İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər AŞPA-nın gündəliyinə saldıqları məsələnin müzakirə olunmamasını istəyirlər- Eksklüziv AÇIQLAMA  

1866 20.09.2023 17:43 Siyasət A A

 

“Avropa Şurasının növbəti sessiyasına “Fövqəladə vəziyyətlərdə Dağlıq Qarabağda humanitar vəziyyət”lə bağlı xüsusi müzakirələr daxil edilib. Azərbaycan müzakirənin keçirilməsini istəyir. Ermənilər isə əksinə, müzakirənin ləğv edilməsinin tərəfdarıdır, çünki onlar məsələni gündəmə gətirəndə situasiya başqa idi. Buna görə məsələni gündəlikdən çıxarmaq istəyirlər”.

Bu fikirləri Musavat.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. S. Seyidov bildirib ki, regionda vəziyyət sürətlə dəyişdi, beləliklə, ermənilərin planları alt-üst oldu: “Onlar düşünürdülər ki, anti-terror tədbirləri uzun çəkəcək, evlər dağılacaq, bundan da sübut kimi istifadə edəcəklər. Nəticədə 24 saat tamam olmamış separatçılar ağ bayraq qaldırdılar, Yevlaxa gəlməyə hazır olduqlarını bildirdilər. Bu, Azərbaycana qarşı düşünülmüş təxribat idi. Faktiki olaraq informasiya müharibəsi də baş verdi. Azərbaycan zərgər dəqiqliyi ilə müharibəni bir sutka ərzində həll etdi. Azərbaycan nəinki, istəyinə nail oldu, hətta bütün dünyaya separatizmlə, terrorla, qeyri-qanuni silahlı qüvvələrlə, dövlətə qarşı cinayətlərlə davranış qaydalarını göstərdi. Azərbaycan sivil vətəndaşları, proseslərdə birbaşa əli olmayan sadə vətəndaşları qorumaq nümunəsi göstərdi. Dünyada separatçılar çoxdur. Ya separatçılar insan haqları adı altında hökumətə meydan oxuyub hökuməti çökdürürlər, ya separatçılar  mübarizə ilə üstünlük əldə edib “hüquqlarını müdafiə edərək”, beynəlxalq təşkilatlardan dəstək alaraq dövlətləri çətin vəziyyətə salırlar. Bəzən separatçılarla mübarizə elə formada olur ki, nəticədə ikili standartlar formalaşır. Məsələn, Fransa Ukraynada separatçılara qarşı mübarizə aparır, Azərbaycana gəldikdə isə onları dəstəkləyir. Bu baxımdan Azərbaycan qarşısına qoyduğu məsələləri həll etməklə yanaşı, dünyada tamamilə yeni fenomen yaratdı. Bu gün beynəlxalq qanunu qoruyan dövlətlərin müqəddəratına nümunə göstərən Azərbaycan oldu”.

 Yevlaxda keçiriləcək görüşlə bağlı S. Seyidov vurğulayıb ki, danışıqlarda ermənilərin Azərbaycan Konstitusiyası çərçivəsində gələcək fəaliyyəti, yaşayışının təşkil olunması müzakirə olunacaq:

“Biz beynəlxalq səviyyədə azərbaycanlılara qarşı törədilən cinayətlərin araşdırılmasını, cinayətkarların Ədalət Məhkəməsinə çıxarılması, Azərbaycana dəyən zərərin ödənilməsi və s. məsələləri qaldırmışıq. Bu, uzun illər davam edəcək prosesdir. Bununla yanaşı, biz sadəcə illər boyu gözlədiyimiz məsələni yekunlaşdırırıq ki, bu Yevlaxdakı görüşdə özünü göstərəcək.  Ermənilər Yevlaxa öz istəyi ilə gəlmək istəmirdilər, onlar imtina etmişdilər, Fransada etiraz edirdilər ki, bu mümkün deyil, “prezident seçkiləri keçirilib”, “legitim dövlət var” deyirdilər. İlham Əliyevin sözləri ilə ifadə etsəm, “legitim dövlət” cəhənnəmə getdi! Yevlaxda Azərbaycan cəmiyyətinə könüllü reinteqrasiya məsələsi müzakirə ediləcək. Ermənilərə 30 il ərzində separatçıların girovu olduqları izah olunmalıdır. Bu məsələ birdəfəlik həllini tapmalıdır. Sabah BMT-də məhz Fransanın təşəbbüsü ilə dinləmələr olacaq. Onların məqsədi prosesin başqa istiqamətdə getməsi idi. Bu gün ermənilər sosial media platformalarında heç bir əsası olmayan informasiyalar yayırlar. Bu o deməkdir ki, onlar bu prosesə hazır idilər. Onlar istəklərinə çata bilmədilər. İlham Əliyevin siyasəti, son sutkada həyata keçirilən tədbirlər onların məqsədinə çatmasına mane oldu. Sabah Fransa nə barədə danışacaq? Azərbaycan mülki əhalini qorudu, humanitar dəhlizlər yaratdı, Azərbaycan ordusu ermənilərə müraciət edərək “hədəfimiz terrorçulardır” dedi. Əslində ermənilərin taleyi heç kimi maraqlandırmır. Məqsəd münaqişə yaratmaq, beləliklə də regiona müdaxilə imkanı əldə etməkdir. Azərbaycanın nüfuzu get-gedə artır, Mərkəzi Asiya, Avropa, Türkiyə ilə münasibətlər inkişaf edir, Azərbaycanın beynəlxalq münasibətlərə təsir imkanları artır. Bu inkişafın qarşısını almağa çalışırlar”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR