İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Rusiyadan qopacaqmı...

1266 25.10.2022 09:30 Yazarlar A A

Ermənistan-Rusiya münasibətləri gec-tez müzakirə və mübahisə predmeti olmalı idi. Hələ İkinci Qarabağ savaşından əvvəl yazmışdıq ki, tezliklə İrəvan-Moskva münasibətlərində “çat” yaranacaq.

Bunun birinci səbəbi budur ki, Ermənistan Rusiyanın Cənubi Qafqaz siyasətini bütünlüklə öz maraqlarına tabe etmək istəyir və bunun üçün hətta arabir İsrail - ABŞ münasibətlərini də misal gətirir: guya ki, Vaşinqton bütün məsələlərdə qeyd - şərtsiz Təl-Əvivi müdafiə edir. Əlbəttə ki, belə deyil. ABŞ çox böyük dövlətdir və regionun digər dövlətlərilə münasibətlər heç də onun üçün az əhəmiyyət kəsb edir.

Eyni sözləri Rusiya haqqında da demək olar. Cənubi Qafqazın canı və ürəyi Azərbaycandır və onun üçün də Moskva özünün regional siyasətində Bakı üçün də yer saxlayır, özü də kifayət qədər tutumlu bir yer saxlayır. Kremldə başa düşdülər ki, Bakı daim Rusiyanın geosiyasi maraqlarını nəzərə aldığı və etibarlı tərəfdaş olduğu üçün Moskva da öz siyasətində bunu nəzərə almalı, Azərbaycanın tələblərinin ən azı bir hissəsini yerinə yetirməlidir. Biz buna İkinci Qarabağ savaşı zamanı əmin olduq: Kreml müəyyən həddə qədər Azərbaycana sərbəstlik verdi və ona öz torpaqlarını geri qaytarmaq üçün şərait yaratdı. O vaxt Rusiya prezindenti Vladimir Putin erməni baş naziri Nikol Paşinyan ilə təmslardan qaçırdı, onun zənglərinə belə cavab vermirdi...

Bütün bunlar əlbəttə ki, Ermənistanda nəzərdən qaça bilməzdi. Odur ki, son vaxtlar İrəvan Moskvaya təzyiq rıçaqları axtarır və bunu ABŞ-ın və Fransanın timsalında görür. Bu yaxınlarda baş tutmuş Praqa görüşü zamanı o, hətta regiona xüsusi Avropa missiyasının göndərilməsi üçün razılıq aldı. Bu faktiki olaraq bölgəyə Fransa sülhməramlılarını dəvət etmək demək idi. Bəlli olduğu kimi, Rusiya da Ermənistan sərhədlərinə öz sülhməramlılarını göndərmək niyyətindədir.

Özü də maraqlısı budur ki, İrəvan daim münaqişəyə KTMT-nı cəlb etmək istəyir, daim ona Bakıdan şikayət edir. Amma o biri tərəfdən bura Avropa sülhməramlılarını çağırır. Sözsüz ki, Ermənistanın “geosiyasi şpaqata” oturmaq cəhdləri Rusiyanın da nəzərindən qaçmır. Ona görə də qarşılıqlı siyasi münasibətlərdə bir gərginlik duyulur.

Münasibətləri soyudan başqa amillər də var. ABŞ və Avropa ölkələri Ukrayna müharibəsində tərəf olmadıqlarını desələr də onlar əslində Rusiya ilə müharibə aparırlar, ona görə də Rusiyaya yönəlik bütün vektorlar konfrantasiya səmtinə istiqamət götürürlər. Bu mənada Cənubi Qafqaz istiqaməti də istisna deyil-burada da Qərb Rusiya ilə əməkdaşlıq kanallarını bağlayır. Ona görə də Ermənistana işarə edirlər ki, Rusiyadan əl çək. Onlar bunu vaxtilə başqa adamlarının dili ilə də deyridilər. Hələ Donald Trampın vaxtında Con Bolton Paşinyana demişdi ki, ölkənizin böhrandan çıxmasını istəyirsinizsə, regional siyasətinizi dəyişin. İndi bir qədər də korrektelər edirlər bu siyasətə - ABŞ və Fransa Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin yaxşılaşmasına can atmırlar, çünki sonuncuların Rusiya ilə yetərincə yaxşı münasibətləri var. ABŞ və Fransa, sadəcə, həm Rusiyaya regionda problem olmaq üçün, həm də öz ölkələrindəki erməni diasporunun saqqızını oğurlamaq üçün proseslərə əngəl törədir və suyu bulandırmağa çalışırlar. Amma əbəs cəhddir. Ən azı yaxın vaxtlarda İrəvanı Moskvadan qoparmaq mümkün olmayacaq. Məsələ heç Paşinyan hakimiyyətində də deyil -onu devirmək Moskva üçün çox asan məsələdir. Sadəcə, Ermənistanı Rusiyaya bağlayan daha ciddi bağlar var...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR