İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Azərbaycan qazının ümidinə qala bilər

588 11.07.2023 08:00 Siyasət A A

Bakıdan alınan qazın İrəvana çatdırılması üçün infrastruktur mövcuddur

2031-ci ilədək Rusiyadan Belarusa satılan təbii qazın qiyməti digər bütün ölkələrdən aşağı olacaq. Bu barədə məlumatı Belarusun Rusiyadakı səfiri Dmitri Krutoy “Praym” agentliyinə açıqlayıb.

Səfir bildirib ki, Belarusun “Qazprom”la təminatlı baza müqaviləsinin müddəti 2031-ci ilədəkdir. Onun sözlərinə görə, Belarus üçün qazın qiyməti ilə bağlı bu qərarı birbaşa Rusiya Prezidenti Vladimir Putin qəbul edib.

Qeyd edək ki, Rusiya forpost Ermənistana da mavi yanacağı dünya bazarındakı yox, daxili qiymətlə, yəni ucuz satır. 2021-ci ildə bu qiymət min kubmetr üçün 165 dollara bərabər olub. 2022-ci ildə Ermənistanın bütün təkidlərinə rəğmən, Rusiya tərəfi qaz qiymətində güzəştə getməyib, müqavilə yenə də min kubmetr üçün 165 dollarla bağlanıb.

2022-ci ildə Ermənistan Rusiyadan 2 milyard 599,6 milyon kubmetr qaz alıb, onun dəyəri olaraq 414 milyon dollar ödəyib. Doğrudur, ötən ilin aprelindən ermənilər qaza görə Rusiyaya dollar deyil, rubl ödəyirlər. Lakin aydın məsələdir ki, qiymət dollarla hesablanır, sonra rublla ödənir.

Hazırda Rusiya Avropa bazarlarına ötürə bilmədiyi qaz həcmlərini satmaq üçün bazar axtarışındadır. Rusiyanın Avropadan qaz gəlirləri kəskin azalıb. 2023-cü ildə bu gəlirlərin 30 milyard dollara düşəcəyi gözlənilir. Bu isə Rusiya büdcəsinin 28 milyard dollarlıq ixrac vergisi gəlirindən məhrum olması deməkdir. Belə ki, cari ildə Rusiyadan Türkiyə istisna olmaqla, Avropaya ümumilikdə 60 milyard kubmetr qaz nəqli gözlənilir. Bu, ötənilki 85 milyard kubmetrdən 30 faizdən çox azalma deməkdir. İxrac həcmləri ilə yanaşı, Avropada qaz qiymətləri də kəskin azalıb. Ötən ilki min kubmetr üçün 1440 dollar əvəzinə bu il ən yaxşı halda 500 dollarlıq bir göstərici əldə olunacağı proqnozlaşdırılır. Bunun nəticəsində Rusiyanın Avropaya qaz ixracından gəlirləri ötən illə müqayisədə təxminən 90 milyard dollar az olacaq. Ötən il bu gəlirlər 122 milyard dollara bərabər olmuşdu.

Xankəndində yenə qaz kəsilib: Ermənistan qazın bərpasını, Azərbaycan  silahlıların çıxmasını istəyir - BBC News Azərbaycanca

Göründüyü kimi, Rusiyanın Avropaya qaz satışı həm həcm, həm də qiymət baxımından azalır. Ukrayna öz ərazisi ilə Rusiya qazının nəqlinə dair müqavilənin müddətini uzatmayacağını elan edib. Müqavilənin müddəti 2024-cü ilin 1 yanvarında bitir. Bu isə o deməkdir ki, Rusiya daha 12-13 milyard kubmetr qazı üçün ixrac bazarı tapmalıdır. Çinə qaz ixracının bu il 22 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Lakin bu ölkəyə qaz çox ucuz qiymətə satılır, dəyərinin mühüm hissəsi isə nəql olunduğu “Sibirin gücü” kəmərinin xərcinin ödənməsinə yönəldilir.

Maraqlıdır ki, ötən il Rusiyanın Ukraynaya hücumundan sonra Belarus qaz qiymətində güzəşt tələb edərək ona nail oldu. Həmin ərəfədə Ermənistan da eyni addımı atmağa çalışdı, lakin Moskva buna çox sərt cavab verərək, hər hansı güzəştin olmayacağını bəyan etdi.

2020-ci il Vətən müharibəsindəki məğlubiyyətinin əsas səbəbkarı olaraq Rusiyanı göstərən Ermənistan hakimiyyəti Moskva ilə münasibətlərini tədricən soyuqlaşdırmaqdadır. Doğrudur, Ermənistan şirkətləri qadağan olunan məhsulların Rusiyaya ikili idxalından külli miqdarda gəlir əldə edirlər. Lakin rəsmi İrəvan Qərblə əməkdaşlığı sürətlə genişləndirir, Rusiyada asılı olduğu bir neçə istiqamətdə kənar bazarlara çıxmağa çalışır. Bu, ilk növbədə silah-sursat və təbii qazla təminata aiddir. Birincidə Ermənistan Fransa və Hindistandan alışları yoluna qoymaq istəyirsə, ikincidə - təbii qaz təminatında seçim imkanları elə də çox deyil: İrəvan qazı kənar mənbə olaraq yalnız İrandan ala bilir. Ötən ildən başlayaraq Ermənistan İranla qaz əməkdaşlığını genişləndirir. Bu ölkədən aldığı illik 365 milyon kubmetr qazın əvəzinə 3 kilovatt/saat elektrik enerjisi verən İrəvan 2030-cu ilədək aldığı qazın həcmini ikiqat artırmaq niyyətindədir. Ötən ilin payızında baş nazir Nikol Paşinyanın Tehrana rəsmi səfəri zamanı bununla bağlı tərəflər arasında müqavilə imzalanıb. İran qazı Rusiya qazından baha başa gəlsə də, bu, Ermənistanı çəkindirmir. Çünki Rusiyaya ödəniş pulla, İrana isə elektrik enerjisi ilə edilir. Ötən il Ermənistandan İtaliya şirkətinin inşa etdiyi yeni istilik elektrik stansiyası işə salınıb.  Bu, elektrik enerjisi istehsalını artırmağa imkan yaradır. İrandan alınan qazın 1 kubmetrindən 5 kilovatt/saat elektrik enerjisi əldə edən Ermənistan onun 3-nü İrana qaytarır, 2-ni isə əhalinin aztəminatlı təbəqələrinə ucuz qiymətə satır. Kifayət qədər əlverişli olan bu alveri genişləndirmək üçün Ermənistandan İrana 3-cü yüksək gərginlikli elektrik ötürücü xətti çəkilir və onun bu ilin sonunadək istismara verilməsi gözlənilir.

Rusiya ilə münasibətləri getdikcə soyuqlaşdıran Paşinyanın qaz kimi strateji məhsulla təminat mənbələrini genişləndirməyə çalışması açıq hiss olunur. Belə ki, son vaxtlar Ermənistan İran vasitəsilə Türkmənistandan qaz almaq üçün cəhdlərini gücləndirir. İrəvan Türkmənistandan qazın İran üzərindən svopla ötürülməsini istəyir. Hələlik Türkmənistan bu istiqamətdə İrəvandan edilən təklifləri müsbət cavablandırmayıb.

Rusiya qazı Ermənistana Azərbaycan ərazisi ilə nəql olunacaq

Rusiya mənbələrinin iddiasına əsasən Türkmənistanın İrəvanın təkliflərinə müsbət cavab verməməsinin arxasında məhz Moskvanın mövqeyi dayanır. Yuxarıda da qeyd etdik ki, Rusiya Avropa bazarına yolu bağlanan 100 milyard kubmetrə yaxın qazı satmaq üçün bazar tapmağa çalışır. Artıq müəyyən həcmlərin satışı üzrə Qırğızıstan və Özbəkistanla razılaşmalar əldə olunub. Həmçinin Qazaxıstanla da müəyyən razılaşmalar əldə edilib.

Ermənistan kiçik bazar olsa da, Rusiyanın onu əldən verməsi çətin görünür. Lakin Ukraynadan məğlub çıxarsa, Paşinyan hakimiyyətinin bu istiqamətdə real addımlar atmağa çalışması ehtimalı yüksəkdir. Belə bir variant reallaşarsa, İrəvan üçün ən əlverişli qaz mənbəyi Azərbaycan ola bilər. Azərbaycandan Ermənistana qaz ötürülməsi üçün hazır infrastruktur var. Söhbət Hacıqabul-Qazax-Saquramo qaz kəmərindən gedir.

Qeyd edək ki, Hacıqabul-Qazax-Saquramo magistral boru kəməri 1978-ci ildə inşa olunub və 1988-ci ilə kimi istismar edilib. SSRİ-nin süqutundan sonra bu boru kəməri uzun müddət istifadəsiz qalıb. Bu magistral boru kəməri üzrə müvafiq bərpa-təmir işləri aparılandan sonra 2006-cı ildə yenidən istismara verilib. Ötürmə qabiliyyəti ildə 8,7 milyard kubmetr olan bu kəmər vasitəsilə Azərbaycandan Gürcüstana ildə təqribən 1,300 milyard kubmetr qaz ixrac olunur. Boru kəmərinin uzunluğu 478,4 km təşkil edir, bunun 378,4 km-lik hissəsi Azərbaycanın ərazisinə düşür. Hacıqabul-Qazax-Saquramo magistral qaz boru kəmərinin operatorları SOCAR və Gürcüstanın Qaz Nəqliyyat Şirkətidir.

Xatırladaq ki, 2021-ci ilin yazında Rusiyadan təbii qaz bir neçə həftə ərzində məhz bu kəmər vasitəsilə ötürülüb. Qazın tranzitinə dair müqavilə martın 16-da SOCAR və “Qazprom Export” şirkəti arasında imzalanıb. Həmin vaxt Rusiya tərəfi Gürcüstana qaz ötürən “Şimali Qafqaz - Zaqafqaziya” qaz kəmərində planlı təmir işləri həyata keçirirdi. Buna görə də Ermənistandakı istehlakçılara qaz tədarükü Azərbaycan ərazisi ilə davam etdirilib. Müqaviləyə əsasən, sözügedən qaz kəmərinin Rusiya hissəsində aparılacaq planlı profilaktik təmir işləri zamanı qaz istehlakçılara Azərbaycan ərazisi ilə Gürcüstan sərhədinədək çatdırılıb. SOCAR-dan həmin vaxt verilən açıqlamada Ermənistana qazın tranzit haqqı ödənməklə nəql edildiyi bildirilib.

Sovet dövründə Azərbaycandan Ermənistanın özünə qaz xətti çəkilmişdi. Tovuz rayonundan Ermənistanın Noyamberyan rayonuna uzanan boru xətti ilə ötürülən qazın bir hissəsi Naxçıvana çatırdı.

Hazırda Azərbaycan işğaldan azad olunan ərazilərin qazlaşdırılması üçün müvafiq boru xətlərinin çəkilişini həyata keçirir. Bu kəmərlərin layihələndirilməsi zamanı ərazilərin inkişaf planları, həmçinin Naxçıvana mümkün ixrac həcmləri də nəzərə alınır. Bu isə o deməkdir ki, İrəvan yekun sülh sənədinin imzalanmasından sonra Azərbaycandan qaz alışına da başlayarsa, nəqli ciddi xərc çəkmədən yoluna qoymaq mümkün ola bilər.

İyulun 10-da Azərbaycanın ikinci böyük qaz yatağı olan “Abşeron”dan hasilata başlanıb. Yaxınmüddətli dövrdə bu yataqdan hasilatın ikinci mərhələsinin başlanması nəzərdə tutulur. Bundan əlavə, Azərbaycanın daha bir neçə yatağından qaz hasilatında artımın olacağı gözlənilir. Bu isə Azərbaycanın Ermənistana müəyyən həcmdə qaz satışını həyata keçirməsinə imkan yarada bilər.

Aydın məsələdir ki, Ermənistanın tezliklə Rusiya qazından tam imtinası real deyil. Lakin Azərbaycanla münasibətlərində torpaq iddialarından, düşmənçilikdən geri durarsa, İrəvan qaz təchizatını şaxələndirmək, bu sahədə Rusiya asılılığından qurtulmaq üçün əlverişli imkan əldə edə bilər. Yəni seçim Ermənistanındır...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR