İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Prezidentin müsahibəsindəki mesajı necə qəbul edəcək - rəy

643 13.01.2024 12:14 Siyasət A A

Zəngəzur dəhlizi açılmasa... Politoloq: “Rəsmi Bakı Paşinyanın təklifinə o halda razılaşmağa hazırdır ki, Ermənistan Azərbaycan vətəndaşlarına Zəngəzur dəhlizi ilə rahat gediş-gəliş imkanı yaratsın”

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallara verdiyi müsahibəsi ilə faktiki ölkə üçün 2024-dəki təxmini “yol xəritəsi”ni göstərdi - diplomatik, iqtisadi-ticari, energetik, hərbi, təbliğati sferalarda, o cümlədən Ermənistanla münasibətlər, Qarabağa qayıdışla bağlı məsələlər də daxil olmaqla.

Sözsüz ki, rəsmi Bakının xarici siyasətində postmüharibə dövrünü sülh sazişi ilə yekunlaşdırmaq kimi çox mühüm, vazkeçilməz prioritet də var. Təəssüf ki, onun reallaşması, beləliklə bölgəmizə daimi sabitliyin gəlməsi yalnızca Azərbaycanın iradəsindən yox, ilk növbədə və daha çox Ermənistanın nə dərəcədə xarici havadarların əlində oyuncaq olub-olmamasından asılıdır.

“Bu, bizim iki ölkə (Azərbaycan və Ermənistan - red.) arasındakı məsələmizdir, özümüz də bunu həll etməliyik. Əgər razılığa gəlsək, sülh müqaviləsi imzalanacaq. Razılığa gəlməsək, deməli, ya danışıqlar davam etdiriləcək, ya da dayandırılacaq. Hər iki variant mümkündür”. Bunu İlham Əliyev müsahibəsində bildirib.

İrəvanın isə istər danışıqlar, istərsə də konkret olaraq kommunikasiyalar məsələsində hələ də nala-mıxa vurması nikbinliyə əsas yaratmır. Nə barədə ki, İlham Əliyev müsahibə zamanı dönə-dönə qarşı tərəfə xəbərdarlıq edib. Onların arasında 4 ildir ləngiyən Zəngəzur dəhlizi məsələsi də var. 

“Azərbaycandan Azərbaycana insanlar və yüklər heç bir yoxlama aparılmadan keçməlidir”.

Bunu da İlham Əliyev müsahibə zamanı bildirib.

Dövlət başçısı deyib ki, əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və əgər dediyim marşrut (Zəngəzur dəhlizi - red.) açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir.

Xatırladaq ki, Azərbaycan Zəngəzur dəhlizinin özünə aid hissəsinin inşasını bu il yekunlaşdıraraq, həm dəmir, həm də avtomobil yollarını Ermənistan sərhədinə çatdıracaq. Ermənistan isə dəhlizin öz ərazisindən keçən hissəsi ilə bağlı (41-42 km) hələ də heç bir iş görməyib. Hətta yolun texniki iqtisadi əsaslandırmasını belə həyata keçirməyib.

Kapitulyant ölkə Azərbaycan liderinin xəbərdarlığından nəticə çıxaracaqmı? Nəhayət, dəhlizin özünə aid hissəsinin inşası üçün bu il hərəkətə keçəcəkmi, yoxsa yenə də İrəvanın söz oyunbazlığının şahidi olacağıq? 

İsveçdən Türkiyə ilə bağlı MÜHÜM ADDIM

Murad Sadəddinov 

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın atdığı addımlarla bağlı hansısa proqnozlar vermək siyasi şərhçilər üçün çox çətindir. Ona görə ki, proqnozlar məntiqdən irəli gələrək verilir, Ermənistan dövlətinin başında olan hakimiyyət son dövrlər elə addımlar atır onun məntiqini anlamaq mümkün olmur. Əgər normal məntiqlə düşünsək Ermənistan ilk növbədə öz maraqlarından irəli gələrək Azərbaycan və Türkiyə ilə münasibətləri tezliklə bərpa eləməliydi və komunikasiyaları açmalı idi. Amma reallıqda biz əksini görürük: “Ümumiyyətlə götürdükdə Ermənistan hakimiyyətinin necə davranacağını dəqiq proqnozlaşdırmaq çətindir. Ermənistan öhdəlik götürüb ki, Azərbaycanın əsas hissəsindən Naxçıvana maneəsi yüklərin və vətəndaşların keçidini təmin eləməlidir. 10 noyabr üçtərəfli bəyanatının 9-cu bəndində bu açıq-aydın əksini tapır. Ermənistan üçtərəfli bəyanatın 4-cü bəndinə, yəni Ermənistan silahlı birləşmələrinin Qarabağdan çıxarılması tələbinə məhəl qoymurdu. Nəticədə Azərbaycan 2023-cü ilin sentyabrında 4-cü bəndin tələbinin icrasını özü həll etdi. 9-cu bəndin tələbini Ermənistan yerinə yetirməlidir. Ermənistanın başqa yolu yoxdur. Ermənistan öhdəliyini yerinə yetirməsə Azərbaycan bu ölkə ilə heç bir yolu, sərhəddə heç bir nöqtəni açmayacaq.  Biz İran vasitəsilə Naxçıvana yolu çəkəsi olsaq Ermənistan dəmiryolları o yola qoşula bilməyəcək. Azərbaycanın razılığı olmasa bu mümkün ola bilməyəcək. Azərbaycan Ermənistanla sərhəd keçidlərini açmadığı üçün Türkiyə də Ermənistanla yolu açmayacaq. Lakin hələ ki, belə görünür ki, İrəvan öz mənasız mövqeyindən geri çəkilmir və Zəngəzur dəhlizi ilə bağlı söz oyunu davam etdirməkdədir. Azərbaycan isə artıq ən yüksək səviyyədə qəti mövqeyini bəyan etmiş oldu”.  

Oqtay Qasımov - Teleqraf.com

Oqtay Qasımov 

Politoloq Oqtay Qasımov bildirdi ki, 10 noyabr üçtərəfli bəyanatının şərtlərinə uyğun olaraq Ermənistan Zəngəzur dəhlizini açmaqla bağlı öz üzərinə öhdəlik götürüb. Amma Ermənistan uzun müddətdən bəri bu məsələni uzatmaqla məşğuldur: “Bunu bir neçə səbəbdən edir. Birincisi, müxtəlif bəhanələrlə vaxtı uzadıb özü üçün hansısa əlverişli geosiyasi şəraitin yaranacağını gözləmək niyyətindədir. Neçə ildir bunu gözləyirdi. Dəhlizin təhlükəsizliyinə kimin nəzarət etməsi də vacib şərtlərdən biri hesab olunurdu ki, bu da Qərb tərəfindən Ermənistana verilən müəyyən vəd və təkliflər nəticəsində Rusiyanı prosesdən uzaqlaşdırmaq niyyətləri güdürdü. Azərbaycan üç il gözlədi və Ermənistanın bu cür davranışları ona gətirib çıxardı ki, Azərbaycan Zəngəzur dəhlizinə paralel komunikasiya xəttini açmaqla bağlı İranla anlaşdı və bu layihənin icrası işlərinə başlanıb. Bu, Ermənistan verilən bir mesaj idi. Təəssüf ki, Ermənistan o mesajı hələ tam şəkildə anlamayıb və nəticə çıxarmayıb. Ermənistan nəticə çıxarsaydı o zaman müxtəlif adlarla manipulyasiya etməzdi. Belə ki, Ermənistan həmin 42 kilometrlik hissəyə ”sülh kəsişməsi", “erməni qovşağı” adlandırmaqla  guya əhəmiyyətini artırmağa çalışırdı. Həm də prosesi bununla əngəlləmək istəyirdi. Hesab edirəm ki, Azərbaycan Prezidentinin verdiyi mesaj dəqiq və kifayət qədər sərt mesajdır. Ermənistan artıq qeyri-müəyyənlikdən müəyyənliyə keçməlidir və yekun qərarı verməlidir. Ya dəhliz Üçtərəfli Bəyanatda qeyd olunduğu kimi açılmalı və Azərbaycan vətəndaşları Azərbaycanın bir hissəsindən digər hissəsi olan Naxçıvana yoxlanılmadan gedib-gəlməlidirlər. Ya da - əks halda Azərbaycan İran ərazisindən keçməklə yeni açılacaq kommunikasiya xəttindən istifadə edəcək. Azərbaycan-Ermənistan sərhədinin heç bir yerində hansısa bir keçid kommunikasiya açılmayacaq. Nəzərə alsaq ki, Zəngəzur dəhlizinin açılmasında kifayət qədər maraqlı dövlətlər var və bunlar həmin həmin yolun işləməsində maraqlıdırlar. O baxımdan düşünürəm ki, ehtimal az olsa da Ermənistan rəhbərliyi də yaranmış reallıqları dərk edir və bundan nəticə çıxarmalıdır. Hər halda gecikmə ilə də olsa Ermənistan nəhayət bu məsələ ilə bağlı qərarını verəcək. Əks halda Ermənistanın bundan sonra da blokadada qalacağı aşkardır. Bu da Ermənistan dövlətinin gələcəyini ciddi şəkildə sual altında qoya bilər" 

Elxan Şahinoğlu: "Ermənilər növbəti kapitulyasiya sənədinə..."

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Prezident İlham Əliyevin dünənki geniş müsahibəsi Ermənistanda da geniş müzakirə edilir, Azərbaycan dövlət başçısının mesajlarının mahiyyətini anlamağa çalışırlar: “Ermənistanın radikal müxalifəti ilə hər şey aydındır, Azərbaycanla sülhü məğlubiyyətin rəsmiləşdirilməsi kimi qiymətləndirir, taqətdən düşən erməni cəmiyyətini hədəfləri özləri üçün də təhlükəli olan ”mübarizəyə" səsləyirlər. Radikallardan fərqli olaraq Ermənistanın hakim partiyasının üzvləri, o cümlədən deputatları İlham Əliyevin vasitəçilər olmadan birbaşa danışıqların davamı təklifinə müsbət yanaşıblar. Halbuki, Ermənistanın hakim partiyasının üzvləri və elə baş nazir Nikol Paşinyanın özü təminatçı dövlətlərin vacibliyindən danışırdılar. Onlar eyni zamanda vasitəçilərlə bağlı gərəksiz inadkarlğın gecikməyə səbəb olacağını da anlamağa başlayıblar. Deməli, Paşinyan və onun komandası sülh sazişinin imzalanması naminə İlham Əliyevin “təminatçılara ehtiyac yoxdur” tezisini qəbul edə bilər. İlham Əliyevin ritorikasından anlayıblar ki, sülh sazişinin imzalanmasını gecikdirmək olmaz, Ermənistana Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması lazımdır. Bunun üçün ilk atılmalı addımlardan biri Zəngəzur dəhlizinin açılması olmalıdır. Ermənistan gec-tez bunu anlayacaq.

Azərbaycan Prezidentinin təxminən iki saat yarımlıq müsahibəsindən də bu nəticəni çıxarmaq mümkündür ki, İlham Əliyev Nikol Paşinyanın təbliğat məqsədilə irəli sürdüyü “sülh qovşağı” ideyasını qəbul etmir. Paşinyan “sülh qovşağı” təşəbbüsü adı altında bölgə ölkələri arasında kommunikasiya xətlərinin hər bir ölkənin suverenliyi çərçivəsində açılmasının tərəfdarıdır. Rəsmi Bakı Paşinyanın təklifinə o halda razılaşmağa hazırdır ki, Ermənistan Azərbaycan vətəndaşlarına Zəngəzur dəhlizi ilə rahat gediş-gəliş imkanı yaratsın. Bu olmadan Azərbaycan Ermənistanla sərhədin heç bir məntəqəsini açmayacaq“.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR