikdə isə əksəriyyət onun fikirlərinə etiraz edir. Lakin bəzi sosial şəbəkə istifadəçiləri hesab edir ki, Ç.Abdullayev jurnalisti təqhir etməklə bütün diqqəti öz üzərinə çəkib və bununla 203 min manat məsələsini unutdurmağa çalışıb.

Musavat.com xəbər verir ki, 203 min manatlıq qurultay barədə Modern.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, AYB-ın toplantısına ayrılmış vəsaitlə bağlı hansısa şübhə varsa, jurnalistlər və başqa şəxslər Hesablama Palatasına müraciət edə bilərlər:

fazil-mustafa (4).jpg (78 KB)

“Jurnalistlər, yaxud başqaları Azərbaycan Respublikası Hesablama Palatasına müraciət etdikdən sonra vəsaitin qanunsuz xərclənib, xərclənmədiyini öyrənə biləcək. Yoxsa məsələnin dedi-qodu şəklində gündəmə gətirilməsi düzgün deyil. Qocaman yazıçıları, ictimai-mədəni xadimləri bu qədər vəsaiti mənimsəməkdə ittiham edib, şübhə altında qoymaq düzgün deyil. Ancaq təbii olaraq, tək qurultay üçün 203 min manat vəsaitin ayrılması çoxdur. Bir qurultayı 30-50 min manat həyata keçirmək olar. Amma ola bilsin ki, əlavə qonaqlar olub. Təkcə 30 nəfəri dəvət edəndə bilet pulu ilə bir yerdə 100 min manat xərc çıxır”.

Deputat qeyd edib ki, Çingiz Abdullayev jurnalistlə normal rəftar etməli idi:

“Hər halda jurnalistlə rəftar qaydası var. Jurnalist hesabat istəyir, bunun cavabını konkret vermək lazımdır. Demək lazımdır ki, bu qədər qonaq var, bu qədər pul xərclənib. Bunu demək lazımdır. Burada çəkinəcək nə var ki? Jurnalisti hansısa formada təhqir etmək olmaz. Jurnalist sual verib, cavab almalıdır.

Məsələ burasındadır ki, Azərbaycan Yazıçılar Birliyi, Rəssamlar İttifaqı və bu kimi təşkilatlar bütövlükdə keçmiş sovet ənənəsinə uyğun şəkildə mövcudluğunu davam etdirir. Bu da təbiidir. Çünki alternativ yaradacaq qabiliyyətdə insanlar olmalıydı, amma olmadı. Hamı dedi-qodu, intriqa ilə məşğul oldu. Hər hansı bir gənc yazıçı öz yaradıcılığı ilə təkbaşına Yazıçılar Birliyinə çevrilə bilərdi. Bu olmadısa, təqsirkar ənənəni davam etdirən, yenilik istəməyən təbəqə deyil. Mən diqqət etdim ki, yazarların əksəriyyəti başını müsahibələrə, sosial şəbəkələrdə lətifə yazmağa qatdı. Belə olan halda insanları “niyə toplaşırsız?” deyə qınamaq olmaz. Bir sözlə, təlatümə səbəb olub, nəyisə dəyişə biləcək alternativlərin olmadığı yerdə həmişə mühafizəkar baxış üstünlük təşkil edir. Bu tip məsələləri intriqaya çevirməkdənsə, “niyə bizim cəmiyyəti silkələyəcək ədəbiyyatımız yoxdur?” sualını vermək lazımdır. Bu suala da yalnız Anardan, yaxud Çingiz Abdullayevdən, Elçindən cavab istəmək düzgün deyil. Bunu yeni nəsil ədəbiyyatçılardan soruşmaq lazımdır. Soruşmaq lazımdır ki, nə yaratdınız? Nə yaratdınız ki, onu qadağan etdilər? Məsələnin mahiyyəti budur”.

Parlamentari AYB-nin qurultayında yazıçı Anarın rəqiblərinin namizədliyini qəbul edilməməsinə də münasibət bildirib:

“Demokratiya naminə digərlərinin də namizədliyi qəbul edilməli, fikirləri dinlənilməli idi. Əksi olduqda fəsadlar daha pis olacaq. Onsuz da Anar seçiləcəkdi. Burada hər hansı problem görmürdüm. Açığı deyim ki, əslində yeni nəsildən Anar səviyyəsində bir yazarın meydanda olmadığı aydındır. Təbii ki, əvəzedilməz insan yoxdur. Ancaq orta nəsildən ədəbiyyatın ən azı təşkilatı yükünü daşıyacaq, yaradıcılıq azadlığı vəd edən, onun imkanlarını genişləndirən yazar olması vacibdir. Biz AYB-dən məşhur, dünyaca tanınmış yazıçı istəyirik. Ancaq belə olmamalıdır. Əslində Yazıçılar Birliyinin sədrinin vəzifəsi işi təşkil etmək, ədəbiyyatın problemlərini gündəmə gətirmək, problemləri həll etməkdir. Bununla da, ədəbiyyatın inkişafına töhfə vermək olar. Bunun üstündə durmalıyıq. Yoxsa ən istedadlı yazar ən məsuliyyətsiz adam da ola bilər. Onun fəaliyyətinin mənası olmaz. Lap tutaq ki, Yazıçılar Birliyinə ideal istənilən adam seçildi. Nə olacaq, ədəbiyyat yüksək səviyyədə inkişaf edəcək? Ədəbiyyatın inkişafına şərait yaradan mühitdir. Dövlət istəyirmi ki, ədəbiyyat daha azad, bədii zövqü oxşayan səviyyədə olsun?

Məsələn, sual verəndə ki, ədəbiyyatdan nə umursunuz, hamı deyir ki, zəfər qazanmışıq,ədəbiyyatda niyə bu yoxdur? Ədəbiyyatın problemi sovet vaxtında olduğu kimi hansısa prosesi tərənnüm etmək deyil axı. Yazıçının funksiyası insan zövqünü formalaşdırmaqdır. Mədəni, düşünən bir insan yetişdirmək, onu hazırlamaq üçün müəyyən dəyərlər aşılamaqdır. Bu yoxdursa, deməli problem var”.

Qeyd edək ki, AYB-nin qurultayı üçün ayrılan 203 min manatla bağlı sualı yazıçıya verməyi məhz AYB-nin sədri Anar Rzayev özü təklif edib. Belə ki, ilk olaraq həmin sual AYB sədrinə ünvanlanıb. Anar cavabında qeyd edib ki, maliyyə işləri ilə məhz Çingiz Abdullayev məşğul olur və bu suala cavab verə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR