İnsanlara hürriyət, millətlərə istiqlal!

Əməkdar artist ona qarşı dələduzluq edən şəxsi ifşa etdi

1143 20.10.2022 17:10 Kriminal A A

Bakı Ağır Cinayətlər Məhkəməsində əməkdar artist Cavanşir Məmmədova qarşı dələduzluqda təqsirləndirilən Mustafa Kəmal İbilinin cinayət işi üzrə proses keçirilir.

Musavat.com-un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadələri dinlənilib.

Prosesin əvvəlində təqsirləndirilən şəxs Mustafa Kəmal İbili ifadə verib. Bildirib ki, Cavanşir Məmmədovun qızı Xatirə Məmmədova ilə evlənmək məqsədi ilə Bakı şəhərində ev alıb.

Daha sonra o, hakimin suallarını cavablandırıb. Cavanşir Məmmədov da Mustafa İbiliyə suallar ünvanlayıb. Ondan dələduzluqla alınan pulları qaytarmasını istəyib: “Pulumu almısan, qaytar, gedək işimizə”.

Mustafa İbili əməkdar artistə cavabında “pulu qızından istə, mən də ondan istəyirəm elə”, - deyib.

Zərərçəkmiş qismində ifadə verən Cavanşir Məmmədov bildirib ki, Türkiyə vətəndaşı Mustafa Kəmal İbili ilə ilk dəfə 2019-cu ilin fevral-aprel aylarında tanış olub:

“Mənə yaxınlaşıb özünü tanıtdı. Türkiyədən Bakıya gəlib mənimlə qonşuluqda yaşadığını bildirdi. Dedi ki, yaxın zamanlarda bir iş ortağının toyu olacaq, həmin toyda müğənni kimi iştirak etməyimi xahiş etdi. Dedim, gəl, küçədə söhbət etməyək. Evimə dəvət etdim. Tez-tez türkcə danışırdı deyə onun danışığını başa düşmürdüm. Heç indi də başa düşmürəm. Ona görə qızımla nəvəm də bizimlə oturdular. Toy məclisini danışdıq. Münasibət yarandı. 2019-cu ilin son aylarında bir dəfə də tanışının toy məclisinə dəvət etmişdi. Bu adam məni güdürdü. Nə vaxt evə gəlirdim, gəlib “Cavanşir baba” deyə-deyə başımın üstünü kəsdirirdi. Deyirdi ki, Cavanşir baba gəlir, yerin haradır? Deyirdim, heç nə, boğazım. 2020-ci ilin təxminən oktyabr-noyabr aylarında yenə evimə gəlib, ticarətlə məşğul olub-olmadığımı soruşdu. Dedim, yox, məşğul olmuram. Dedi, internet üzərindən birjada müxtəlif şirkətlərin səhmlərini alıb-satmaqla məşğuldur. Yaxşı gəlir əldə edir. Əgər mən də pul versəm, mənim pulumla internet üzərindən səhm alıb satar və mənə pul verər. Pandemiya vaxtı idi, toy və şənliklər az idi. Fikirləşdim ki, razılaşım, pul ilə ailəmi dolandırım. Razılaşdıq, mənə dedi, ona 10 min dollar versəm, hər ay 500 manat gəlir verəcək. Dedi, bu işdə yaxşı qazanc var və istədiyim vaxt pulun ana hissəsini əvvəlcədən xəbər vermək şərti ilə götürə biləcəyəm. 2020-ci ilin oktyabr-noyabr aylarında mənə 500 manat əvəzinə 700 manat verib guya əldə olunan gəlirdən olduğunu dedi. Dedi ki, əlavə də 10 min dollar versəm, mənə bir o qədər çox gəlir gələcək. Beləcə pulu alıb arada bir müəyyən məbləğdə pul verməyə başladı. 2021-ci ilin iyun ayınadək bu adam məndən 100 min dollar, nəvəmdən 8 min manat və 30 min dolları birja adı ilə aldı. Həmin ilin iyun ayında artıq Mustafadan şübhələnməyə başladım. Bizə deyirdi bank hesabında problem var, buna görə də Türkiyəyə getməlidir. Həmin vaxt yoldaşım və qızım da Türkiyəyə getməli idilər. Ona görə Mustafaya dedim onlarla birgə get, problemi həll et. Türkiyədə olarkən nəvəmə pul lazım olduğu üçün qızım Xatirə Mustafanın bank hesabına 26 min 500 dollar pul vurub. Mustafa da həmin pula 3500 dollar əlavə edib, hissə-hissə Bakıya nəvəmə göndərib. Lakin Türkiyədə olakən aldığı pulları ödəməmək üçün orada yoldaşım Xalidə və qızım Xatirə ilə mübahisə edib. Həmin vaxtdan sonra zənglərimizə cavab vermədi. Biz də polisə müraciət etdik. Mənim hər iki övladım Bakı Dövlət Universitetinin hüquq fakültəsini qırmızı diplomla bitiriblər. Ancaq bu şəxs 3-cü sinfi bitirib, 17 il də dələduzluq məktəbini oxuyub. Bütün səs yazıları var. Özü etiraf edib hər şeyi”.

Məhkəmənin növbəti iclası noyabrın 3-nə təyin olunub.

Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. Müğənni iddia edib ki, Mustafa İbili ondan 13 min manat və 126 min 500 dollar alıb, geri qaytarmayıb. Mustafa İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

E.Məmmədəliyev
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR