İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda terror ruzigarı: Paşinyan öldürülə bilər?

637 21.09.2023 13:37 Siyasət A A

Qərb Nikolu qoruyacaqmı? Siyasi şərhçi: “Buna ABŞ və müttəfiqləri imkan verməz...”

Gözlənildiyi kimi, Bakının Qarabağda başlatdığı, separatizmin kökünün kəsilməsini hədəfləyən lokal antiterror tədbirləri Ermənistandakı radikal-revanşist müxalifəti həvəsləndirib. Revanşist Ermənistan müxalifəti Paşinyan iqtidarına təzyiqləri artırıb, İrəvanın Respublika meydanında 19 sentyabrdan mitinqlər başlayıb.

Artıq aydındır ki, Rusiya Paşinyanın getməsini istəyir. Ən azından o, Vladimir Putinin həbsini mümkün edəcək Roma Statutunu ratifikasiya üçün parlamentə göndərdiyinə və Rusiyanı faktiki ABŞ-a satdığına görə.

Bəs revanşist müxalifət və radikallar Rusiyanın da dəstəyi ilə Nikol Paşinyanı hakimiyyətdən kənarlaşdıra və hakimiyyəti ələ keçirə bilərmi? Bu baş verərsə, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin (danışıqlarının) aqibəti necə olacaq? Nikol Paşinyan öldürülə bilərmi? Qərb, ABŞ onu qoruya biləcəkmi?

Abutalıb Səmədov: Bundan sonra da Azərbaycan Prezidenti, Müzəffər Ali Baş  Komandan İlham Əliyevin ətrafında sıx birləşməliyik

Abutalıb Səmədov

Siyasi şərhçi Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan dövlətinin öz ərazisi olan Qarabağda başladığı lokal antiterror tədbirlərinin Ermənistanda vəziyyəti kəskinləşdirəcəyi gözlənilən idi: “Revanşist müxalifətin Nikol Paşinyana etirazları elə ilk gündəcə başlanıb. Paşinyanı hakimiyyətdən güc yolu ilə uzaqlaşdırmaq cəhdləri göstərilir. Ancaq 19 sentyabrdakı etirazlar göstərdi ki, Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyənlər o qədər çox deyil və onların zorakı vasitələrlə baş nazir Paşinyanı yıxmaq imkanı demək olar ki, yoxdur.

Paşinyanı küçə etirazları ilə yıxa bilməyən qüvvələr onu fiziki aradan götürmək üçün planlar qura, cəhdlər edə bilərlər. Ancaq mitinqlərlə yıxa bilmədikləri kimi öldürmək cəhdlərinin də reallaşması mümkün görünmür. Üstəlik, aydındır ki, belə bir cəhdlərin baş tutmasına ABŞ və müttəfiqləri, o cümlədən Avropa İttifaqı imkan verməyəcək. Baxmayaraq ki, Rusiya Nikol Paşinyanın iqtidardan uzaqlaşdırılmasını istəyir, onun Rusiya ilə körpüləri yandırmasına, verdiyi bəyanatlara, Roma Statutunu təsdiq olunmaq üçün parlamentə göndərməsinə, həyat yoldaşı Anna Akopyanın Ukrayna səfərinə və s. addımlarına Moskvanın reaksiya verməməsi mümkün deyil. Lakin Paşinyanı cəzalandırmaq üçün onu hakimiyyətdən uzaqlaşdırmağa cəhd göstərmək imkanları məhduddur. Rusiyanın bu imkanları əvvəllər olduğu qədər böyük deyil".

Siyasi şərhçinin sözlərinə görə, İrəvan Ağsaqqallar Şurasına seçkilər də göstərdi ki, Rusiyanı dəstəkləyən namizədlərin Ermənistan paytaxtında elə də ciddi dəstəyi yoxdur. Ən əsası Rusiyanın əsas güvəndiyi namizəd Ruben Vardanyanın dəstəklədiyi Yaşamaq Üçün Ölkə Partiyası heç 4 faizlik baryeri keçə bilmədi: “Bu, bir daha onu göstərdi ki, Rusiyanın Ruben Vardanyanı Nikol Paşinyana qarşı qoymaq cəhdi fiaskoya uğrayıb, Ermənistan xalqı Ruben Vardanyanı qəbul etmir. Ona görə də əslində Ruben Vardanyanı artıq Cənubi Qafqazdan götürmək lazımdır. Götürə biləcəklərmi, o da çox ciddi sual altındadır. Ruben həbs olunacaq və Azərbaycan qanunlarını pozduğuna görə cavab verməli olacaq”.

A.Səmədov hesab edir ki, Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması mümkünsüz olduğuna görə Qarabağda baş verən hadisələr Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması prosesini bir az da sürətləndirəcək və bu ilin sonuna qədər sülh sazişi imazalnmasa da, gələn ilin birinci yarısında çox güman sənədi imzalamaq mümkün olacaq: “Həm Nikol Paşinyan, həm Ermənistan əhalisi, həm də bütövlükdə ermənilər dünən açıq şəkildə gördülər ki, Rusiya prosesdən kənarda durdu, Qərbin dəstəyi Azərbaycanı dayandırmaq üçün kifayət eləmədi. ABŞ dövlət katibi Entoni Blinkenin Paşinyana Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qorumaq vədi verməsi də onu göstərdi ki, həm ABŞ, həm Fransa, həm də İran yalnız bunu bacara bilər. Yəni Ermənistanın ərazi bütövlüyünü və sərhədlərin dəyişməyəcəyini söz verə bilərlər. Qarabağa müdaxilə imkanı nə İranın, nə də ABŞ və Fransanın imkanları daxilindədir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR