İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməniləşmiş iranlı səfirə Bakıdan SƏRT REAKSİYA - “Dilinə gətirmir, çünki...”

1622 13.07.2024 15:40 Siyasət A A

İran İslam Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani yenə ermənipərəst açıqlamalar verib.

Musavat.com xəbər verir ki, səfir Mehdi Sübhani “Azadlıq” radiosuna müsahibəsində İranın Cənubi Qafqazda əsas oyunçulardan biri kimi Qarabağ ermənilərinin məsələsinin həllini konkret olaraq necə gördüyü sualına cavabında “Azərbaycan artsax ermənilərinin kollektiv şəkildə qaytarılması hüququna hörmət etməlidir” deyib.

POSOL .png (813 KB)

Səfir bildirib: “Bizim Qarabağ sakinlərinin hüquqları ilə bağlı mövqeyimiz aydındır. Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və bunu vurğulayırıq, lakin eyni zamanda hesab edirik ki, Qarabağın erməni sakinlərinin hüquqlarına hörmət edilməlidir. Bu sual yara kimidir və bu yaranın sağalması lazımdır, əgər bu yara sağalmazsa, bəlkə yenidən açılacaq. Davamlı dünyadan danışarkən bu yara da nəzərə alınmalıdır. Ümid edirik ki, Qarabağ sakinləri evlərini tərk etmək məcburiyyətində qaldıqları kimi, onların könüllü olaraq öz evlərinə qayıtmaları üçün şərait yaradılacaq. Təbii ki, onların ərazini tərk etmələrinin əsas səbəbi özlərini təhlükəsiz hiss etməmələri olub. Qaçqınlar gələndə mən şəxsən Qarabağ camaatı ilə əlaqə saxladım, onlarla söhbət etdim, dedilər ki, “öz istəyimizlə evimizi tərk etməmişik”.

Heç kim evini könüllü tərk etmir. Onlar özlərini təhlükəsiz hiss etmədikləri səbəbindən evlərini tərk etdiklərini bildiriblər. Onlar könüllü gəlməyiblər, amma ümid edirik ki, onların öz evlərinə könüllü qayıtmaları üçün şərait yaradılacaq”.

Qarabağ ermənilərinin bu təhlükəsizliyi təmin etmək üçün müəyyən dərəcədə muxtariyyətə malik olub-olmaması ilə bağlı suala gəlincə, səfir Sübhani qeyd edib ki, bununla bağlı dialoq və danışıqlar aparılmalıdır:

“Orada şərait necə olursa olsun, bununla bağlı dialoq və danışıqlar aparılmalıdır. Düşünürəm ki, onlarla danışıqlar aparmalıdırlar”.

Danışıqların kimlər arasında və kimlər tərəfindən aparılmalı olduğu barədə suala cavabında isə iranlı səfir daha da irəli gedərək erməniləri tərəf kimi sırımağa çalışıb:

“Bu, hər iki tərəfin razılığı məsələsidir. Bu danışıqların necə başlaması iki tərəf arasında razılaşma məsələsidir. Məqsəd onların təhlükəsizliyinə və hüquqlarına nail olmaq olmalıdır”.

Səfir Mehdi Sübhaninin bu açıqlamaları Azərbaycanda narazılıqla qarşılanıb.

HUSEYNOV.jpg (38 KB)

Deputat Aydın Hüseynov Musavat.com-a bildirib ki, Azərbaycan-İran münasibətlərinin normallaşması prosesinin getdiyi, problemlərin aradan qalxmaqda olduğu, iki ölkənin rəhbərləri arasında dialoqun getdiyi bir vaxtda İranın Ermənistandakı səfirinin yenə ermənipərəst açıqlamalar verməsi bu prosesə zərbədir:

“Səfir Sübhani faktiki olaraq revanşist ermənilərin rotorikası ilə danışır. Bu səfir adlanan şəxs qarşısına sanki məqsəd qoyub ki, İran-Azərbaycan münasibətlərinin düzəlməsinə hər addımda mümkün qədər maneələr yaratsın. Onun Azərbaycana qarşı yenə erməni mövqeyindən çıxış etməsi, ermənidən çox ermənipərəstlik etməsi Mehdi Sübhaninin İrandan çox Ermənistana xidmət etdiyi mənzərəsini yaradır. Bu adam özünü səfir kimi deyil, separatçı erməni kimi aparır, erməni ağzı ilə danışır. Hətta daha da irəli gedərək ermənilərin adından danışmaqdan belə çəkinmir. Ermənistanı, erməniləri Azərbaycana qarşı revanşa təhrik edən açıqlamalar verir. Sonuncu bədnam fikirlərində hətta müharibə xəbərdarlığı yer alıb. İran səfirinin bu cür danışıqları İran-Azərbaycan münasibətlərinin indiki vəziyyətinə uyğun gəlmir.

İranın yeni prezidenti Məsud Pezeşkianla Azərbaycan Prezidenti cənab İlham Əliyev arasında hər iki dövlətin mənafeyinə xidmət edəcək gözəl dialoq mühiti qurulub. Ermənilərin içərisində yaşayan və ermənilərin xidmətkarına çevrildiyini gizləməyən səfir Sübhaninin davranışları bu dialoq mühitinə qarşı sanki meydan oxumaqdır. Ona görə də İranın yeni prezidenti, hakimiyyəti bu pozuculuq mövqeyində olan səfirlə bağlı bir qərar versə, dövlətlərimiz arasında münasibətlərin faydasına olar. Çünki bu adam daim Azərbaycan-İran münasibətlərinə zərbə vuran mövqe ortaya qoyur. Onunla bağlı tədbir görülməsində fayda olardı”.

Deputat qeyd edib ki, İranlı səfir utanmadan ermənilərin adından yalan danışmaqdan, yaxın tarixdə hər kəsin şahidi olduğu faktları təhrif etməkdən belə çəkinmir:

“Qarabağdan köçən ermənilərin adından danışır ki, guya onlar könüllü köçməyiblər, guya onlar özlərini təhlükəsiz hiss etmirmişlər. Bu ağ yalanı elə Qarabağdan köçən ermənilərin özlərinin məhz köçdükləri günlərdə jurnalistlərə dedikləri fikirlər ifşa edir. Ermənilərin hamısı bəyan edirdilər ki, onlara təzyiq filan olmayıb, könüllü gedirlər. Açıq deyirdilər ki, Azərbaycandan onlara köçmək tələbi olmayıb. Qarabağda yaşayan bir nəfər də olsun mülki erməninin burnu belə qanamamışdı nə o köçdən öncə, nə də köç olan günlərdə. Azərbaycan ordusu Qarabağda ancaq və ancaq Ermənistan ordusunun qalıqları və qanunsuz silahlı birləşmələrə, erməni terror qruplarına qarşı 23 saatlıq antiterror tədbiri həyata keçirib. Azərbaycan dövləti ən yüksək səviyyədə dəfələrlə Azərbaycan vətəndaşlığını qəbul edən mülki ermənilərə müraciət etdi ki, köçməsinlər, qalıb bu ölkənin digər vətəndaşları kimi yaşasınlar. Ancaq ermənilər bu çağırışları qəbul etmədilər və könüllü olaraq çıxıb getdilər. Bunu bütün dünya bilir. Səfir Sübhani də bilir, sadəcə Ermənistanın maraqlarına xidmət etdiyi üçün dilinə gətirmir”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR