İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanın 17-cı qələbəsi və məğlubedilməzliyinin sirri

814 31.05.2023 09:04 Siyasət A A

Türkiyə Prezidentinin uğurlarını şərtləndirən cəhət onun qətiyyətli siyasəti və iradəsidir

Rəcəb Tayyib Ərdoğan Türkiyədə növbəti 5 ildə hakimiyyətdə qalmaq üçün xalqdan dəstək aldı. Bu, Ərdoğanın və partiyasının 2002-ci ildən bəri qatıldığı seçkidə qazandığı 17-cı qələbə idi. O, daha öncə Türkiyədə yerli, ümumi, referendum və prezident seçkilərində də qalib gəlib. Son prezident və parlament seçkiləri ərəfəsi Qərb mediasından basqılara, xüsusilə iqtisadi vəziyyətin çətinliyinə, zəlzələnin yaratdığı əlavə problemlərə baxmayaraq xalq Ərdoğana etimad göstərdi.

Ərdoğanın 21 ildir iqtidarda qala bilməsinin səbəbləri ilə bağlı ən müxtəlif mövqelər səslənir. Bəs Azərbaycanda Ərdoğanın hakimiyyətdə qalmasının sirri haqda nə düşünürlər? 

Sabiq deputat Fəzail Ağamalı haqqında ŞOK FAKTLAR açıqladı | KONKRET

Fəzail Ağamalı

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı hesab edir ki, Ərdoğan 2001-ci ildə yaratmış olduğu partiya ilə addım-addım bugünkü səviyyəyə qalxa bilib:  “Türkiyənin bu günü ilə 2002-ci ildən əvvəlki illərini bütün mənalarda müqayisə etdikdə fərq açıq şəkildə göz önündədir. Həmin zaman kəsiyində Türkiyə Qərbdən, daha çox da Amerikadan asılı vəziyyətdə idi. Necə deyərlər, ABŞ-ın "qapazı" Türkiyənin başı üzərində idi. Qardaş ölkə müstəqil siyasət apara bilmirdi. Hətta bir az önə getsək, Kəlbəcərdə işğal zamanı qadınları, uşaqları, yaşlıları erməni vandalizmindən xilas etmək üçün 2 helikopter verə bilməyən Türkiyə 2020-ci ildəki Vətən müharibəsi zamanı özünün bütün imkanları ilə, həm də “F-16"ları Azərbaycanda saxlamaqla xalqımıza qardaş münasibətlərini ifadə etməyi bacardı. Ərdoğanın ən böyük uğurlarını şərtləndirən cəhət onun qətiyyətli siyasəti, iradəsi, bu iradəyə söykənən Türkiyənin müstəqil bir dövlət kimi təkcə regionda deyil, beynəlxalq aləmdə söz sahibi etmək qabiliyyətinin olmasıdır. Ərdoğanın atmış olduğu addımların əksər türk vətəndaşı tərəfindən müdafiə edilməsi onun bir lider kimi ən böyük üstünlüklərindən biridir. Bu dayaq, bu sosial baza ötüb keçən zaman kəsiyində azalmır, əksinə, daha da genişlənir. Genişləndikcə həm də möhkəmlənir. Ərdoğan özü söylədi ki, bu seçkilərdə Türkiyə uddu. Bu, tamamilə sərrast ifadədir. Seçiciləri udan Ərdoğan və onun komandası oldu. Qazanan, deyildiyi kimi, təkcə Türkiyə deyil, eyni zamanda bütün Türk dünyası oldu. Növbəti 5 ildə tamamilə əminəm ki, Türk Dövlətləri Təşkilatı öz inkişafının yeni və yüksələn mərhələsinə çatacaq, daha da möhkəmlənən birliyə çevriləcək. Artıq bütün dünya, Amerika başda olmaqla, Qərb bu qələbənin vermiş olduğu şokdan ayılaraq Ərdoğanla bərabər tərəfdaş, bərabərhüquqlu dövlət başçısı kimi əməkdaşlıqlarına yenidən baxacaqlar. Bu, Ərdoğana göndərilən təbriklərdə özünü göstərməkdədir. Ərdoğana yenidən etimad göstərilməsi təbii ki, Azərbaycanın maraqları ilə tam şəkildə üst-üstə düşür. Hər kəsə bəllidir ki, bu seçkilər zamanı ən çox narahatlıq keçirən ölkə Azərbaycan idi. Çünki Ərdoğanın hakimiyyəti dövründə, xüsusilə son illərdə Azərbaycanla münasibətlər ən yüksək səviyyədə quruldu. Ərdoğanın torpaqlarımızın işğaldan azad edilməsinə göstərmiş olduğu birmənalı mövqe Azərbaycanın ermənilər və onu himayə edənlər üzərində qələbəsini şərtləndirən mühüm amillərdən biri oldu. Qarşıdakı 5 ildə vaxtilə Şuşada imzalanmış qardaşlıq münasibətlərinin bütün sahələrini özündə ehtiva edən Şuşa Bəyannaməsi və onun müddəaları bütün mənalarda inkişaf etdiriləcək. Ərdoğanın qələbəsi ilə yeni bir era başlandı. Bütün dünya Ərdoğanın yenilməz, təkrarsız bir lider olduğunu gördü, dərk etdi və qəbullandı. İnşallah, biz qarşıdakı illərdə Ərdoğanın yeni-yeni uğurlarının şahidi olacağıq".

Bəhruz Məhərrəmov: İran terror dövlətidir

Bəhruz Məhərrəmov

Deputat Bəhruz Məhərrəmov dedi ki, Qərb dünyası açıq formada anti-Ərdoğan kampaniyası aparırdı: “Türkiyədə yenidən Qərbdən asılı marionet bir rejim qurmaq, Türkiyənin artan güc və imkanları qarşısında birdəfəlik sədd çəkmək istəyirdi. Bir sözlə, bu seçkilər Türkiyə üçün ikinci Çanaqqala savaşı idi və bir əsr sonra bu savaşda yenə də milli iradə qalib gəldi. Müdrik türk xalqı yenidən "Ərdoğan" deməklə parçalanmanın, potensial vətəndaş müharibəsinin qarşısını aldı, Türkiyəni marionet dövlətə çevrilməkdən qurtardı. Türkiyə “Ərdoğan” deməklə müstəqillik, suverenliklə bərabər bölgənin təhlükəsizliyinə səs verdi.  

Eyni zamanda bu seçkilər həm də demokratiyanın təntənəsi hesab olunmalıdır. Ərdoğana qarşı “demokratik dəyərlər” adı altında səlib yürüşü təşkil edən Qərb dünyasına ən yaxşı cavab məhz 2 turlu azad seçki oldu. Ərdoğan türk düşmənlərini məhz demokratik dəyərlər ilə yerində oturdub, Qərbə seçki dərsi keçdi.

Heç şübhəsiz ki, bu seçkilər Azərbaycan üçün də mühüm önəmə malik idi. Çünki Türkiyə bizim ən yaxın müttəfiqimizdir və Ərdoğanın hakimiyyətdən getməsi arzuolunmaz situasiyalara səbəb ola bilərdi. Əlbəttə, Azərbaycanın yaratdığı reallığı kimsə dəyişə bilməzdi, lakin istənilən halda Kılıçdaroğlunun mesajları narahatlıqlar vəd edirdi. Kılıçdaroğlu və müttəfiqləri cənab Ərdoğanın özü ilə barəbər həm də Türkiyəni güclü edən Azərbaycanı hədəfə almışdılar, amma o adamlar da, onların Çinə çəkəcəkləri yol da cənab İlham Əliyevin təbiri ilə desək, getdi o məşhur “statusun” yanına. Bu mənada 28 may seçkilərində qələbə həm də ən yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətlərinin qızıl dövrünün yeni mərhələsini başlatmış oldu. Sirr deyil ki, güclü Türkiyə güclü Azərbaycan deməkdir. Amma bu mürəkkəb siyasi situasiyada cənab İlham Əliyev həm də göstərdi ki, eyni zamanda güclü Azərbaycan da güclü Türkiyə deməkdir. 

Bəli, bu gün qalib bizik. Bizim gücümüz, bizim birliyimiz, cənab Prezidentin dediyi kimi, “bir millət, iki dövlət və bir yumruq” olmağımız isə bölgəmizdə sülhün, təhlükəsizliyin yeganə qarantıdır".

Elxan Şahinoğlu: "İrəvan indi də Fransaya yalvarır"

 Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu öncəliklə müxalifətin məğlubiyyət səbəbini 5 hissəyə ayırdı: “Müxalifətin formalaşdırdığı "Altılı masa" Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunu uğura apara bilmədi. Birincisi, keçmiş nazirlər Əli Babacanla Əhməd Davudoğlu müxalifətə əlavə səs qazandıra bilmədilər, çox danışsalar da, Kamal Kılıçdaroğluna faydası olmadı. İkincisi, İyi Partiyanın lideri Meral Akşener ilk gündən Kamal Kılıçdaroğlunun yerinə qalib gələ bilən namizədin irəli sürülməsini istədi, hətta masadan qalxdı, ancaq onu eşidən olmadı. Üçüncüsü, “Altılı masa” vahid namizəd məsələsini çox gec müəyyənləşdirdi. Dördüncüsü, Kamal Kılıçdaroğlu PKK-nın siyasi qanadı ilə ittifaqda olmadığını cəmiyyətə izah edə bilmədi və bu səbəbdən milliyyətçilərin səslərini qazana bilmədi. Beşincisi, Kamal Kılıçdaroğlunun seçki kampaniyası zamanı Türkiyə vətəndaşlarının mənfi yanaşdığı ABŞ-a səfərinin və orada keçirdiyi görüşlərin ona xeyrindən çox ziyanı oldu. Bundan sonra nə olacaq? Kamal Kılıçdaroğlu böyük ehtimalla partiyasından və siyasətdən çəkiləcək. Meral Akşenerin “axı mən sizi xəbərdar etmişdim ki, gəlin ya İstanbul, ya da Ankaranın bələdiyyə başçısının namizədliyini irəli sürək” açıqlamasının aktuallığı artacaq və müxalifətdə çat əmələ gələcək. Buna baxmayaraq, Ərdoğanın qarşısında mürəkkəb vəzifələr var. Bunlardan başlıcası iqtisadiyyatdakı geriləməni və dərinləşən inflyasiyanı durdurmaq və insanların rifah halını yüksəltməkdir. Azərbaycana gəldikdə, müttəfiqlik daha da güclənəcək və bu bizə Qarabağda yerdə qalan məsələləri də həll etməyə imkan verəcək. Ərdoğanın qələbəsi erməniləri də məyus edib. Rusiya Prezidenti Vladimir Putin Cənubi Qafqazda Ərdoğan faktoru ilə əvvəlki kimi hesablaşacaq".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR