İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyevin mükəmməl Xankəndi strategiyası: bənd-bənd reallaşan reinteqrasiya

872 26.09.2023 13:14 Siyasət A A

Deputat: “Gələcək görüşlərdə idarəçiliklə bağlı addımlar da atılmalıdır”

Azərbaycan dövlətinin həyata keçirdiyi lokal antiterror tədbirləri öz ciddi nəticələrini verməkdədir. Artıq Ordumuz və digər dövlət atributlarımız Qarabağ ermənilərinin yaşadığı və Azərbaycana tabe olmayan bölgələrdədir. Qarabağın, demək olar ki, bütün ərazilərində nəzarəti ələ almışıq. Xankəndidə bayrağımızın qaldırılmasına hazırlıq gedir.

Bu məlumatı həm ön xətdə, döyüş meydanında olan hərbçilərimiz, həm də erməni qaynaqları təsdiqləyir. Hələ ki Xankəndinin mərkəzində Rusiya sülhməramlılarının nəzarəti mövcuddur. Ancaq bu nəzarət Azərbaycan tərəfi ilə razılaşdırılmış şəkildə həyata keçirilir.

Habelə, erməni mediası bir çox ermənilərin Qarabağda yaşamaq istəməyərək, Ermənistana köçdüyünü yazır. Onlar Laçın sərhəd-keçid məntəqəsindən yoxlanaraq, Ermənistana keçirlər.

 Azərbaycan KİV-i də onları lentə alıb. Ermənistana gedənlər deyiblər ki, onlara Azərbaycan tərəfdən heç bir təzyiq yoxdur, sadəcə, özləri könüllü şəkildə gedirlər.

Beləcə, “qamçı və kökə” siyasətini uğurla reallaşdıran Azərbaycan reinteqrasiya prosesini də qüsursuz şəkildə, yavaş-yavaş irəliyə aparır. Öz prioritetlərinə sadiq qalan Bakı bu məqsədlə Qarabağdakı erməni əsilli vətəndaşlarına humanitar yardımları da davam etdirir. Xəbər verildiyi kimi, Qarabağ bölgəsindəki erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün Ağdam-Xankəndi yolu ilə göndərilən ərzaq yükü ünvana çatdırılıb və avtomobil karvanı geri dönüb.

Yeri gəlmişkən, artıq Qarabağda yaşayan erməniəsilli sakinlərdən Azərbaycan vətəndaşlığı almaqla bağlı müraciət edənlər var. Bunu jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev deyib. Onun sözlərinə görə, erməniəsilli sakinlərin Azərbaycan Konstitusiyasına uyğun olaraq vətəndaşlıq məsələlərinə baxılacaq.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında İşçi Qrup yaradılıb. 2023-cü il sentyabrın 20-dən etibarən İşçi Qrup tərəfindən aşağıdakı tədbirlər həyata keçirilib:

- 2023-cü il sentyabrın 22-də Fövqəladə Hallar Nazirliyi tərəfindən erməni sakinləri üçün 40 tonluq ərzaq məhsulları və gigiyenik vasitələrdən ibarət 2 yük avtomobili və 2 çörək dolu avtomobil fəaliyyətdə olan Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb;

- erməni sakinlərinin ilkin tibbi yardım və qida ilə təmin olunması məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən Ağdam, Füzuli və Kəlbəcərdə 1000 nəfərlik çadır düşərgələri qurulub. Ərazidəki polis qüvvələri, hərbi heyət və mülki işçilər tərəfindən erməni sakinlərə yerlərdə ilkin tibbi yardım və müvafiq dəstək göstərilir;

- sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə erməni sakinlərin nümayəndələrinin xahişinə uyğun olaraq, ilk növbədə, bağçalar, təcili tibbi yardım və yanğınsöndürmə xidmətləri olmaqla, yanacaq-sürtgü materiallarının göndərilməsi təmin ediləcək;

- Rusiya sülhməramlı qüvvələrinin kontingentinin şəxsi heyətinin istifadəsi, eləcə də sülhməramlılar vasitəsilə mülki əhaliyə çatdırılması üçün Laçın-Xankəndi yolu ilə ərzaq və gündəlik tələbat mallarının keçidi təmin olunur;

- Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən Ağdam-Əsgəran-Xankəndi və Laçın-Xankəndi yolu ilə ərzaq, dərman preparatları və uşaq qidasından ibarət yüklərin aparılmasına, təşkilatın Bakı və Cenevrə ofislərindən Xankəndidə olan alt-ofisinə əlavə heyətin ezam olunmasına şərait yaradılır;

- BQXK-nın müraciəti əsasında tibbi yardıma ehtiyacı olan şəxslərin Ermənistana təxliyəsi üçün zəruri imkanlar yaradılır.

Sentyabrın 23-də isə Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağ bölgəsinin erməni sakinləri üçün yanacaq göndərib. Məlumata görə, 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin, ilk növbədə, bağçaların, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin yanacaq-sürtkü materialları ilə təmin edilməsi xahişinə uyğun olaraq, sentyabrın 23-də Bərdə-Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 24 ton benzin, 40 ton dizel yola salınıb.

Azərbaycan reinteqrasiya prosesini də qüsursuz şəkildə, yavaş-yavaş irəliyə aparır. Öz prioritetlərinə sadiq qalan Bakı bu məqsədlə Qarabağdakı erməni əsilli vətəndaşlarına humanitar yardımları da davam etdirir. Xəbər verildiyi kimi, Qarabağ bölgəsindəki erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün Ağdam-Xankəndi yolu ilə göndərilən ərzaq yükü ünvana çatdırılıb və avtomobil karvanı geri dönüb.

Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş katibi Ceyhun Mirzəyev “Yeni Müsavat”a bildirdi ki, humanitar yüklü avtomobillər hələ də Ağdam yolunda gözləyir. O qeyd edib ki, AzQAC bununla bağlı təlimat gözləyir: “İçərisində 40 ton un məmulatları olan iki TIR Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir. Heç bir narahatlığımız yoxdur. Bu həftə nələr baş verəcəyini demək çətindir. Hər an vəziyyət dəyişə bilər. Tam hazırıq, təlimat verilən kimi humanitar yükü Xankəndi sakinlərinə verib qayıda bilərik”.

Arzu Nağıyev: “Xankəndi üzərində də Azərbaycan bayrağı ucaldılacaq” – FOTO  – Yeni Gün

 Arzu Nağıyev

Millət vəkili Arzu Nağıyev “Yeni Müsavat”a şərhində qeyd etdi ki, Azərbaycan Qarabağda yaşayan erməni əsilli sakinlər üçün lazımi şəraiti yaratmaqda davam edir: “Lokal antiterror tədbirləri keçirilən zaman kəndlərindən, evlərindən qaçan, eyni zamanda Xankəndi istiqamətində gedən, sülhməramlı qüvvələrin nəzarətində olan Xocalı hava limanında çoxsaylı erməni əsilli sakin var. Onlar arasında artıq köçən də var, köçməyə hazırlaşan da. Onlar arasında yaralılar, xəstələr də var. Qondarma qurumun nümayəndələri əhalini təmin etmək iqtidarında, açığı, heç marağında da deyillər. Buna görə də sentyabrın 21-də Yevlaxda keçirilən görüşdə əsas məqsəd sosial məsələlərin həll edilməsi idi. Azərbaycan hökuməti tərəfindən təşkil edilən komissiyaların işləməsi mühüm  məsələdir. Onlar müvafiq istiqamətlər üzrə fəaliyyətlərini davam etdirirlər. Bu gün əsas məsələ psixoloji gərginliyi azaltmaq üçün sosial məsələlərin həllidir. Bu istiqamətdə humanitar yardım mühüm amildir, çünki reinteqrasiyanın əsası dövlətə və dövlətçiliyə inamdır. Bu istiqamətdə Azərbaycan hökuməti bütün lazımi tədbirləri həyata keçirir. Gələcək görüşlərdə idarəçiliklə bağlı addımlar da atılmalıdır”.

A.Nağıyev vurğuladı ki, bu gün ən ciddi problem qanunsuz silahlı birləşmələr vasitəsilə Qarabağda yaşayan ermənilərə təzyiqlərin və tələblərin qarşısının alınmasıdır: “Azərbaycan bayrağı altında, konstitusiyamıza uyğun olaraq yaşamaq istəyən sakinlərə zəruri şərait yaradılacaq. Belə bir çətin zamanda onların ehtiyaclarının qarşılanması ən mühüm məsələdir. İstər Fransa, istərsə də digər dövlətlərə məxsus yükün Azərbaycan ərazisinə daxil olması ölkəmizin sərhəd və gömrük prosedurlarına uyğun olmalıdır. Yoxlama həyata keçirilməli, proses Beynəlxalq Qırmızı Xaç Komitəsi və Qızıl Aypara Cəmiyyətinin vasitəçiliyi ilə həyata keçirilməlidir. Digər məsələlər yerli qanunvericilik çərçivəsində həll oluna bilər. Bu gün Azərbaycan Qarabağ iqtisadi rayonunda sülhməramlı qüvvələrlə birlikdə problemlərin həllində iştirak edir. Dövlətçiliyin bərpası istiqamətində ciddi addımlar atılacaq və Xankəndidə Azərbaycan bayrağının dalğalanması ilə nəticələnəcək”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR