İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan yeni müharibəyə TƏHRİK EDİLİR:Aİ-nin hərbi yardımının ƏSL HƏDƏFİ – FOTOLAR

486 23.07.2024 12:40 Siyasət A A

22 iyul tarixində Avropa İttifaqı (Aİ) Şurası tərəfindən qəbul edilmiş qərara əsasən, “Avropa Sülh Fondu” çərçivəsində Ermənistana 10 milyon avro məbləğində hərbi yardım edilməsi nəzərdə tutulub. Azərbaycan Xarici İşlər Nazirliyi Aİ Şurasının bu qərarına dərhal reaksiya verib. Nazirliyin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Fransa tərəfindən Ermənistanın “Bastion” çoxməqsədli zirehli avtomobilləri və “Sezar” özüyeriyən artilleriya qurğuları ilə təchiz edilməsi istiqamətdə atılan addımlardan sonra, Aİ-nin Ermənistana hərbi yardım göndərməsi qərarı olduqca yanlış, təhlükəli addımdır və regionda gərginliyin artmasına xidmət edir. Onun sözlərinə görə, Aİ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır, bölgədə “bölücü xətlər” yaratmaq siyasətinin təzahürüdür.

 

Nazirlik rəsmisi deyib ki, Ermənistana sözügedən hərbi yardım və belə yardımın gələcəkdə artmasına çağırışlar Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hal-hazırda ərazi bütövlüyümüzə qarşı iddialardan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək. A.Hacızadə Aİ Şurası tərəfindən verilmiş bu qərara rəsmi Bakının qətiyyətlə etiraz etdiyini, göstəriləcək yardım barədə şəffaf şəkildə məlumatın açıqlanacağını gözlədiyini dilə gətirib. Qeyd edib ki, Aİ bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə töhfə verən bu kimi addımlara son qoymalı, bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını anlamalıdır. Əks təqdirdə, Ermənistanın sabitliyi pozan hər hansı mümkün təxribatına görə Aİ də məsuliyyəti bölüşəcək.

Siyasi şərhçi Aqşin Kərimov baş verənləri Medianews.az-a şərh edib. Onun sözlərinə görə, Aİ-nin İrəvana dəstək məqsədilə ayırdığı 10 milyon avroluq yardım paketi barədə rəsmi məlumatda qeyd olunub ki, Avropa Sülh Fondundan ayrılan yardım Ermənistan ordusunu maddi-texniki imkanlarını artırmaq, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir. Bundan başqa, məlumatda vurğulanıb ki, dəstək paketi həmçinin Ermənistanın mümkün əməliyyatlarda iştirakı halında onunla Aİ-nin bu ölkədə yerləşdirilmiş missiyası arasında qarşılıqlı fəaliyyəti sürətləndirmək və Ermənistanın dayanıqlılığını artırmaq məqsədi daşıyır.

A.Kərimov deyib ki, Aİ-nin Ermənistanla təhlükəsizlik münasibətlərini istiləşdirməsi regionda Qərblə qarşıdurmada olan Rusiyanın strateji sinir nöqtələrinə toxunur. Siyasi şərhçinin qənaətincə, Ermənistanın arsenalını Rusiya silahlarından təmizləyib Qərb silahları ilə əvəzləməsi Moskvanın regiondakı iştirakına qarşı ciddi siqnaldır: “Proses Avropa İttifaqı missiyasının möhkəmlənməsi fonunda Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasına doğru qərarların verilməsinə aparır. Rəsmi məlumatdan göründüyü kimi, pərdəarxasında Ermənistan mümkün hərbi əməliyyatlara hazırlaşdırılır. Bu halda Azərbaycan Rusiya ilə Ermənistan arasında başlana biləcək mümkün təhlükəli qarşıdurmanı yönləndirməlidir. Bunun üçün rəsmi Bakı regionda öz maraqlarına qarşı təhlükələri minimallaşdırmaqdan ötrü İrəvana qarşı təzyiq kampaniyasının hərbi elementlərini də nümayiş etdirə bilər”.

A.Kərimov söyləyib ki, əgər Aİ-dən Ermənistana ayrılan pullar sərhəddə Azərbaycana qarşı silah səslərinə çevrilərsə, Azərbaycan ümumi təhlükəsizlik və müdafiə siyasəti aparatını işə salaraq atəş nöqtələrini susdurmaq qərarlarını verəcək: “Hadisələrin Azərbaycan-Ermənistan sülh gündəliyinə mənfi təsirləri qaçılmazdır, lakin bunun danışıqları dayandırmaqla nəticələnəcəyini söyləmək olmaz. Nikol Paşinyanın İlham Əliyevlə Londonda nəzərdə tutulan görüş reqlamentindən qaçması Böyük Britaniyanın Cənubi Qafqazda Ermənistana dəstək olan Fransaya qarşı arxa kanallarda təzyiqlərini artıracaq. Çünki Avropa İttifaqından ayrılan yardım Fransanın xeyir-duası ilə mümkün olub və Paris regionda həm də Londonun maraqları ilə rəqabət aparır”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR