İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan və Türkiyə sərhədləri açır və diplomatik münasibətləri bərpa edirmi - ilginc gəlişmə

1089 05.05.2022 09:30 Gündəm A A

Məlumata görə, iki ölkə ilkin şərt olmadan normallaşma prosesini davam etdirmək barədə razılığa gəlib; ermənilər üçün tarixi şans yaranıb

Türklük günündə - mayın 3-də Türkiyə və Ermənistanın rəsmi şəxsləri arasında cari il ərzində sayca üçüncü görüş baş tutub. Budəfəki görüş Türkiyə təmsilçisi Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında Avstriyanın paytaxtı Vyana şəhərində keçirilib. Rəsmi açıqlamada qeyd olunur ki, görüş çərçivəsində tərəflər səmimi şəkildə ətraflı fikir mübadiləsi aparıb. Həmçinin normallaşma prosesinin sürətləndirilməsi üçün danışıqların intensivləşdirilməsi barədə birgə razılığa gəlinib.

Türkiyə XİN Ermənistanla normallaşma prosesi haqqında bəyanat yayıb. “Türkiyə və Ermənistan nümayəndələri normallaşma prosesi üçün müəyyən olunmuş hədəfləri bir daha təsdiq edib” - Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir. Qeyd olunur ki, nümayəndələr bu proses vasitəsilə iki ölkə arasında tam normallaşmaya nail olmaq kimi daha əvvəl elan edilmiş məqsədi təsdiqləyiblər. “Bu kontekstdə konkret fikirlər ətrafında səmimi və konstruktiv fikir mübadiləsi aparılıb, bu istiqamətdə irəliləyiş üçün atıla biləcək mümkün addımlar müzakirə olunub. Xüsusi nümayəndələr prosesi ilkin şərt olmadan davam etdirməyə razılıqlarını bir daha təkrarladılar”, - deyə bəyanatda deyilir.

İlk dəfə Türkiyə və Ermənistan rəsmiləri bu ilin ilk ayında bir araya gəlmişdilər. Ermənistanın təcavüzkar siyasəti və Türkiyəyə qarşı saxta “soyqırım” iddiaları bu ölkəni dalanda saxlamaqla yanaşı, onun üçün nicat qapısı olan Türkiyə ilə əlaqələrinə də son qoymuşdu. 44 günlük müharibədən sonra Türkiyə və Azərbaycan liderləri 3+3 formatı çərçivəsində Ermənistana da şans tanıdı. Bundan sonra İrəvandan eşidilən bəzi konstruktiv yanaşmalar münasibətlərin normallaşması üçün zəmin hazırladı. Düzdür, Paşinyan hökuməti vaxtaşırı ziddiyyətli açıqlamaları ilə geridönüşə səy göstərir. Eyni zamanda Ermənistanda revanşistlərin aksiyalara başlaması, Türkiyə və Azərbaycan bayraqlarının yandırılması, hətta Paşinyanın “türk” adlandırılması kimi absurd iddialar ermənilərin dalandan və uçurumun dibindən çıxmasını əngəlləyə bilər. Amma mayın 2-də Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdü ki, bu da Bakı-İrəvan münasibətlərinin tənzimlənməsi baxımından növbəti addımdır. Azərbaycan və Türkiyə rəsmilərinin Ermənistan təmsilçiləri ilə artıq birbaşa görüşlərə üstünlük verməsi də diqqət çəkir. Münasibətlərin normallaşması istiqamətində qətiyyətli addımlar tələb olunur ki, Ermənistan da bunu anlamalıdır.

Bu baxımdan Türkiyə və Ermənistan təmsilçilərinin bir araya gəlməsi təqdir olunur. Qeyd etdiyimiz kimi, bu, xüsusi nümayəndələr arasında üçüncü görüşdür. Amma suallar da çoxdur, xüsusilə də İrəvanın ziddiyyətli davranışlarının fonunda. Elə isə adına normallaşma prosesi deyilən bu gəlişmə nədir, burada nələr nəzərdə tutulur? Hesab etmək olarmı ki, Türkiyə artıq Ermənistanla sərhədi açır, diplomatik münasibətləri bərpa edir? Qeyd edək ki, prezident Ərdoğan son 1.5 ildə Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması mövzusunda şərtlərini açıqlayıb. Onlardan bir neçəsini xatırladaq: Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olmayacaq; Azərbaycanın yerdə qalan torpaqlarından öz silahlı dəstələrini çıxaracaq; Türkiyəyə və Azərbaycana qarşı ərazi iddialarından əl çəkəcək; “Soyqırım” iddiasından imtina edəcək.

Elə isə bu şərtlər iki ölkə arasındakı normallaşma prosesində qüvvədə qalacaqmı, yoxsa ilkin şərt irəli sürülmədən dedikdə həmin şərtlər aradan qalxacaq? Bakı və Ankara razılaşdırılmış siyasət yürüdür, vaxtaşırı koordinasiyalı fəaliyyəti təsdiqləyən fəaliyyət də bunun sübutudur. Maraqlıdır, Azərbaycan Ermənistanla Türkiyə arasında başlayan və irəliləyən sürəc haqda nə qədər bilgilidir, Ankara Bakını kursda saxlayırmı bu danışıqlar haqda? Bu mənada rahatsız olmağa hər hansı əsas varmı? Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması Azərbaycan üçün hansı perspektiv yaradır? Ümumiyyətlə, bu danışıqlar sülh prosesini tezləşdirirmi?

Ceyhun Məmmədov: “Ən böyük arzum müəllim olmaq idi” - AzEdu.az AZƏRBAYCAN  TƏHSİL PORTALI

Deputat: “Bütün hallarda koordinasiyalı danışıqların davam etdirilməsi çox önəmlidir”

“Öncə qeyd etməliyik ki, bölgəyə sülhün gəlməsi üçün Türkiyə-Ermənistan danışıqları olduqca önəmlidir. Bu gün bölgədə təhlükəsizliyə əsas təhdid yaradan ölkələrdən biri Ermənistandır”.

Deputat Ceyhun Məmmədov bu fikirləri “Yeni Müsavat”a açıqlamasında söylədi. Millət vəkilinin sözlərinə görə, hazırda Türkiyə və Azərbaycan Ermənistanın konstruktiv mövqe nümayiş etdirməsi üçün davamlı səylər göstərirlər: “Hazırda danışıqlar koordinasiyalı şəkildə həyata keçirilir, Azərbaycanla Türkiyənin xarici siyasəti bir çox məqamlarda üst-üstə düşür. Bu baxımdan Vyanadakı növbəti görüş və əldə olunan nəticələr önəmlidir. Ancaq ilkin şərtlər olmadan danışıqların aparılması məsələsinə gəlincə, hesab edirəm burada bir çox məqamlar ciddi nəzərə alınmalıdır və yəqin ki, dost və qardaş Türkiyə tərəfi bunu nəzərə alır”. C.Məmmədov qeyd etdi ki, məlum olduğu kimi, Türkiyə prezidenti son 1.5 ildə Türkiyənin Ermənistanla münasibətlərin normallaşması mövzusunda şərtlərini açıqlayıb: “Həmin şərtlər bunlardır: Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olmayacaq; Azərbaycanın yerdə qalan torpaqlarından öz silahlı dəstələrini çıxaracaq; Türkiyəyə və Azərbaycana qarşı ərazi iddialarından əl çəkəcək; soyqırım iddiasından imtina edəcək. Belə olduğu təqdirdə haqlı olaraq belə bir sual yaranır: Həmin şərtlər iki ölkə arasındakı normallaşma prosesində qüvvədə qalacaqmı? Yoxsa ilkin şərt irəli sürülmədən dedikdə həmin şərtlər aradan qalxacaq? İlkin şərtlər olmadan dedikdə əsas hədəf və məqsəd kimi prosesə başlanılması və Ermənistanın prosesə cəlbi nəzərdə tutulursa, bu, başqa məsələ. Ancaq yuxarıda qeyd olunan şərtlər nəzərə alınmırsa, bu barədə ciddi düşünməliyik”. Millət vəkili qeyd etdi ki, hazırda Ermənistan öz “ənənələrinə” sadiq qalaraq bir gün danışıqlar prosesini pozacaq bəyanatlar verir: “Məsələyə ümumi yanaşdıqda bu məsələyə ən doğru qiyməti Prezident İlham Əliyev verib. O qeyd etmişdi ki, istənilən halda Ermənistan üçün sülh müqaviləsi kağız parçasından başqa bir şey olmayacaq. Ermənistan bunu dəfələrlə törətdiyi təxribatlarla sübut edib. Elə etməliyik ki, yekunda proses əleyhimizə işləməsin. Ancaq bütün hallarda koordinasiyalı danışıqların davam etdirilməsi çox önəmlidir”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Politoloq: “Paşinyan bu şansı qaçırmamaq üçün tələsməlidir”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Ermənistanın Türkiyənin şərtlərini yerinə yetirməsinə dair məlumatlar yoxdur: “Buna baxmayaraq, Ankara İrəvanla diaqlou davam etdirməkdə qərarlıdır. Bu Azərbaycanın da maraqlarına uyğundur. Ankara İrəvanla davam etdirdiyi dialoqu Bakı ilə müzakirə edir. Azərbaycan hakimiyyəti danışıqların detallarından məlumatlıdır. Ermənistan hakimiyyəti anlayır ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması hər iki ölkənin ərazi bütövlüyünü tanınmasından keçir. Ermənistanın baş naziri Nikol Paşinyan bu qərarı verməyə hazırdır, sadəcə, Rusiyanın və Moskvanın Ermənistandakı əlaltılarının təzyiqindən ehtiyat edir. Əgər radikallar Paşinyanı devirməsələr, Ermənistanın baş naziri həm Azərbaycanın, həm də Türkiyənin ərazi bütövlüyünü tanıyacaq”. E.Şahinoğlunun qənaətincə, Paşinyan Türkiyə ilə münasibətlərdə “eməni soyqırımı” iddiasını irəli sürməyəcək: “O, bunu erməni lobbisinin məsələsi sayaraq bu yükdən qurtulmaq istəyir. Zəngəzur dəhlizinə gəldikdə, Ankara İrəvanla münasibətləri normallaşdırmaq üçün bunu ilkin şərt kimi irəli sürmür. İrəvan Ankara və Bakı ilə münasibətləri normallaşdırmağa qərar verəcəyi halda, dəhlizin açılmasına əngəl qalmayacaq. Bu məsələnin yubanması Ermənistanın özünə zərər verəcək. Azərbaycan kiçik məsafəli dəhlizi İran üzərindən çəkəcək və Naxçıvan üzərindən Türkiyəyə yeni çıxış imkanı qazanacaq, Ermənistan prosesin kənarında qalacaq”. Politoloq bildirdi ki, hazırda Paşinyan seçim qarşısındadır: “Türkiyənin Ermənistanla davamlı dialoqu ABŞ-la Avropa İttifaqının da maraqlarına uyğundur. Bu dialoq Ankara ilə Vaşinqton və Brüssel arasında münasibətlər baxımından da faydalıdır. Bu dialoqu əngəlləmək istəyən qüvvələr də bəllidir. Bu, erməni lobbisi, Ermənistandakı ”Qarabağ klanı" və Rusiyadakı mərkəzlərdir. Ancaq Paşinyan qətiyyət nümayiş etdirərsə, Qərbdən aldığı siyasi və maliyyə dəstəyi sayəsində həm Azərbaycan, həm də Türkiyə ilə münasibətləri normallaşdırmaq imkanı qazana bilər. O, bu şansı qaçırmamaq üçün tələsməlidir".

Maraqlıdır, Rusiya 2009-cu ilin Sürix protokollarını pozmağa nail olduğu kimi - əslində yaxşı ki, nəticə belə oldu - indi də eyni ssenarini işə sala bilərmi?

Elxan Şahinoğlu belə güman etmir: “Rusiyanın bu işi pozmaq resursları getdikcə azalır. Keçmiş illərdən fərqli olaraq bölgədə Türkiyə və Avropa İttifaqının rolu artıb. Üstəgəl, Amerika da fəallığını artırıb. Azərbaycan da Ermənistanı tələsdirir. Nə qədər ki, Rusiya Ukraynada işğalçı müharibəni davam etdirir, başqa istiqamətlərdə dağıdıcılıq fəaliyyəti aparmaq üçün kifayət qədər resursları yoxdur”.

Politoloq Tural İsmayılov isə bu fikirdədir ki, Türkiyə hər zaman Ermənistanla münasibətlərdə dürüst nöqteyi-nəzərdən iştirak edib: “Bu günə qədər Türkiyə heç bir formada Ermənistanı təhdid etməyib. Eyni zamanda Ermənistanın beynəlxalq hüquqla tanınan ərazilərinə qarşı Türkiyədən heç bir siyasi iddia səslənməyib. Türkiyə Azərbaycan torpaqlarının işğalı faktoruna görə Ermənistanla sərhədləri qapatmışdı. Azərbaycanın Ermənistanı sülhə çağırdığı indiki geopolitik münasibətlər sistemində Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq cəhdləri də gözləniləndir. Bu proses Azərbaycanın da maraqlarına cavab verir. Azərbaycan Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq cəhdlərini dəstəkləyir. Nəzərə almaq lazımdır ki, Ermənistan forpost kimi daim xarici güclərin oyuncağı olub, bu baxımdan indiki halda Ermənistanla münasibətləri inkişaf etdirmək həm Azərbaycanın, həm də Türkiyənin maraqlarına uyğundur”.

Artıq erməni vəhşiliyini bütün dünya görməlidir” – Tural İsmayılov

Tural İsmayılov 

T.İsmayılov hesab edir ki, biz digər dövlətlərin Ermənistana təsir imkanlarını minimallaşdırmalıyıq: “Ermənistan bundan sonra heç bir təxribat etməsə, Azərbaycanla delimitasiya və demarkasiyadan sonra Türkiyə ilə sərhədlər açılacaq. Diplomatik münasibətlər artıq bərpa edilib. Düşünürəm ki, yaxın tarixdə iki ölkə siyasi xadimlərinin qarşılıqlı səfərləri də mümkündür. Münasibətlərin düzəlməsi qondarma ”soyqırım" ətrafındakı siyasi şouları da səngidəcək. Diasporanın erməni hakimiyyətinə təsir imkanları zəifləyəcək. Azərbaycanın razılığı ilə Türkiyə Ermənistanla danışıqlar aparır. Burada ölkəmizin mövqeyi Türkiyə üçün prinsipial əhəmiyyətə malikdir. Türkiyə Ermənistana nə qədər çox təsir etsə, Azərbaycana qarşı Ermənistan düşmənçiliyi də səngiyə bilər".

 Amma müşahidələr göstərir ki, nə Bakının, nə də Ankaranın İrəvanla birbaşa dialoqu, on illərlə davam edən düşmənçilik münasibətləri bəzi mərkəzlər üçün sərfəli deyil, onlar gərginliyi tətikləmək üçün fürsət gəzirlər. Odur ki, elə də asan olmayacaq, amma ermənilərdə və Ermənistanda ağıl olsa, fürsəti dəyərləndirər, Türklə dostluq tarix boyunca fayda gətirib.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR