İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistana qarşı böyük təzminat davamız başlayır - məbləğ...

1912 16.08.2023 12:26 Siyasət A A

Hüquqşünas prosesi ləngidən obyektiv səbəblərdən danışdı

“Azərbaycan gözləyir ki, gələn ilin ortalarınadək Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində öz evlərini tərk etmiş azərbaycanlı qaçqın və məcburi köçkünlərin, həmçinin İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən dinc şəhərlərimizn bombalanmasının qurbanları olan vətəndaşlarımızın hüquqlarının bərpası məqsədilə Ermənistana qarşı dövlətlərarası şikayətin qəbul edilməsinə dair qərar verəcək”.

“Yeni Müsavat” xəbər verir ki, bunu Minval.az-a eksklüziv müsahibəsində Azərbaycanın AİHM-dəki nümayəndəsi, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov deyib.

“2021-ci ilin yanvarında Azərbaycan Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində öz evlərini tərk etmiş azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası məqsədilə AİHM-ə Ermənistana qarşı dövlətlərarası şikayət ərizəsi verib. Həmçinin İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin dinc şəhərlərimizi bombalaması nəticəsində zərər çəkmiş vətəndaşlarımızdan şikayətlər edilib,” - deyə hüquqşünas qeyd edib.

Onun sözlərinə görə, işğal altında olan ərazilərimizin azad edilməsi maddi ziyanın həcmini daha dəqiq müəyyən etməyə imkan verir. “İnsan hüquqlarının pozulmasına görə kompensasiya tələbinin verilməsi Avropa Məhkəməsində icraatın son mərhələsidir. Əminəm ki, o vaxta qədər biz maddi və mənəvi ziyanı, eləcə də dəymiş maddi ziyanın məbləğinin indeksləşdirilməsini nəzərə alaraq yekun rəqəmlə çıxış edəcəyik”.

Bəs təxminən hansı rəqəmdən (məbləğdən) söhbət gedir? İşğalçını böyük maddi təzminatlar ödəməyə vadar etmək üçün hazırlıq nə yerdədir? Prosesə təcrübəli əcnəbi vəkillər də cəlb olunubmu və nə qədər zaman alacaq? Ermənistana qarşı təzminat davamız 2025-ci ilədək yekunlaşa bilərmi?

Çingiz Qənizadənin oğluna yeni VƏZİFƏ VERİLDİ

 Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində Azərbaycana dəyən ziyanın maddi qiymətləndirilməsi prosesi davam edir. Bu proseslə paralel olaraq Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinə Ermənistana qarşı iddialar da hazırlayır və göndərir: “Ötən ilin payızında Azərbaycan Baş Prokurorluğu və Xarici İşlər Nazirliyi açıqlama yaydı ki, 1988-ci ildən indiyədək Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən Azərbaycana qarşı törədilmiş ekoloji cinayətlər nəticəsində 16,2 milyard manat məbləğində ziyan dəyib. Dəyən ziyan Qarabağda və Şərqi Zəngəzurda faydalı qazıntı yataqlarından qanunsuz istifadə, eləcə də ekoloji terror nəticəsində baş verib. Azərbaycan Baş Prokurorluğu tərəfindən 19 nəfər axtarışa verilib, habelə işğal olunmuş ərazilərdə qanunsuz iqtisadi fəaliyyətlə bağlı 166 hüquqi şəxs barəsində 35 ölkəyə hüquqi müraciətlər göndərilib.

Beləcə, işğal nəticəsində Azərbaycana ekoloji terror nəticəsində dəyən ilkin maddi ziyan bəlli olub. Əslində qat-qat böyük bir məbləğdən söhbət getməlidir və gedəcək. Çünki yüzlərlə yaşayış məntəqəmiz yerlə bir edilib. Göstərilən bu məbləğ  daha çox ekoloji terrorun nəticələri və təbii sərvətlərin qanunsuz istismarı ilə bağlı Ermənistanın Azərbaycan vurduğu zərərin məbləğidir. Əslində Ermənistan ordusunun və qanunsuz hərbi birləşmələrin Azərbaycana qarşı həyata keçirdiyi müharibə, terror nəticəsində Azərbaycana yüz milyardlarla dollar miqyasında zərər vurulub. Eyni zamanda minlərlə insanımız öldürülüb, şikəst edilib, itkin düşüb, 20-ci əsrin ən böyük müharibə cinayətlərindən olan Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilib. Bütün bunların maddi dəyəri məbləğlə, rəqəmlərlə ölçülə, ölçüyə gələ bilməz.

Həmçinin bəllidir ki, Azərbaycanın yüzlərlə kəndi, qəsəbəsi, şəhəri Ermənistan tərəfindən işğal zamanı darmadağın edilib, talan olunub, yüz minlərlə vətəndaşımızın mülkiyyəti məhv edilib, ermənilər tərəfindən qəsb edilib. Bütün bunlar isə yüz milyardlarla ölçülə biləcək zərərdir. Azərbaycan dövləti, müvafiq qurumlar bu istiqamətdə də araşdırmalarını davam etdirirlər. 44 günlük müharibənin başa çatmasından keçən bu müddət ərzində Azərbaycan kifayət qədər real addımlar atıb, Azərbaycana vurulmuş maddi, mənəvi zərərlərin qiymətləndirilməsi ilə bağlı ciddi işlər görülüb. Bununla bağlı beynəlxalq məhkəmələrdə Azərbaycanın haqq davasının qaldırılması istiqamətində addımlar atılıb. Beynəlxalq məhkəmələrdə Azərbaycan Ermənistana qarşı iddialar qaldırır və bu iddiaların təmin edilməsi istiqamətində bütün hüquqi prosedurlar ardıcıl olaraq həyata keçirilir.

Ermənistanın məhz işğal siyasəti nəticəsində Azərbaycana vurduğu maddi zərərlərin ödənilməsi ilə bağlı kifayət qədər əlimizdə hüquqi prosedurlar, əsaslar mövcuddur. Beynəlxalq hüququn imkan verdiyi müxtəlif konvensiyaların, məsələn, Cenevrə Konvensiyasının tələblərindən irəli gələrək Azərbaycan təzminatın ödənilməsi üçün mübarizəsini davam etdirib praktik nəticələr əldə etmək imkanına sahibdir. Eyni zamanda beynəlxalq təcrübə də imkan verir ki, indiyə qədər Ermənistanın törətdiyi və cəzasız qaldığı cinayətlərin beynəlxalq araşdırılması və real hüquqi qiymətinin verilərək İrəvanın təzminat ödəməsinə nail ola bilək. Beynəlxalq humanitar hüquq və Azərbaycanın mövcud qanunvericiliyi buna tamamilə imkan verir. Hesab edirəm ki, Azərbaycan bu imkanlardan istifadə etməklə Ermənistanı ciddi şəkildə cəzalandıracaq".

Hüquq müdafiəçisi bildirdi ki, Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycandan verilən iddialara baxması qanunun tələbidir: “Ancaq iddialara baxılan zaman qərarların nə olacağını dəqiq söyləmək mümkün deyil. Ermənistanın Azərbaycan ərazilərini işğalı nəticəsində Azərbaycanın dövlət əmlakına və vətəndaşların şəxsi əmlaklarına çox böyük zərərlər dəyib. Torpaqlamız azad edildikdən sonra Azərbaycana və onun vətəndaşlarına ermənilərin vurduğu maddi ziyanın miqyasının dəhşətli dərəcədə yüksək olduğu tam aydın oldu. Ermənistan Azərbaycan dövlətinə və vətəndaşlarına təzminat ödəməyə borcludur. Bunun üçün Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlar çıxarması lazımdır. Biz buna nail olmaq üçün çalışmalıyıq. Çingiz Əsgərovun dedikləri həqiqətdir. Azərbaycan tərəfi bu istiqamətdə ciddi işlər görür.

Hazırlıq məsələsi dedikdə çox güman Çingiz müəllim onu nəzərdə tutur ki, axı bizim işğaldan azad olunan ərazilərimizin hamısı minalardan təmizlənməyib və proses başa çatmadan həmin ərazilərdə məhv edilmiş, talan edilmiş əmlakların dəyərini dəqiq qiymləndirmək mümkün deyil. Avropa İnsan Hüquqları Məhkəməsi ədalətli məhkəmədirsə, Azərbaycanın sənədlərlə, sübutlarla qaldırdığı iddialar əsasında Ermənistana qarşı qərarlar çıxarmalıdır. Azərbaycanın iddialarına əslində operativ baxılmalıdır. Çünki bu, dövlətlərarası məsələdir. Ümid edirəm ki, Avropa Məhkəməsi iddialara baxılmasını gecikdirməyəcək. Bu, 2025-də də, 2026-da ola bilər. Ermənistanın cinayətlərinə mütləq qiymət verilməlidir". 

Etibar SEYİDAĞA,,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR