İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni lobbisi YUNESKO-nu belə batırır...

498 17.11.2023 14:08 Gündəm A A

Böhran yaşayan təşkilat rəzil durumda

Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Taninin anası Əlahəzrət Şeyxa Moza bint Nasir əl-Misnəd Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (YUNESKO) xoşməramlı səfiri vəzifəsini tərk edib.

İstanbulda keçirilən zirvə toplantısı zamanı o bildirib ki, YUNESKO bombardman olunan Qəzza əhalisini xilas etmək və onlara yardım göstərməkdə öz rolunu yerinə yetirmədiyinə görə, xoşməramlı səfir vəzifəsindən gedir.

Əslində səfirin dedikləri bizə və dünyaya çoxdan məlumdur. YUNESKO-nun böhran yaşadığını Qarabağ məsələsində də açıq-aşkar görmək olar.

YUNESKO-nun rəhbəri, fransız Odri Azulen erməni lobbisi ilə yaxındır. Ona görə də təşkilat erməni lobbisinin təzyiqlərinə müqavimət göstərə bilmir. Bu gün YUNESKO faktiki olaraq Fransa tərəfindən idarə olunur.

İşğal dövründə bu qurum Qarabağda Azərbaycanın tarixi və mədəni abidələrini yoxlamaqdan imtina etdi. İşğala son qoyulduqdan sonra da qurum təəssüf ki, anoloji siyasətini davam etdirir. Bu isə YUNESKO-nun bu və ya digər dairələrin siyasi marağını əsas götürməklə Ermənistanın işğal dövründə mədəni irsə münasibətdə törətdiyi vandalizmə göz yumması deməkdir.

Xatırladaq ki, işğal dövründə Azıx mağarasını ermənilər hərbi sursat anbarına çevirib. İnsanlığın ən qədim dövr mədəniyyət nümunələrinin toplandığı Azıx mağarasında Ermənistan hərbçiləri azıxantropa aid əşyaları - gildən və daşdan məişət əşyaları və əmək alətlərini məhv etdiklərini pərdələmək üçün yeni tədqiqatlar təşkil ediblər. Yeni aşkar etdikləri artefaktları dəvət etdikləri xarici arxeoloqlar vasitəsilə ərazidən kənara çıxararaq təbliğat alətinə çeviriblər. YUNESKO isə bütün bunların qarşısında susub.

Erməni işğalçıları məşhur Xocalı kurqanlarını yer üzündən siliblər. İşğal altında saxladıqları İslam abidələri, xüsusilə məscidlər, türbələr və qəbiristanlıqları dağıdıblar, alban xristian abidələrini isə tamamilə saxtalaşdırıb, erməniləşdiriblər. Xalqımızın tarixi yadigarı olan Yelisey məbədi, Həsənriz məbədi və digər abidələrdə olan alban yazıları silinib. Həmin abidələrin albanlara məxsus olan əşyaları dağıdılıb. Yelisey məbədində Alban hökmdarı III Vaçaqanın qəbri və yazı tamamilə məhv edilib. YUNESKO bunları da görməyib.

İşğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektləri xüsusi qəddarlıqla yer üzündən silinib. Ermənilər ələ keçirdikləri ərazilərdə 12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 sarayı yandırıblar.

Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunub. 192 ziyarətgah, 144 məbəd, 67 məscid erməni təcavüzünün qurbanına çevrilib. Laçındakı Ağoğlan kilsəsi, Kəlbəcərdəki Xudavəng, Gəncəsər məbədinin albanlara məxsusluğunu göstərən elementlər silinib, erməniləşdirilib.

Keçmiş SSRİ-də yeganə Ağdamda olan Çörək Muzeyi şəhərin bombardmanı zamanı yerlə-yeksan edilib, dünya şöhrətli Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin 13 minədək, Laçın Tarix-Diyarşünaslıq Muzeyinin 5 mindən çox qiymətli və nadir əşyası Ermənistana daşınıb. Şuşanın zəbt edilməsi nəticəsində mənəviyyatımıza ağır zərbə endirilib. Təkcə Şuşa şəhərində 8 muzey, 31 kitabxana, 17 klub, mədəniyyət evi dağıdılıb.

Şuşa şəhərinin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialının, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, professional Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun evinin 300-dən çox əşyası talan olunub. Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, digər qiymətli materialları oğurlanıb. Bütün bunara YUNESKO, sadəcə olaraq, susub...

Erməni lobbisi YUNESKO-nun Azərbaycanın mədəni irsinə qarşı qoruma və monitorinq funksiyalarını yerinə yetirməsinə mane olur. Ermənistanın işğalı altında olan ərazilərdə Azərbaycanın mədəni irsinə qarşı törədilmiş vandalizm və talan faktlarını YUNESKO-nun nəzarətinə çatdırmaq üçün Azərbaycan tərəfindən bir neçə dəfə təkliflər verilib. Lakin erməni lobbisinin təsiri ilə YUNESKO-nun bu ərazilərə missiya göndərməsi gecikdirilib və ya ləğv edilib.

Bir sözlə, YUNESKO haqsız mövqeyi ilə öz nüfuzunu itirir, məhvə doğru gedir...

“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR