İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan imzasını atdı: seçkilər 14 mayda! Geri dönüş yox!

418 11.03.2023 08:35 Siyasət A A

Türkiyədə prezident və parlament seçkilərinin konkret vaxtı müəyyən olunub. Seçkilər 14 mayda baş tutacaq. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

“Əziz millətim, hörmətli mətbuat nümayəndələri, sizi ən səmimi hisslərimlə salamlayıram. Konstitusiyamızın 116-cı maddəsinin verdiyi səlahiyyətlə 2023-cü il iyunun 18-də keçirilməli olan prezident və parlament seçkilərinin mayın 14-də keçirilməsi haqqında qərarı indicə imzaladım. Rəsmi qəzetdə dərc olunacaq bu qərardan sonra YSK (Ali Seçki Komissiyası) 2 aylıq seçki təqviminə başlayacaq. Buna uyğun olaraq ümid edirəm ki, millətimiz 14 may 2023-cü ildə prezident və millət vəkillərini seçmək üçün seçkiyə gedəcək”, - prezident bildirib.

Qeyd edək ki, qardaş ölkədə prezident seçkiləri əslində 18 iyunda idi. Həmin gün indiki prezidentlik müddəti bitən Ərdoğan o tarixi əlverişsiz hesab etdiyini qeyd edib: “Hər şeydən əvvəl 18 iyun milyonlarca gəncimizin gələcəyi üçün ciddi əhəmiyyət kəsb edən universitet üçün imtahan tarixidir. Bu tarix yüz minlərcə vətəndaşımızın müqəddəs torpaqlara ziyarətə getməsi üçün qeydiyyatdan keçdiyi tarixlə üst-üstə düşür. Eyni zamanda, iyun ayı tətil müddətinə düşdüyü üçün əksər vətəndaşlarımız tətil edəcək. Bütün bunları nəzərə alaraq, sözügedən tarixin uyğunsuz olduğunu düşündük və 14 may tarixini təklif etdik”.

6 fevralda ard-arda baş verən zəlzələlər seçki mövzusunu ikinci plana saldı.

APA xəbər verir ki, bunu Ərdoğan deyib: “Əsrin fəlakəti olaraq adlandırdığımız bu fəlakət 11 şəhərimizdə ürəklərimizi dağlayan can və mülk itkisinə səbəb oldu. Fəlakətin böyüklüyü, üstəlik hava şəraitinin ağırlığı bizi çətinliyə salsa da, dövlət olaraq, insanlarımızın köməyinə çatdıq. Bu fəlakətdə 47 mindən çox vətəndaşımız həyatını itirdi, 115 mindən çox vətəndaşımız isə yaralı olaraq qurtarıldı. Mən vəfat edən vətəndaşlarımıza bir daha Allahdan rəhmət, yaxınlarına səbir diləyirəm”.

Prezident fəlakətin ilk günündən dövlət və millət olaraq bütün güclərini birləşdirib zəlzələdən əziyyət çəkənlərin yanında olduğunu qeyd edib: “Dövlət nümayəndəlikləri, nazirliklər, bələdiyyələr, könüllülər, həmçinin dost ölkələrdən yardıma gələn qardaşlarımızla ilk gündən ancaq zəlzələ və onun fəsadları ilə məşğul olduq”.

Artıq Türkiyə dövlət başçısının imzaladığı qərar rəsmi olaraq qüvvəyə minib. Seçkilərin 14 mayda keçirilməsinə dair qərar “Resmi Gazete”də dərc olunub.

Qardaş ölkədə eyni gündə keçiriləcək bu iki mühüm seçki ilə bağlı bir məsələni də xüsusi vurğulayaq. Aydındır ki, kollektiv Qərb, özəlliklə ABŞ Ərdoğanın seçki yolu ilə hakimiyyətdən getməsi üçün əlindən gələni edəcək, müxalifətə və onun əsas namizədi Kamal Kılıcdaroğluna hər cür, o cümlədən maliyyə dəstəyi verəcək. Ərdoğan hökumətinə qarşı isə Qərb mediasında qara PR kampaniyası pik həddə çatacaq.

Qərb amili seçkilərdə nə dərəcədə həlledici ola bilər? Ərdoğanın əlində açılmayan “kartları” varmı?

Hazırda bu suallar ətrafında təkcə Türkiyədə deyil, ona qardaş ölkə olan Azərbaycanda da ciddi müzakirələr gedir.

Azər Badamov: “Yaxın illərdə idxaldan asılılığımız xeyli azalacaq”

Azər Badamov: “Zəlzələ bölgəsində olan 10 milyondan çox insan indiki hakimiyyəti dəstəkləyəcək”

Deputat Azər Badamovun Qərb dairələrinin heç nəyə nail olmayacağına inamı tamdır: “Bəli, Qərb Türkiyədə keçirilən seçkilərdə Ərdoğanın hakimiyyətdən getməsi üçün əlindən gələni edəcək. Hətta bundan əvvəl də Türkiyədə hakimiyyət çevrilişlərinə cəhdlər olunmuş və dövlət tərəfindən dərhal zərərsizləşdirilib. Bunun da səbəbi Türkiyənin dünya arenasında söz sahibi olması və müstəqil siyasət yürütməsidir. Qərb Türkiyəni idarə etməyə çalışır. Amma prezident Ərdoğanın qətiyyəti və öz xalqının maraqlarından çıxış etməsi Qərbin heç də ürəyincə deyil. Bu gün türk lirəsinin kəskin dəyərini itirməsinin səbəbi də Qərbin Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalardan irəli gəlir. Qərb bütün imkanlardan istifadə etməklə Türkiyəni gücsüzləşdirməyə  çalışır. Ona görə də Qərb yenə bütün gücünü, siyasi texnoloqlarını Türkiyədə hakimiyyət dəyişikliyinin olunmasına və öz namizədinin hakimiyyətə gətirilməsinə yönəldəcəyini düşünürəm.

Bütün bunları nəzərə alaraq 14 mayda gözlənilən prezident və parlament seçkilərinin gərgin keçəcəyi ilə bağlı proqnoz vermək də o qədər çətin deyil. Türkiyədə baş vermiş ağır zəlzələ də müxalifət üçün yeni imkanlar yaradır. Amma bütün baş verənlərə baxmayaraq, seçkilərdə AK partiyasının yenidən iqtidarda qalacağı ilə bağlı proqnoz vermək çətin deyil. Çünki Ərdoğan hakimiyyəti dönəmində Türkiyə çox güclənib, dünyada böyük nüfuz və söz sahibinə çevrilib. Bu gün Türkiyədə baş vermiş zəlzələnin nəticələri ağır olsa da, Ərdoğan hakimiyyəti bu nəticələri qısa zaman kəsiyində aradan qaldırmağa çalışır. Hətta yeni şəhərlərin tikilməsinə başlanmış, iki ayda 500 minə yaxın evin istifadəyə verilməsi işləri icra olunur. Seçkiyə qatılacaq insanlar da Ərdoğanın hakimiyyəti altında dövlətin gördüyü işləri görür və dəyərləndirir. Ən azından zəlzələ bölgəsində olan 10 milyondan çox insan indiki hakimiyyəti dəstəkləyəcək.

Hesab edirəm ki, Türkiyənin düşdüyü bu çətin vəziyyətdən qısa zamanda çıxması üçün ən azından Türkiyənin hazırkı hakimiyyətinə yenidən etimad göstərilməsi vacibdir. Son sözü isə xalq deyir. Hesab edirəm ki, türk xalqı müdrik qərar qəbul edib düzgün seçim edəcək. Biz isə qardaş ölkə olaraq türk xalqının seçiminə böyük hörmətlə yanaşırıq və zəlzələnin nəticələrini aradan qaldırılması üçün öz qardaş dəstəyimizi ifadə etməkdə davam edəcəyik".

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli: “İmperiya xalqları xaricdən gələn təhlükəyə qarşı ayıq olurlar”

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli türk xalqının ayıq xalq olduğunu söylədi: “Qərbin əlində təsir və təzyiq rıçaqları təəssüf ki var. Bu rıçaqlar həm daxili, həm də xarici əhatə edir. Cümhuriyyət qurulandan bu yana kollektiv Qərb, ABŞ başda olmaqla Türkiyəyə hər sahədə ”beşinci kalon"larını yerləşdirib. Ərdoğan 20 illik iqtidarı dövründə bu kalonları xeyli zəiflətsə də, onlar toparlanmağı bacararaq yenidən nəfəs almağa başlayıblar. Əsasən də,  informasiya və iqtisadiyyat vasitəsilə Qərb “beşinci kalon”ları ilə birgə Ərdoğan iqtidarının üstünə gedəcəklər. İnformasiyalarla manipulyasiya müasir dövrdə kollektiv Qərbin ən güclü silahlarından olub. Ələxsus da sosial media qurulandan informasiya məkanında ABŞ özünü suda balıq kimi hiss edir. Çünki demək olar ki, bütün aparıcı sosial şəbəkələr Vaşinqtonun nəzarətindədir. İqtisadi amil də öz yerində. Lirənin düşməsi, inflyasiya, bahalaşma, üstəgəl dağıdıcı zəlzələ düşmənlərə əlavə üstünlüklər verib.

Amma bütün bunlara rəğmən, ən yeni tarixin bir nömrəli siyasi şahmat ustası olan Tayyib Ərdoğan, əminəm ki, bu çətin situasiyadan da çıxış yolu tapacaq. Artıq bu istiqamət də addımlar da atılmağa başlayıb. Türkiyənin ANAP və DSP kimi köklü partiyalarının “Cümhur İttifaqı”na qoşulmaq barədə danışıqların getdiyi haqda xəbərlər də yayıldı. Ərdoğan cəmi bir il ərzində zəlzələdən zərər çəkmiş ərazini bütövlüklə yenidən tikmək sözünü verib. Zəlzələdən zərər çəkmiş yerlərdə Azərbaycandan böyük ərazini əhatə edir. Artıq bunun planı da hazırlanıb. Və bir də unutmayaq ki, Anadolu türkləri müdrik xalqdır. Bilirlər ki, son anda kimə səs vermək lazımdır. İmperiya keçmişli, təfəkkürlü xalqları iqtisadi böhran, aclıq, müharibə, təbii fəlakətlərlə qorxudub onlara qalib gəlmək olmaz. Bu cür xalqlara qarşı bütün bunlardan istifadə edərək qalib gəlmək belə çox çətindir. İmperiya xalqları xaricdən gələn təhlükəyə qarşı oyanıq olurlar və dövləti ilə yumruq kimi birləşməyi bacarırlar. Düşünürəm ki, indi halda da belə olacaq".

İmran Xan Pakistanda siyasi böhranın birinci mərhələsindən qalib çıxdı”

Kənan Rövşənoğlu: “Ərdoğanın siyasəti Qərb üçün də əlverişlidir”

Tanınmış siyasi yazar Kənan Rövşənoğlu bir qədər fərqli düşünür. O hesab edir ki, Ərdoğanın hazırkı siyasəti Qərb üçün də əlverişlidir: “Qərb amilinin Türkiyə seçkilərində həlledici amil olmasına inanmıram. Bunun üçün hər hansı səbəb və ya əsas, ya da ki keçmiş təcrübə yoxdur. Təbii ki, böyük dövlətlər müttəfiq ölkələrdə özlərinə daha yaxın qüvvənin iqtidarda olmasını istəyir və buna hər hansı formada dəstək verirlər. Xüsusən də son illərdə bununla bağlı təcrübə var. Ancaq Türkiyə seçki və demokratiya təcrübəsi olan ölkədir. Orada seçkinin taleyini seçici, yəni xalq müəyyən edir.

Digər tərəfdən, düşünmürəm ki, Qərb Türkiyədə bu seçkilərdə Ərdoğanın hakimiyyətdən getməsi üçün xüsusi bir addımlar atır, plan qurub. Çünki birincisi, bunu göstərəcək hələlik hər hansı əlamət yoxdur. Türkiyə və Qərb, NATO, eləcə də, ABŞ arasında münasibətlər normaldır. Söhbət dövlətlər arasındakı münasibətlərdən gedir. Son Ukrayna müharibəsi göstərdi ki, Türkiyə prezidenti Ərdoğanın siyasəti Qərb üçün də əlverişlidir, Rusiya ilə danışıqların Türkiyədə aparılması, Ankaranın Ukrayna siyasəti heç də Qərbin maraqlarına zidd deyil. Yəni Ərdoğan hökuməti ilə ciddi bir gərginlik, düşmənçilik yoxdur. Üçüncü tərəfdən, Türkiyə güclü dövlətdir, onun seçki prosesinə müdaxilə elə də asan deyil, əksinə, çox çətindir. Türkiyədə situasiya elədir ki, Qərbin müxalifətə dəstək verməsi barədə hətta şayiələr belə müxalifətin ziyanına işləyəcək. Çünki əhali arasında anti-Qərb düşüncəsi çox güclüdür. Bu səbəbdən seçkilərdə Qərb faktoru kampaniya zamanı çox istifadə olunacaq. Lakin əlbəttə, Qərbdə Ərdoğanı sevməyən, onu tənqid edən ciddi dairələr var. Onlar Ərdoğanın seçilməməsini istəyir. Lakin onların istəklərinin Türkiyə seçicisinə nə qədər təsirli olacağı ayrı mövzudur. Və dediyim kimi, xarici təsirin çox ciddi olduğunu düşünmürəm. Amma əlbəttə, Qərb mediasında Ərdoğan barədə tənqidlər olacaq, hər zaman olduğu kimi".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR