İnsanlara hürriyət, millətlərə istiqlal!

“Elə bil ürəyimdən 30 ildir keçən arzunu hiss etdin...” - Asif Mərzili

976 14.06.2023 15:03 Media A A

“O yurdlar bizi gözləyir”

Keçmiş məcburi köçkünlərin məskunlaşdırılması prosesində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və müvafiq icra hakimiyyəti orqanı nümayəndələrindən ibarət işçi qrup tərəfindən bu prosesdən xeyli əvvəl doğma yurd-yuvalarından didərgin düşənlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıdışının reallaşmasına hazırlıq tədbirləri görülür.

Bunu Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə xüsusi nümayəndəsi Emin Hüseynov “Xalq qəzeti”nə müsahibəsində bildirib: “Bu zaman, ilk növbədə, sosial şəraiti ağır olan, qəzalı vəziyyətdəki müvəqqəti məskunlaşma yerlərində yaşayan, eyni zamanda tərkibində iş qabiliyyəti olan şəxslərə aid ailələrin məskunlaşmasına üstünlük verilir”.

Emin Hüseynov müsahibəsində keçmiş məcburi köçkünlərin Füzuli və Ağdama köçürüləcəyi vaxtı da açıqlayıb: “Məsələn, "Böyük Qayıdış" proqramı çərçivəsində martın 16-da Tərtər rayonunun Talış kəndinə ilkin mərhələdə bu cür şəraitdə yaşayan 20 məcburi köçkün ailəsinin (90 nəfər) köçürülməsi bunun bariz ifadəsidir”. 

Onun sözlərinə görə, hazırda Füzulidə 6 məhəllə inşa olunur: “38 binada tikinti-quraşdırma əməliyyatları sürətlə aparılır. 800 ailənin həmin yaşayış sahəsinə ilin sonunadək köçürülməsi nəzərdə tutulur. Bu proses iki mərhələdə planlaşdırılır. Sentyabr ayına kimi reallaşacaq birinci mərhələdə 260 ailənin məskunlaşdırılması gözlənilir”.

E.Hüseynov qeyd edib ki, əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə bərpa və reabilitasiya prosesinin ilk mərhələsində Füzuli və Ağdamda iki şəhər mərkəzinin və 32 kəndin yenidən qurulması, həmçinin Hadrut, Suqovuşan və Tuğda turizmin inkişafı istiqamətində nəzərdə tutulan layihələrin yüksək keyfiyyətlə, eyni zamanda nəzərdə tutulan vaxtda həyata keçirilməsidir.

Xüsusi nümayəndə əlavə edib ki, Ağdam şəhərində ərazi geniş olduğu və bu səbəbdən də böyük həcmdə infrastruktur quruculuğu aparıldığı üçün məskunlaşmanın gələn ilin sonunda başlanacağı nəzərdə tutulur: “Ümumiyyətlə, 2026-cı ilin sonunadək Ağdam şəhərinə 20 min keçmiş məcburi köçkünün köçürülməsi planlaşdırılır”.

Asif Mərzili Dünya Türk Jurnalistləri Birliyinin köşə yazarı seçilib |  Azadliq

Asif Mərzili

Əslən Ağdamdan olan  “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili qayıdış arzusunu vaxtilə götürdüyü bir müsahibə ilə belə ifadə etdi: “Qarabağın bütün yerlərinə "Böyük Qayıdış" planı çərçivəsində məcburi köçkünlərin köçürülməsi prosesi davam edir və bu gedişatdan razı olmaya bilmərəm. Çünki bu qayıdış əslində Ermənistanın havadarlarının sayəsində Azərbaycana, o cümlədən qarabağlılara yaşatdığı 30 illik işğala son qoyma və onların o yurdlara 30 ildir boylanan həsrətinin nöqtələndiyi prosesdir. Mənim də doğulduğum və yaşadığım kənd-yurd yerim işğal edilmişdi və bu gün o yerlərə qayıtmaq, orada yaşamaq ən böyük arzumdur. Dünya şöhrətli alim Rafiq Əliyevdən neçə il əvvəl müsahibə alarkən (nə professorun, nə də mənim ağlıma və xəyalımıza gəlməzdi ki, ən azı Şuşa düşməndən azad edilə bilər, biz Ağdama-mən Mərziliyə, Rafiq Əliyev də doğulduğu Novruzlu kəndinə qayıda bilərik...) sonda Rafiq Əliyevə arzumu bildirdim və dedim: “Rafiq müəllim, sizə nə arzu edə bilərəm... Arzu edirəm ki, Tanrı Sizə Ağdamda-Novruzluda ölməyi qismət eləsin...” Rafiq müəllim duruxdu və üzümə baxıb “Elə bil ürəyimdən 30 ildir keçən arzunu hiss etdin...”, - deyərək kövrəldi. Bəli, o yurdlara “Böyük Qayıdış” həm də o torpaqlarda uyuyan babalarımızın genini daşıyanların o genə, yaddaşa qayıdışıdır. Qayıdışımız mübarək!"

A.Mərzili hər kəsin dünyaya göz açdığı yerlərə köçmək üçün tələsdiyini söylədi: “Qohumlarım da tələsir, daha tez getməyi arzulayırlar. Xüsusən də cavanların hələ bəzən narazılıqla tələsdiyini görəndə onlara deyirəm ki, əvvəla, 30 illik ayrılığa və həsrətə dözənlərin qayıdışa bir-iki il də dözməyi niyə belə mümkünsüzləşir? İkincisi deyirəm, siz hara tələsirsiniz? Qoy yaşı 70-80 olan ahıllar tələssin. Başa düşürəm, siz qurmağa, əkməyə və yaşamağa, həm də yaşatmağa tələsirsiniz, ahıllarımız isə o yurdda ölməyə tələsirlər... Məsələn, mənim anamın da ən böyük arzusu bu idi ki, kəndə gedib elə orda da canını tapşırsınE Çünki qocalarımızın-ahılların yaşam limiti getdikcə azalır... Onlar gününü, saatını sayır. Beləliklə, tələsmək yaxşı əlamətdir, bu, o insanların yurda qayıdış fəlsəfəsidir. Amma 30 illik dağıntıların aradan qaldırılması və minalardan təmizlənməni də nəzərə almalıyıq. Atalarımız deyib: "Tələsən təndirə düşər!" Mən deyirəm, tələsən minaya düşər! Bunu hamı nəzərə almalı, dövləti minatəmizləmə kimi vacib siyasətdə tələsdirməməliyik... Əsas odur ki, o yurdlar bizi gözləyir! Zənnimcə, Ağdam köçkünlərinin nə vaxt yurda qayıdışı sualına artıq cavab vermiş oldum".

Hazırladı: Cavanir ABBASLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR