İnsanlara hürriyət, millətlərə istiqlal!

Dezinformasiyaya qarşı hazır “resept” varmı?

265 23.07.2024 13:26 Ölkə A A

Ekspert: “Bu hücumların dəf edilməsi üçün bir çox məsələlərin həllinə indidən başlamaq lazımdır”

Müasir informasiya mühitində dezinformasiyanın sürətlə yayılması inkişaf və qlobal sabitlik üçün ən əsas təhdidlərdən biri hesab edilə bilər. Texnologiyanın hər bir sahə üçün yaratdığı bir çox imkanlarla yanaşı, məlumat həcminin və kanallarının artması həm düzgün məlumatlandırma sistemlərinin formalaşdırılması, həm də istehlakçıların etibarlı məlumatı müəyyən etməsi ilə bağlı yeni yanaşma, alət və mexanizmləri gündəmə gətirir. 

“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda Şuşada keçirilən ikigünlük forumda 50-yə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumu qatıldı. Panel  iclaslarda dezinformasiyaya qarşı daha səmərəli fəaliyyət istiqamətləri üzərində fikir mübadilələri aparıldı. 

Forumundakı çıxışında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ölkəmizin uzun illər işğala məruz qaldığını, lakin xarici medianın onu başqa tərəfdən göstərdiyini diqqətə çatdırıb: “Bəzi xarici media orqanları bildirirdi ki, guya biz Ermənistana qarşı cinayət törətmişik, işğala məruz qalan onlardır. Lakin biz cidd-cəhdlə təkzib vasitələrini işə salmışdıq. Rəsmi bəyanatlar və mətbuat konfransları vasitəsilə düzgün məlumatı və həqiqəti dünyaya çatdırırdıq. Bizim media bu işdə çox böyük rol oynayıb”. 

Azərbaycanın dezinformasiyanın hədəfi olduğunu diqqətə çatdıran Prezidentin köməkçisi  onu da deyib ki, COP29-la bağlı da çox güclü dezinformasiya kampaniyası var: “Lakin biz öz işimizə inanırıq və mübarizəmizi davam etdiririk.  Biz ədalətli mövqeyimizə ədalətli dəstəyi də görürük”.

Elçin Mirzəbəyli: Zəfər Qurultayı Azərbaycan diasporunun tarixində yeni bir  mərhələnin başlanğıcıdır - AZƏRTAC

Elçin Mirzəbəyli 

Əməkdar jurnalist, siyasi şərhçi  Elçin Mirzəbəyli mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Şuşada keçirilən beynəlxalq media forum artıq qlobal miqyasda və diqqət mərkəzdə olan önəmli tədbirlərdən biri hesab oluna bilər: “Burada müxtəlif mövzularda açıq və detallı şəkildə müzakirələr aparmaq mümkündür. Ən önəmli faktorlardan biri də forumun işində Azərbaycan Prezidentinin iştirakı və dünyanın müxtəlif ölkələrini təmsil edən media nümayəndələrinin suallarına hərtərəfli cavab verməsi, beynəlxalq müstəvidə baş verən prosesləri detalları ilə təhlil etməsi və regionda, dünyada baş verən hadisələrlə bağlı ölkəmizin ədalətli mövqeyini diqqətə çatdırmasıdır. Builki tədbirin mövzusu da önəmli idi. Yalan məlumatlar, dezinformasiya Azərbaycanın ən çox əziyyət çəkdiyi bir problemdir. Həm torpaqlarımızın işğal altında olduğu zaman, həm də postmüharibə dövründə dünyanın bir sıra media resursları, ayrı-ayrı beynəlxalq təşkilatlar tərəfindən himayə olunan təsisatlar və onların media vasitəsilə ölkəmizə qarşı böhtan kampaniyası aparılıb. Bununla bağlı soyuq müharibə dövründən qalmış bəlli mexanizm var. Bu mexanizm bu gün də müxtəlif formalarda tətbiq olunmaqdadır. Şübhəsiz ki, ölkəmizə qarşı ayrı-ayrı təsisatlar tərəfindən, həmçinin onların media resurslarındakı təmsilçiləri tərəfindən bu proses həyata keçirilir. Dövlət başçısı da vurğuladı ki, Azərbaycana qarşı yalan və böhtan xarakterli kampaniyalar aparılır.  COP29 daha qlobal miqyaslı tədbir olduğu üçün dezinformasiya kampaniyası daha qlobal müstəvidə həyata keçirilir. Çünki Azərbaycana qarşı olan qüvvələr, ölkəmizin milli və müstəqil siyasi kursunun əleyhinə olan qüvvələr  bu tədbirin yüksək səviyyədə keçməsini arzulamırlar. Eyni zamanda onu da istəmirlər ki, uydurduqları yalanlar və dövriyyəyə buraxdığı dezinformasiyalar Azərbaycana gələn media nümayəndələrinin gözü qarşısında tamamilə iflasa uğrasın. Şübhəsiz, Azərbaycan öz mövqeyini davam etdirir. Necə ki, 44 günlük müharibədə Azərbaycan Prezidenti ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyalarını təkbaşına darmadağın etmişdi. Şübhəm yoxdur ki, bu cür kampaniyalara qoşulmaq istəyən istənilən ölkə və onun nümayəndəlikləri iflasa uğrayacaqlar. Çünki Azərbaycana qarşı beynəlxalq müstəvidə də dəstək günü-gündən daha çox güclənir”.  

Rəsul Mirhəşimli - 55

Rəsul Mirhəşimli

Araşdırmaçı jurnalist Rəsul Mirhəşimli də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib: “Hələ müharibənin lap əvvəlindən dünyanın bir çox media orqanlarında Azərbaycana qarşı qərəzli və ədalətsiz münasibətin şahidi olmuşuq. Həmin ədalətsiz və obyektivlikdən kənar münasibəti 44 günlük Qarabağ savaşı zamanı da gördük.  Elə müharibə zamanı Azərbaycan Prezidentindən müsahibə alan bəzi xarici jurnalistlərin özlərini prokuror kimi aparması media peşəkarlığı və obyektivlikdən uzaq davranış idi. Jurnalist özünə lazım olan suallara cavab axtarmağa və onu almağa çalışar, özünü ittihamçı kimi aparmaz. Bu münasibət həmin jurnalistlərin hansısa dairələrin sifarişini yerinə yetirdiyini göstərir.

Azərbaycan dezinformasiyaların hədəfinə bundan sonra da məruz qalacaq. Bu hücumların dəf edilməsi üçün bir çox məsələlərin həllinə bu başdan başlamaq lazımdır. Dünya miqyasına çıxa biləcək, bir çox dillərdə peşəkar yayım edə bilən medianın inkişafına yardım etmək lazımdır. Bu işdə uzun illərin peşəkar təcrübəsi olan jurnalistlərin yardımından istifadə etmək, onların fəaliyyətinə geniş imkanlar yaratmaq lazımdır". 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR