İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Rusiyanı Qərblə şantaj edir - nəticə və fəsadları nə olacaq...

944 08.09.2023 08:12 Siyasət A A

Ermənistan ABŞ-la birgə hərbi təlimlər keçirəcək. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, “EAGLE PARTNER-2023" təlimləri 11-20 sentyabrda Ermənistanda baş tutacaq.

“Beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində 11-20 sentyabr tarixlərində Ermənistanda, sülhməramlı briqadanın "Zar" və Müdafiə Nazirliyinin N saylı təlim mərkəzlərində EAGLE PARTNER 2023 erməni-amerikan birgə təlimləri keçiriləcək", - nazirliyin məlumatında deyilir.

Ermənistan bu informasiyanı yayandan az sonra Kremldən reaksiya gəldi.

Kremlin sözçüsü Dmitri Peskov açıqlamasında bildirib ki, Ermənistan-ABŞ təlimlərinin keçirilməsi ilə bağlı məlumat ehtiyatlılıq tələb edir: “Təlimlərlə bağlı bu cür xəbərlər təbii ki, xüsusilə indiki vəziyyətdə sayıqlıq doğurur. Ona görə də biz bu xəbəri dərindən təhlil edib vəziyyəti izləyəcəyik”, - deyə Kremlin sözçüsü vurğulayıb.

“Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın səbrini sınamağa başlayır”.

Bunu isə Rusiya Prezidenti yanında Beynəlxalq Münasibətlər Şurasının üzvü, politoloq Boqdan Bezpalko “RİA Novosti”yə müsahibəsində bildirib. Onun sözlərinə görə, Ermənistanın ABŞ-la birgə təlimlər keçirmək planları nümayişkaranə bir addımdır və İrəvanın Qərbə istiqamətlənməyə çalışdığını göstərir.

Bezpalko qeyd edib ki, Paşinyan ölkəsi ilə Rusiya arasında müttəfiqlik münasibətləri fonunda qəbuledilməz olan bir sıra nümayişkaranə addımlar atır və bununla da Rusiyanın səbrini sınamağa başlayır. Atılan addımlar da öz növbəsində Ermənistan rəhbərliyinin Rusiya ilə münasibətləri pozmaq istədiyinin əyani sübutudur.

Rusiyalı politoloqun fikrincə, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməsi riski var.

Qeyd edək ki, Paşinyan bir neçə gün öncə “La Republika”ya müsahibəsində də Rusiyanı konkret şantaj etmişdi və bundan sonra Kreml Ermənistana münasibətdə qəzəbli açıqlamalar sərgiləyir.

Bunun ardınca isə Ermənistan faktiki olaraq ABŞ-la birgə təlimlər keçirməklə, Qərbə üz tutmaq mesajını verir və beləliklə, Rusiyanı şantaj edir. Məqsəd nədir? Ermənistan Rusiyadan nə ala bilmir ki, bu cür davranışa keçir? Və bunun fəsadları, nəticəsi nə ola bilər?

Fikrət Yusifov İctimai Nəzarət Mərkəzinin icraçı direktoru seçilib

Fikrət Yusifov: “Qərb rusları Cənubi Qafqazdan qovmaq üçün ermənilərdən bir alət kimi istifadə etmək istəyir”

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov Rusiya tərəfinin Ermənistanın hazırkı mövqeyindən şoka düşdüyünü söylədi: “Bu gün Rusiya ilə Ermənistan arasında baş verənlərə bir qədər tarixi kontekstdə yanaşmaq tam yerinə düşərdi. Rusiya artıq bir neçə ildir ki, onun "sözünə baxmayan" Ermənistan baş naziri Nikol Paşinyanı vəzifəsindən uzaqlaşdırmaq istəyir. Lakin zaman dəyişib, indi ermənilər Rusiyanın Ermənistana müstəqil dövlət kimi deyil, vaxtilə bu ərazilərdə özünün yaratdığı bir alət kimi baxmasını qəbul etmək istəmirlər. Bunun belə olduğunu sübut edən ən böyük fakt odur ki, 44 günlük Qarabağ savaşında utancverici, acınacaqlı bir məğlubiyyətdən dərhal sonra keçirilən seçkilərdə erməni çoxluğu yenidən Nikol Paşinyana səs verdi. Rusiya bunu həzm edə bilmir. Rusiyanın tarix boyu işlətdiyi və artıq zamanla ayaqlaşmayan paslı gedişlərini nəinki ermənilər, Cənubi Qafqazda heç bir ölkə qəbul etmir. Bir sözlə, vaxtilə rusların müsəlman Osmanlı ilə İran sərhədlərində olan Azərbaycan torpaqlarında bufer zona (alət kimi) kimi yaratdıqları Ermənistan adlı bir kukla dövlət indi Rusiyaya meydan oxuyur. Ruslar şokdadır, Ermənistanın baş naziri Nikol Paşinyanın xarici ölkə mətbuatına bugünlərdə verdiyi müsahibə zamanı səsləndirdiyi “Rusiya Cənubi Qafqazı tərk edəcək” kimi fikirləri həzm edə bilmirlər. Rusiyanın söz sahibləri bir-birinin ardınca Ermənistana qarşı hədə dolu bəyanatlar səsləndirirlər, hətta ona Ukraynanın taleyinə baxmağı təklif edirlər.

Bax belə. Bəs vaxtilə xislətinə yaxşı bələd olduğunuz bir milləti İrandan Azərbaycan torpaqlarına köçürmək kimi alçaq bir layihəni reallaşdırarkən anlamırdınız ki, bu çanaq bir gün öz başınızda çatlayacaq? Bizdə bir yaxşı atalar məsəli var, “nə tökərsən aşına, o da çıxar qaşığına”. Siz ruslar 1828-ci il Türkmənçay müqaviləsindən sonra İrandan erməni ailələrini Qarabağ torpaqlarımıza köçürmək planını necə reallaşdırdınız? Bundan bir il öncə mövcud olmuş, Rusiyadan 80 min rus kazakının Şimali Azərbaycana köçürülməsinə dair mənfur planınızı daha murdar bir planla necə əvəzlədiniz - yəni bizim torpaqlara rus kazaklarının yerinə erməniləri köçürmək qərarına necə gəldiniz? Bu addımı atmaqda sizə əsas verən başlıca səbəb ermənilərin satqın və şərəfsiz bir millət olduğunu bilməyiniz idi. Cənubi Qafqazda iki müsəlman dövləti olan Osmanlı və İranla sərhəddə ermənilərdən ibarət bufer zonanın yaradılmasının müəllifi və bilavasitə icraçısı olmuş gorbagor Qriboyedov o dövrdə rus çarına yazırdı: “Əlahəzrət, heç bir vəchlə mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verməyin. Onlar elə tayfadır ki, bir neçə on il yaşadıqdan sonra həmin yerləri öz mülkiyyətlərinə çevirəcək və dünyaya hay-küy salacaqlar ki, bura bizim qədim dədə-baba torpağımızdır...” Azərbaycan artıq uzun illərdir ki, Qarabağ torpaqlarımızda Rusiyanın vaxtilə reallaşdırdığu bu mənfur layihənin yaratdığı həmin problemlə üz-üzədir. Ermənilər bu torpaqlara yerləşdikdən sonra Qarabağın onlara məxsus olduğunu iddia edərək dəfələrlə hay-küy salıblar".

Sabiq nazir Amerika ilə Ermənistanın 11-20 sentyabr aralığında İrəvanda keçirəcəkləri birgə hərbi təlimlərə də toxundu: “Bu gün ermənilər ABŞ-la birgə hərbi təlim keçirmək və Rusiyanı regiondan qovmaq kimi bir missiyanı reallaşdırmaq istəyirlər. Ən doğru olan da budur. İnsanın pis əməlləri sonda onun özünə qayıtdığı kimi, dövlətlərin də bəd əməlləri sonda onların özünə qayıdır. Bu gün Qərb rusları Cənubi Qafqazdan qovmaq üçün ermənilərdən bir alət kimi istifadə etmək istəyir. Burada nə var ki? Bir millət mahiyyət etibarilə alətdirsə, onun kimin əlində olmasının nə fərqi var.

Ermənilərin Rusiya aqressiyasının kökündə Qarabağ münaqişəsində Rusiyanın Ermənistanın istəklərini sona qədər icra etməməsi dayanır. Ermənilər başa düşmək istəmirlər ki, Rusiya Qarabağa “sülhməramlıları” oradakı erməni toplumunu qorumaq üçün yerləşdirməyib. Rusların bu regionda mövcudluğunun başlıca məqsədi Asiya qitəsində yerləşən və böyük bir hissəsi indiki Rusiya ərazisində olan Türk dünyası ilə Türkiyənin birbaşa əlaqəsinin qarşısına sədd çəkməkdir. Məsələ budur. Moskva Türkiyə ilə Türk dünyası arasında birbaşa əlaqənin yaradılmasının hansı fəsadlarının olacağından əndişəlidir. Onlara Qarabağdakı ermənilər lazım deyil. Qarabağ torpaqlarımızda yaşayan ermənilər də bu gün bütün tarix boyu olduğu kimi rusların əlində bir alətdir".

Bəhruz Məhərrəmov yeni hakim təyinatlarına münasibət bildirdi

Bəhruz Məhərrəmov: “Azərbaycanın regionda yaratdığı reallıq dəyişməyəcək”

Deputat Bəhruz Məhərrəmov isə hər kəsin Azərbaycanın regionda yaratdığı reallıqlarla barışacağını deyir: “Dövlətçilik tarixi olmadığı və regiona konkret konsepsiyanın tərkib hissəsi kimi köçürüldükləri üçün ermənilər onları alət kimi istifadə edən gücləri özlərinə borclu hesab edir. O cümlədən də Rusiyanı. Üstəlik, bu təfəkkürlə yanaşaraq yaxın tarixin müxtəlif dövrlərində, xüsusən son yüz ildə Azərbaycanın hesabına əhəmiyyətli ölçüdə torpaqlar əldə ediblər. SSRİ dağıldıqdan sonra isə Rusiyanın hərbi-siyasi dəstəyi hesabına İrəvan ciddi şəkildə silahlanaraq 30 illik işğal status-kvosu yarada bildi. Erməni xalqı əmin idi ki, İkinci Qarabağ savaşında Rusiya ermənilərin yerinə döyüşərək işğal ərazisini Kür sahillərinə qədər genişlədə biləcək. Ermənistanın keçmiş müdafiə naziri bunu gizlətmirdi də. Lakin Azərbaycanın şanlı qələbəsi, Azərbaycan liderinin balanslı və çoxşaxəli diplomatik gedişləri Rusiya amilini regionda neytrallaşdırdı. Moskva hərbi dəstəyini əsirgəməsə də, siyasi cəhətdən balansı qorumalı oldu. İrəvan isə rus əsgərinin, KTMT ordusunun onların hesabına döyüşməsini arzulayırdı.

Ümumiyyətlə, Qərbin marioneti Paşinyanın dövlət çevrilişi ilə hakimiyyətə gəlməsinin ardınca kifayət qədər soyuq olan İrəvan-Moskva münasibətləri 44 günlük savaşdan sonra daha da geriləməyə başladı. Paşinyan Qərblə, daha çox isə ABŞ-lə yaxınlaşmaqla Rusiya proteksiyasından Vaşinqtona sığınmağı hədəfləyən açıq gedişlər etməyə başladı. Təbii ki, Rusiyanın Ermənistanda mövcud gücü inkar edilə bilməz. Lakin görünən odur ki, pərdəarxası təmaslarda aldığı təminat Paşinyana anti-Rusiya ritorikasında cəsarət yetir. Ərazisində rus hərbi bazası olan, sərhədləri Rusiya sərhədçiləri tərəfindən qorunan Ermənistanın ABŞ-la birgə hərbi təlimləri isə artıq Moskvaya meydan oxumaqdır. Rusiyadan gələn siqnallar da göstərir ki, şimal qonşumuz Paşinyanı bağışlamaq niyyətində deyil. Köçəryan-Sərkisyan qruplaşmasının aktivləşməsi də bununla bağlıdır.

Təbii ki, baş verənlər Ermənistanın daxili işidir, lakin bir reallıq unudulmamalıdır ki, Ermənistanda hansı dəyişikliyin baş verməsindən asılı olmayaraq Azərbaycanın regionda yaratdığı reallıq dəyişməyəcək".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR