Ermənistan hakimiyyətinin Silahlı Qüvvələrdə ruhani (kapellan) institutunu ləğv etməsi ölkədə kilsə–ordu münasibətlərində ciddi qırılma yaradıb.
Musavat.com xəbər verir ki, bu qərar baş nazir Nikol Paşinyanın Erməni Apostol Kilsəsi ilə uzun müddətdir davam edən qarşıdurmasının artıq yeni – ordu mərhələsinə keçdiyini açıq şəkildə göstərir.
1997-ci ildə Vazgen Sarkisyanın qərarı ilə yaradılan və illər ərzində orduda dərin şəkildə şəbəkələşən ruhani institutunun ləğvi Paşinyan komandası tərəfindən ideoloji “təmizləmə” kimi qiymətləndirilir. Hakimiyyətə yaxın mövqelərdə bildirilir ki, kilsə təkcə dini qurum olmayıb, illər boyu Ermənistan cəmiyyətində, siyasi elitada və xüsusilə orduda radikal millətçilik, nifrət və qarşıdurma ideologiyasının daşıyıcısı rolunu oynayıb. İndi isə bu təsirin ilk növbədə ordudan kəsilməsi hədəflənir.
Qərar müxalifətin sərt etirazına səbəb olub. “Daşnaksütyun” partiyasından olan deputat Geqam Manukyan videoçıxışında bildirib ki, 44 günlük müharibə zamanı ruhanilər daim əsgərlərin yanında olub, yaralanan və həlak olan kapellanlar da mövcud olub. Onun sözlərinə görə, hakimiyyət bu addımla ordunun “mənəvi dayaqlarını dağıdır”. Manukyan qərarın Ordunun Günü – 28 yanvardan dərhal sonra açıqlanmasını da təsadüfi saymadığını vurğulayıb.
Narazılıq kilsə daxilindən də açıq şəkildə səslənib. İerey Psak Mkrtçyan sosial şəbəkədə yazıb ki, artıq “Kanaza” hərbi hospitalının Surb Qriqor Narekatsi kilsəsində ibadət və liturgiya olmayacaq, ruhanilər isə vəzifələrindən azad ediliblər.
Beləliklə, Ermənistanda yaranmış mənzərə Paşinyanın kilsəyə qarşı apardığı mübarizənin yeni mərhələyə daxil olduğunu göstərir. Hakimiyyətin yanaşmasına görə, Azərbaycan xalqına qarşı onilliklər, hətta əsrlər boyu nifrət ideologiyası ilə yüklənmiş və bu düşüncəni ordunun şüuruna daşıyan institutlardan biri kimi kilsənin ordudakı təsiri aradan qaldırılmalıdır. Bu isə Ermənistan daxilində kilsə–dövlət münasibətlərində daha sərt və açıq qarşıdurma dövrünün başlandığını deməyə əsas verir.
Musavat.com






