İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Hüseynli: “Qarşıya qoyulan növbəti məqsəd Qərbi Azərbaycana qayıdış konsepsiyası oldu”

640 25.09.2023 19:57 Siyasət A A

Sentyabrın 25-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: hüquqi aspektlər” mövzusunda ictimai dinləmə keçirilib. Musavat.com bildirir ki, dinləmədə Milli Məclisin deputatları, Prezident Administrasiyasının və Baş Prokurorluğun əməkdaşları, hüquqşünas alim və tədqiqatçılar, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbiri açan Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli belə mühüm mövzuda ictimai dinləmənin keçirilməsinə göstərdiyi dəstəyə görə Milli Məclisin sədri Sahibə Qafarovaya, Prezident Administrasiyasının Siyasi Partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinə, həmçinin Milli Məclis Aparatına və Qərbi Azərbaycan İcmasına təşəkkürünü bildirib.

Əli Hüseynli diqqətə çatdırıb ki, Milli Məclisdə Qərbi Azərbaycana qayıdışın müxtəlif aspektləri mövzusunda artıq bir neçə dinləmə təşkil olunub. Bizim qarşıda duran vəzifəmiz isə məhz həm milli, həm beynəlxalq hüquqi aspektlərin araşdırılmasıdır.

O, bildirib ki, bu il Ulu Öndər Heydər Əliyevin 100 illiyi dönəmində Qərbi Azərbaycana qayıdış konsepsiyasının müzakirələri tarixin bir qanunauyğunluğuna çevrilib. Müstəqillik tariximizin yaradıcısı Ulu Öndər dövlət siyasətində tarixi yaddaşı önə çəkərək, hələ 1997-ci ildə “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi ata-baba torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərman imzalayıb, hadisələrə deportasiya və soyqırım cinayəti kimi qiymət verib, müvafiq dövlət komissiyası yaradıb və özü şəxsən ona rəhbərlik edib. Sonrakı mərhələlərdə isə Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyev də İrəvanın və digər ərazilərimizin ermənilərə verilməsi ilə heç zaman barışmayıb, bu məsələni həmişə diqqətdə saxlayıb. Heç də təsadüfi deyil ki, 2020-ci ilin Vətən müharibəsi qələbəsindən bir müddət sonra qarşıya qoyulan növbəti məqsəd Qərbi Azərbaycana qayıdış konsepsiyası oldu.

Yaşadığımız bu tarixi günlərdə Ali Baş komandanın rəhbərliyi ilə Azərbaycan silahlı qüvvələri cəmi bir gün ərzində lokal antiterror tədbirləri həyata keçirərək Azərbaycanın suverenliyini Qarabağ iqtisadi zonasında da tam təmin etmiş oldu. Artıq Azərbaycan dövləti orada yaşayan ermənilərin Azərbaycana reinteqrasiyası ilə bağlı öz planlarını təqdim etmişdir. Məhz belə bir tarixi şəraitdə Qərbi azərbaycanlıların da tarixi vətənimizə qayıdışı və reinteqrasiyası xüsusi aktuallıq kəsb edir. Bu baxımdan bu məsələnin hüquqi aspektlərinin analizi, araşdırılması təklifləri də çox önəmlidir və biz bununla bu işə öz töhfəmizi vermiş olarıq.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR