İnsanlara hürriyət, millətlərə istiqlal!

Əmisi qızından çay istəyən kişiyə qarşı dəhşətli əməl— Lənkəranda şok olay

2205 14.03.2022 14:54 Kriminal A A

Lənkəran şəhərində 1979-cu il təvəllüdlü Şəmşir şəxsi münasibətlər zəminində qohumu Mərdana (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Şəmşir qayınatasına məxsus yaşadığı evin həyətinə gəlmiş arvadının əmisi oğlu Mərdana arvadını onlara çay vermək üçün çağırmasına etirazını bildirib. O, başı ilə Mərdanın baş-sifət nahiyəsinə zərbə vurub.

İstintaq orqanı tərəfindən Şəmşirin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Mərdanın sözlərinə görə, qonşuluğunda əmisi Malikə məxsus evdə yaşayan, sonuncunun yeznəsi Şəmşir ilə münasibətləri 2018-ci ildə pozulub: “Şəmşirin arvadı və qayınatası ilə münasibətləri pozulduğuna görə, təxminən altı ay ərzində onu yaşadığı evə buraxmayıblar. Hadisə baş verən günü, saat 21 radələrində Şəmşir yaşadığım evin həyətinə gəldi. Mənə “ay əmioğlu” deyə çağırdığına görə evdən həyətə çıxdım. Həmin ərəfədə həyətdə olan qardaşım Faiq evə girdi. Bizimlə bir evdə yaşayan bacılarım Aydan Bakı şəhərində, Nərminə isə qonşuda olub. Şəmşir məni çay içmək üçün yaşadığı evə dəvət etdi. Buna görə də onunla birlikdə bir-birimizin həyətinə keçid üçün istifadə etdiyimiz qapıdan keçməklə yaşadığı evin həyətinə getdik. Əmim qızı, Şəmşirin arvadı Xumardan bizə çay verməsini xahiş etdim. Şəmşir mənə “Xumarı niyə çağırırsan?” dedi. Mən də cavab verdim ki, çağırıram, gəlsin, bizə çay versin. Bunu deyəndə Şəmşir qəflətən başı ilə sağ qaşımın üstünə bir dəfə möhkəm zərbə vurdu. Zərbənin təsirindən başım gicəlləndi, müvazinətimi itirərək yerə yıxıldım. Xumardan çay verməsini istəyəndə və Şəmşir mənə başı ilə zərbə vuranda Xumar evdə olub. Xumar səs-küyə həyətə düşdü. Bizi aralaşdırmaq istəsə də, Şəmşir “burax onu, çəkil kənara, qoy bunu öldürüm” deyib ayağa qalxmağıma imkan vermədi. Təxminən on dəqiqə ərzində mənə təpik və yumruqla bədənimin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbələr vurdu”.

Zərərçəkmiş qeyd edib ki, nəticədə bədəninin müxtəlif nahiyələrində, barəsində tərtib edilmiş məhkəmə-tibbi ekspertizanın rəylərində göstərilmiş xəsarətlər yaranıb: “Xumar Şəmşirdən məni döyməsinin səbəbini soruşdu. Şəmşir dedi ki, bunlar olmasaydı, siz məni evdən qovmazdınız. Evdən əmimin səsi gələndə Şəmşir məndən ayrıldı və səs gələn tərəfə getməsindən istifadə edərək ayağa qalxdım, oradan qaçdım. Bu zaman həyətdə olmuş dəmir lövhənin üzərinə çıxmadım, oradan qonşuluqda yaşayan Əlvanın yaşadığı evin həyətinə keçdim. Orada Əlvanın arvadı bədənimdəki xəsarətləri, üzüm, qollarım və paltarlarımın qana bulaşdığını gördü, məndən nəyin baş verdiyini soruşdu. Ona Şəmşirin məni döydüyünü dedim. Əlvanın arvadı üzümdə və qollarımda olmuş qan ləkələrini yumaqda köməklik etdi. Alnımdakı yaraya yoda batırdığı pambıq qoydu. Oradan yaşadığım evə gəldim”.

Mərdan qeyd edib ki, Lənkəran rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım alıb, sonra Bakı şəhər Klinik Tibbi Mərkəzdə stasionar tibbi yardım göstərilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şəmşir 4 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Şəmşirin vəkili apellyasiya şikayəti verib. Vəkil Şəmşirin barəsində olan hökmün dəyişdirilməsini, onun əməlini Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həbs olmayan cəzanın verilməsini istəyib.

Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Şəmşirin barəsində verilən şikayət təmin olunmayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR