İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Aİİ-dən çıxmaq ehtimallarına nöqtə qoydu

1682 06.07.2026 15:27 Dünya A A

Ermənistan hökuməti Rusiya ilə yaşanan ticarət gərginliyinə baxmayaraq, Avrasiya İqtisadi İttifaqını (Aİİ) tərk etməyi planlaşdırmadığını açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın maliyyə naziri Vahe Ovannisyan "CivilNet"ə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, hökumət bütün mümkün ssenariləri hesablayıb və Rusiya bazarına tətbiq edilən məhdudiyyətlər nəticəsində risk altında olan ixracın həcmi ölkənin ümumi daxili məhsulunun cəmi 1,8 faizini təşkil edir.

Ovannisyan bildirib ki, hökumət qısamüddətli dövrdə sahibkarlara maliyyə dəstəyi göstərməyi, orta müddətli perspektivdə isə Ermənistan məhsullarının yeni bazarlara çıxarılmasını təmin etməyi planlaşdırır. Onun sözlərinə görə, Rusiya bazarında yaranan çətinliklər ixrac gəlirlərinin tam itirilməsi demək deyil və məhsullar digər bazarlara yönləndirilə bilər.

Açıqlama Rusiyanın son aylarda Ermənistanın kənd təsərrüfatı məhsulları, mineral suları, gülləri və spirtli içkilərinin idxalına ardıcıl məhdudiyyətlər tətbiq etdiyi bir vaxta təsadüf edir. Ekspertlər bu addımları 7 iyun parlament seçkilərindən sonra Moskvanın İrəvana siyasi təzyiqi kimi qiymətləndirirlər.

Diqqətçəkən məqamlardan biri də odur ki, Rusiya Prezidenti Vladimir Putin indiyədək Nikol Paşinyanı seçkilərdə qələbəsi münasibətilə təbrik etməyib.

Gərginlik fonunda bu yaxınlarda Paşinyanla Rusiyanın Baş naziri Mixail Mişustin arasında telefon danışığı olub və tərəflər ikitərəfli ticarət məsələlərini müzakirə ediblər.

Son illərdə Moskva ilə İrəvan arasında münasibətlər nəzərəçarpacaq dərəcədə soyuyub. Rusiya bunu Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması ilə əlaqələndirir.

Xatırladaq ki, 2025-ci ilin martında Ermənistan parlamenti ölkənin Avropa İttifaqına inteqrasiya prosesinin başlanmasını nəzərdə tutan qanunu qəbul edib. Bununla yanaşı, 2026-cı ilin mayında Aİİ-yə üzv digər dövlətlər Ermənistana Avropa İttifaqı ilə Aİİ arasında seçim etməsi üçün referendum keçirməyi tövsiyə etmiş və bu məsələni dekabr ayında müzakirəyə çıxaracaqlarını açıqlamışdılar.

Bütün siyasi fikir ayrılıqlarına baxmayaraq, Rusiya Ermənistanın ən böyük ticarət tərəfdaşı olaraq qalır. 2026-cı ilin ilk rübündə Ermənistan ixracının 36,3 faizi Rusiyanın, 14,1 faizi isə Avropa İttifaqının payına düşüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR