İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Kılıçdaroğlunu qabaqladı

1737 26.05.2023 08:25 Siyasət A A

HDP yenə  “Millət” İttifaqının namizədini dəstəklədi

Türkiyənin anket şirkətləri mayın 28-də keçiriləcək ikinci tur prezident seçkiləri ilə bağlı sorğuları davam etdirir.

 Son olaraq “Asal Araşdırma” anket şirkəti rəy sorğusu keçirib.

Məlumata görə, sorğuda 26 vilayət üzrə 2184 nəfərin rəyi öyrənilib. Sorğunun nəticəsinə görə, Cümhuriyyət Xalq Partiyasının sədri, "Millət" İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu ilə "Cümhur" İttifaqının namizədi, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında səs fərqi  7 faizdir.

Belə ki, respondentlərin 53,4 faizi Rəcəb Tayyib Ərdoğana, 46,6 faizi isə Kamal Kılıçdaroğluna səs verib.

Qeyd edək ki, prezident seçkilərinin mayın 14-də keçirilən ilk turunda hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kamal Kılıçdaroğlu 44,88 faiz, "ATA" ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Səsvermədə seçicilərin 88,92 faizi iştirak edib.

“2023-cü il 14 may prezident seçkiləri və 28-ci çağırış parlament seçkiləri Türkiyədə diktatura ilə bağlı iddialara son qoydu.”

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Tvitterdə etdiyi paylaşımda deyilir.

“Biz dünyaya göstərdik ki, müəyyən xarici KİV-lərdə dərc olunan yazılarla ictimai rəyi manipulyasiya etmək cəhdləri heç bir nəticə verməyəcək. Türkiyə xalqının iradəsi sarsılmazdır!”, - o bildirib.

Ərdoğan seçkilər ərəfəsində müəyyən dairələrin Türkiyədə guya diktaturanın olması ilə bağlı yalanları şişirtməyə çalışdığını xatırladıb. “Türkiyəyə qarşı dezinformasiya kampaniyasının arxasında öz ölkələrində seçicilərin yarısını belə seçkilərə gətirə bilməyənlər dayanırdı. Mayın 14-də keçirilən seçkilər ölkəmiz haqqında yayılan yalanları dağıtdı”, - Türkiyə lideri yazıb.

Siyasətçi siyasi məqsədlərə nail olmaq üçün separatçılara və terrorçulara yaltaqlanmağın yolverilməz olduğunu vurğulayıb.

Türkiyə liderinin sözlərinə görə, 14 may seçkiləri Türkiyə demokratiyasının gücünü göstərdi: “Mayın 14-də keçirilən seçki 21 il ərzində Türkiyə demokratiyasının hansı səviyyəyə çatdığını göstərdi. Bütün bunlar Türkiyənin 85 milyonluq əhalisinin, siyasi baxışından asılı olmayaraq seçkiyə gələn hər kəsin ortaq uğurudur. Əminəm ki, 28 may seçkiləri sayəsində ölkəmizin nailiyyətlərini birlikdə genişləndirəcəyik”.

HDP ikinci turla bağlı qərarını açıqladı

Türkiyədə müxalif Xalqların Demokratik Partiyası (HDP) və Yaşıl Sol Partiya (YSP) prezident seçkilərinin ikinci turu ilə bağlı mövqelərini açıqlayıb.

Türkiyə mətbuatı xəbər verir ki, bu barədə keçirilən brifinqdə məlumat verilib. “Dəyişiklik arzusu bizim ən böyük ilham qaynağımızdır. Hamımız səsverməyə gedəcəyik”, - deyə bildirilib.

Beləliklə, HDP və YSP-nin "Millət" İttifaqının namizədi, CHP sədri Kemal Kılıçdaroğlunu dəstəkləmək barədə qərarı qüvvədə qalıb.

Davutoğlu Özdağın daxili işlər naziri olmasını istəmir

Türkiyədə müxalifətin "Millət" İttifaqına daxil olan Gələcək Partiyasının sədri, sabiq baş nazir və XİN başçısı Ahmet Davutoğlu dağılmış "ATA" İttifaqının üzvü olmuş, ikinci turda "Millət" İttifaqının namizədi Kamal Kılıçdaroğlunu dəstəklədiyini elan edən Zəfər Partiyasının sədri Ümit Özdağın daxili işlər naziri postunu istəməsinə münasibət bildirib.

Türkiyə mətbuatı xəbər verir ki, o, belə bir mövzunun müzakirə olunmadığını deyib.

“Nazirliklər məsələsi "Millət" İttifaqındakı 6 partiyanın liderləri arasında müzakirə edilmədən başqa heç kimlə müzakirə edilə bilməz. Belə bir sövdələşməyə Kılıçdaroğlu getməz, biz də bunu qəbul etmərik. Özdağ deyib. Bəzən siyasi liderlər könlündən keçənləri deyər. Onunla bir çox fikirlərimiz üst-üstə düşmür. Lakin bu, müzakirələr aparmağımıza əngəl deyil. Biz Kılıçdaroğlu ilə görüşüb Özdağla imzalanan protokolu yenidən gözdən keçirdik. Fərqli düşündüyümüz şeylər var".

Xatırladaq ki, Özdağ belə bir tvit atmışdı: “Söz verirəm ki, suriyalıları daxili işlər naziri olaraq ölkədən yollayacağam. Bu gün saat 11:00-u gözləyin”.

Daha sonra CHP Özdağa nazir postu verilməsi barədə razılıq əldə olunması barədə məlumatları təkzib edib. Özdağ da məsələyə belə aydınlıq gətirib: “Nazirlik məsələsi hökumət qurulmadan danışılacaq bir məsələ deyil. Amma deyim ki, mən bu postu istəyərəm”.

Daha bir qrup deputat Türkiyəyə gedir

Milli Məclisin bir qrup deputatı Türkiyə Respublikasında keçiriləcək prezident seçkilərinin ikinci turunu müşahidə etmək üçün mayın 26-da bu ölkənin paytaxtı Ankara şəhərinə səfər edəcək.

Bu barədə Milli Məclisdən məlumat verilib. Səfər çərçivəsində Milli Məclisin komitə sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və qrupun üzvü, deputat Anar Məmmədov TÜRK PA, deputat, ATƏT PA-da Azərbaycan nümayəndə heyəti rəhbəri Azay Quliyev isə ATƏT PA xətti ilə Türkiyə Respublikasında mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turuna hazırlıqla tanış olacaq və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.

Sinan Oğandan tənqidlərə cavab

Türkiyədə "ATA" İttifaqının prezidentliyə namizədi olmuş Sinan Oğan ikinci tur seçkilərində AKP lideri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyinə görə onu tənqid edənlərə cavab verib.

Modern.az xəbər verir ki, Azərbaycan əsilli siyasətçi tənqidlərə cavab olaraq instaqram hesabında paylaşım edib. “Heç kimə kin saxlamıram, amma kimin nə etdiyini də unutmuram. Bəzən çox şeylər qarşısında səssiz qalıram. Amma necə deyərlər, hər şeyin öz vaxtı var. Mən doğru vaxtı gözləyirəm. Heç bir işdən xəbərsiz olduğumu düşünməyin. Sadəcə, bunlarla maraqlanmaq istəmirəm”, - deyə S.Oğan vurğulayıb.

Qeyd edək ki, Sinan Oğanın seçkilərin ikinci turunda AKP lideri, hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsi siyasi müstəvidə geniş müzakirələrə səbəb olub. Ərdoğan tərəfdarları Oğanın qərarını alqışla, bəzi müxalifət nümayəndələri isə təhqirlə qarşılayıb.

Kılıçdaroğlu danışdı: “İkinci səfərim Bakıya olacaq”

Türkiyədə prezidentliyə "Millət" İttifaqının vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu “Babala TV” internet televiziyasında Oğuzhan Uğurun “Mevzular Açık Mikrofon” proqramının qonağı olub.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparıcı O.Uğur verilişlə bağlı təəssüratlarını bölüşüb.

O qeyd edib ki, veriliş izlənilmə rekordu qırıb. Belə ki, yutubda ilk 1 saat ərzində verilişə 4 milyondan çox istifadəçi baxıb.

“Bu vaxta qədər 1 saat ərzində 1.5 milyon baxış sayı ilə rekord Məmləkət Partiyasının sədri cənab Muharrem İncəyə məxsus idi. Dünən Kılıçdaroğlunun qatıldığı proqram 1 saatda 4 milyona çatdı. İndi 20 milyona yaxındır, amma yutub sayımı ilə 11 milyona yaxın. Bu, böyük rekord idi. Kılıçdaroğlu çox sakit idi. Digər qonaqlar təbii ki, çox həyəcanlı idilər. Gözlərində həyəcan görünürdü, amma Kamal bəydə əsəb pozacaq qədər sakitlik vardı.

Zalda temperament qalxıb-düşəndə bu, qonaqların bədən dilinə təsir edir, amma Kılıçdaroğlu inanılmaz dərəcədə stabil idi. Möhtəşəm idi. Klıçdaroğlu sualları sakitcə cavablandırdı. Məsələn, bir çox siyasi partiya nümayəndələri bunu edə bilməmişdi. Dedi ki, mənə çoxlu sual verəcəkləri bəllidir. İnternetdə onun haqqında çoxlu suallar dolaşır. Bunun fərqində idi, komandasını təbrik edirəm, yaxşı oxuyublar. Kamal bəy gündəmdəki mövzulardan xəbərdar idi".

Qeyd edək ki, Kılıçdaroğlu veriliş zamanı Azərbaycanla bağlı verilən sualı da cavablandırıb.

Belə ki, prezidentliyə namizəd bu dəfə Azərbaycanı “görüb”. Azərbaycanı “İpək yolu” xəritəsindən silən, adını belə çəkməyən Kılıçdaroğlu bu dəfə deyib ki, prezident seçiləcəyi təqdirdə ikinci səfərini Azərbaycana edəcək (ilk səfəri Şimali Kipr Türk Respublikasına).

Afaq MİRAYIQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR