Hərbi ekspert: "S-400-lərin BƏƏ-yə satılması məhz bu hüquqi kilidi açır..."
Türkiyənin illərdir ABŞ-la münasibətlərində ən ciddi böhranlardan birinə çevrilən S-400 zenit-raket kompleksləri ətrafında yeni və diqqətçəkən iddia gündəmə gəlib. Türkiyə mediasının yaydığı məlumata görə, Ankara Rusiyadan aldığı və Vaşinqtonun sərt sanksiyalarına səbəb olan bu sistemləri Körfəz ölkələrindən birinə satmağa hazırlaşır. Əgər məlumat rəsmi təsdiqini tapsa, bu addım təkcə Türkiyənin müdafiə siyasətində deyil, həm də ABŞ-Türkiyə münasibətlərində və Yaxın Şərqin dəyişən təhlükəsizlik balansında yeni mərhələnin başlanğıcı olacaq.
İddialara görə, S-400 komplekslərinin yeni sahibi ya Birləşmiş Ərəb Əmirlikləri, ya da Qətər olacaq. Bu ehtimal xüsusilə İran-İsrail qarşıdurmasından sonra Körfəz ölkələrinin hava hücumundan müdafiə imkanlarını gücləndirmək cəhdləri fonunda diqqət çəkir. Digər tərəfdən, Donald Trampın Türkiyəyə tətbiq olunan CAATSA sanksiyalarının ləğvi ilə bağlı son açıqlamaları da bu satışın təsadüfi olmadığını düşündürür.
Son gələn məlumatlardan biri budur ki, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bu məsələyə münasibət bildirib. O qeyd edib ki, Türkiyənin Rusiyanın S-400 zenit-raket komplekslərini satması mövzusu olduqca həssas məsələdir. Onun sözlərinə görə, Rusiyanın bu məsələ üzrə Türkiyə ilə təmasları olub və bu təmaslar davam edəcək.
Türkiyə bu silahları hansı ölkəyə sata bilər? Bəlkə iddia olunan ölkələr deyil, başqalarıdır? Bu, Rusiya ilə münasibətlərə ciddi zərbə vura bilərmi?

Hərbi ekspert Səxavət Məmməd Musavat.com-a deyib ki, Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemləri uzun müddətdir Ankara ilə Vaşinqton arasında böyük bir problemə çevrilmişdi: “ ABŞ bu silaha görə Türkiyəyə sanksiyalar qoyub və onu yeni nəsil F-35 qırıcı təyyarə proqramından çıxarmışdı. Ancaq indi hər şey dəyişir. Ankara həm Amerikanın sanksiyalarından qurtulmaq, həm də F-35 layihəsinə yenidən qayıtmaq üçün çox maraqlı və böyük bir diplomatik gediş edir. Masadakı ən real ssenari budur ki, Türkiyə əlindəki bu S-400 raketlərini Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ), yəni Dubaya satmağa hazırlaşır. Son zamanlar İran təhlükəsindən qorunmaq istəyən BƏƏ öz hava məkanını gücləndirmək üçün bu raketləri almaqda çox maraqlıdır. Pakistan və ya Hindistan kimi digər ölkələrin adları çəkilsə də, maliyyə və siyasi baxımdan ən uyğun alıcı məhz BƏƏ-dir".
Ekspert dedi ki, burada ən vacib suallardan biri budur ki, Türkiyə bu raketləri Rusiyanın icazəsi olmadan başqasına sata bilərmi: "Beynəlxalq qaydalara görə, bir ölkə aldığı silahı istehsalçının razılığı olmadan üçüncü bir tərəfə sata bilməz. Vaxtilə Yunanıstan əlindəki rus istehsalı S-300 raketlərini Ermənistana satmaq istəyəndə Rusiya rəsmi olaraq bunun qarşısını almışdı. Türkiyə də suveren dövlət kimi ABŞ-la tam razılaşıb Rusiyaya rəğmən bu addımı ata bilsə də, Ankara Moskva ilə münasibətləri tamamilə qoparmaq istəmir. Ona görə də hazırda bu satışı Rusiya ilə müəyyən bir ortaq yol və ya kompensasiya taparaq həll etməyə çalışır.
Bəs Rusiyanın buna reaksiyası necə olacaq? Rusiya, təbii ki, bu işdən məmnun deyil, lakin Ukrayna müharibəsinə görə Ankaranın qarşısına çox sərt şərtlər qoya bilmir. Çünki ağır sanksiyalar altında olan Rusiya üçün Türkiyə dünyaya açılan ən böyük ticarət və nəfəs qapısıdır. Üstəlik, raketlərin satılacağı BƏƏ də Rusiya ilə yaxşı iqtisadi əlaqələri olan bir ölkədir. Bir çox insanın ağlına gələn "Rusiya Türkiyədə tikdiyi Akkuyu Atom Elektrik Stansiyasını dayandıra bilərmi?" sualının cavabı isə "xeyr"dir. Çünki Akkuyu layihəsinin böyük hissəsi Rusiyanın dövlət şirkəti olan "Rosatom"a məxsusdur və ora milyardlarla dollar pul qoyulub. Stansiyanın tikintisini dayandırmaq Rusiyanın özünə böyük maliyyə zərbəsi vurar və onun dünyadakı nüfuzunu sıfırlayar. Rusiya buna cavab olaraq ən çoxu Türkiyədən gələn pomidora qadağa qoya, turist gedişini azalda və ya Suriyada, Cənubi Qafqazda müvəqqəti çətinliklər yarada bilər. Türkiyə isə F-35 təyyarələrini almaq naminə Rusiyanın bu müvəqqəti qəzəbinə dözməyə hazırdır”.
Hərbi ekspertin fikrincə, bütün bu gedişatın əsas hədəfi Türkiyənin yenidən F-35 proqramına qayıtması və yerli istehsalı olan "KAAN" təyyarəsi üçün ABŞ-dan mühərrik almasını təmin etməkdir: “ABŞ Prezidenti Donald Tramp Türkiyəyə qarşı sanksiyaları qaldırmağa hazır olduğunu artıq bəyan edib. Lakin Amerikanın daxili qanunlarına görə, prezident bu sanksiyaları ləğv etmək üçün Konqresə rəsmi məktub yazmalı və orada "Türkiyənin ərazisində aktiv S-400 raketinin qalmadığını" rəsmən təsdiq etməlidir. S-400-lərin BƏƏ-yə satılması məhz bu hüquqi kilidi açır. Beləliklə, Türkiyə həm vaxtilə bu raketlərə xərclədiyi milyardlarla dolları geri qazanır, həm Rusiyanı tam itirmədən böhranı idarə edir, həm də ABŞ-dan ən müasir qırıcı təyyarələri almaq üçün yolunu tamamilə təmizləyir. Maraqlı məqam ondan ibarətdir ki, Türkiyənin F-35 proqramından çıxarılmasına əsas səbəb kimi S-400-lər göstərilsə də, əslində həm İsrail tərəfi, həm də ABŞ tərəfi etiraf etdi ki, buna maneçiliyi İsrail törədib. Hazırda İsrail tərəfi F-35-lər Türkiyəyə satılacağı təqdirdə, Ankaraya daha zəif versiyanın satılmasına nail olmaq istəyir. Yəni, burada S-400-dən daha çox İsrail ABŞ münasbətləri həlledici olacaq”.
Cavanşir Abbaslı
Musavat.com






