İnsanlara hürriyət, millətlərə istiqlal!

Faşistlərin paradı

2117 09.05.2022 19:29 Yazarlar A A


“Mindik bir əlamətə,
Gedirik qiyamətə”
(Cem Qaraca)



Bəzi dini hədislərə görə Qiyamətin əlamətlərindən biri də belə olacaqdır: Şeytan əlində “Quran” kitabı ortada dolaşıb guya dini təbliğ edəcəkdir. Rusiya Federasiyasının 2022-ci ilin 9 may günü “Faşizm üzərində qələbənin ildönümünü” bayram kimi keçirməsi, Moskvada hərbi parad eləməsi təxminən o hədisi xatırladır. Hal-hazırda planetdə faşizmə uyğun 5-10 siyasi rejim qalıbsa, onun biri elə Rusiya dövlətidir. Bəs bunlar nə üzlə “faşizm üzərində qələbəni” qeyd edirlər?

Mən bunu demaqoqiya kimi yazmıram, sübut eləmək çətin deyil. Rəhmətlik italyan yazıçısı (Kamal Abdulla ona öz kitabını verəndən sonra dünyasını dəyişdi – paxıllıqdan) Umberto Ekonun “Faşizmin 14 əlaməti” adlı çox ünlü bir essesi var. Eko bu əlamətlərlə istənilən dövrdə faşistləri təyin edə biləcəyimizi göstərmişdi. 14 əlamətin hamısını yazmağa yerimiz yoxdur, bəzilərini sayaq: ənənə kultu - keçmişə kor pərəstiş; modernizmin inkarı; irrasionalizm – düşünmədən hərəkətin təbliği; tənqid – satqınlıq və xəyanətdir; “biz düşmənlərlə əhatə olunmuş müqəddəs qalada yaşayırıq” şüarçılığı; həyat yalnız mübarizə və savaşmaq üçündür, pasifizm, sülhə çağırış düşmən təbliğatıdır; populist elitarizm – “dövləti seçilmişlər, ən yaxşılar idarə edir, qalanları sözsüz tabe olmalıdır”; qəhrəmanlıq və ölüm kultunun təbliği (“vətən uğrunda ölmək lazımdır” şüarı – Putinin “biz şəhid olacağıq, onlarsa cəhənnəmə gedəcək” sözlərini xatırlayın – Z.H.); kişi mərkəzçi təbliğat, zəifliyin, qadınlığın alçaldılması, cinsi azlıqlara ən pis münasibət və sairə.

Əgər bugünkü Rusiyaya baxsaq, faşizmin bütün bu əlamətləri orda ən yuxarı səviyyədə özünə yer tapıb. Üstəlik, başqa dövlətlərə cinayətkar bəhanələrlə soxulmaq, xalqları qırğına vermək Putin rejimi üçün adi haldır. Bəs o zaman hansı “faşizm üzərində qələbədən” danışırıq? Faşizm yaşayır, vuruşur, canlar alır.

Bizim üçün nə fərqi var faşist alman dilində danışır, ya rus dilində? Azərbaycanı almanların xəyallarından neçə il qabaq Rusiya, SSRİ işğal etmişdi. SSRİ-də xalqların heç bir hüquq və azadlığı yox idi. Yalnız dəmir sərhəd hesabına o biabırçı imperiyanı 70 ilə yaxın sürdürə bildilər. SSRİ-nin sərhədi onu xarici müdaxilədən qorumaq üçün yox, camaatın xaricə qaçıb getməməsi üçün idi. Hitler milyonlarla insanın qanına bais idi, ancaq Stalinin neçə milyonun canını aldığı niyə unudulur? Əhməd Cavadı və Mikayıl Müşfiqi Göbbels öldürməyib. Krım tatarlarını, Ahıska türklərini, çeçenləri ölüm sürgününə almanlar göndərməmişdi. 20 yanvarda Bakıya, 1968-də Praqaya, 1956-da Budapeştə... girən də hitlerçilər deyildi.

Əslində hətta Sovetlər Birliyi də 9 mayın saxta pafoslu bayram olduğunu başa düşürdü və o üzdən bunu parad-filan şəklində qeyd etməyə yalnız 1965-ci ildə başlamışdılar. SSRİ-də müharibə veteranlarının real insani hörməti yox idi, onlar daha çox lətifə qəhrəmanları idilər, cavanlar dövlətə qoşulub veteranları ələ salırdılar. Bunu Vaqif Səmədoğlu 1980-lərdə yazdığı “Bəxt üzüyü” pyesindəki veteran obrazıyla əks etdirib. Sovet veteranı hətta uduzmuş alman veteranından yüz dəfə pis vəziyyətdə yaşayırdı. Təsəvvür edin, yalnız 1980-ci ildə SSRİ rəhbərliyinin nəhayət ağlına gəlmişdi ki, bəlkə veteranlara az-maz şərait yaradaq və nəticə olaraq karikatur qərarlar verilmişdi: “veteranların il ərzində əlavə iki həftəlik məzuniyyət hüququ olsun və evə telefon çəkdirmək istəsələr üstünlükləri tanınsın”.

Təsadüfi deyil ki, 1980-lərin sonunda iqtisadi vəziyyət ağırlaşanda qara bazarlar veteranların orden-medalları ilə dolu idi. Onlar bu yadigarları dəyər-dəyməzə, bir qarın yeməyə satırdılar.

Və onları bu kökə salan KGB rejiminin varisi olan Putin bu gün guya veteranları sevir...

Faşizm üzərində qələbəni monopoliyaya almaq da indiki Rusiyanın ən gülünc hərəkətlərindən biridir. Sanki o davada tək Azərbaycandan 300 min insan həlak olmayıb. Neftimizi sümürüblər, əvəzində şirniquş da verməyiblər. Qəhrəmanlarımızın adı da çox zaman qəsdən it-bata salınıb. Mehdi Hüseynzadənin igidliyini 1956-cı ildə bir partizanın xatirələrindən sonra etiraf etmişdilər. Fransa müqavimət hərəkatının qəhrəmanlarından olan Əhmədiyyə Cəbrayılovun üzərindən “vətən xaini” damğasını yalnız 1966-cı ildə, Fransa prezidenti Şarl de Qollun SSRİ səfəri zamanı götürmüş, layiq olduğu haqqı az-maz da olsa vermişdilər. Həzi Aslanov 2-ci dəfə Sovet İttifaqı Qəhrəmanı adını yalnız 1991-ci ildə ala bilmişdi. Erməni general Baqramyanın hoqqalarına görə. Belə faktlar saysız-hesabsızdır.

Faşizm üzərində qələbə hələ baş verməyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR