İnsanlara hürriyət, millətlərə istiqlal!

Eldar Mahmudovun baş istintaqçısının Avropadakı bank hesabları bloklanacaq - Sensasion gəlişmə

1012 10.12.2022 08:00 Gündəm A A

BMT-nin Narkotik və Cinayətlər Bürosuna müraciət edilib

Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub-E.M.) İstintaq Baş İdarəsinə rəhbərlik etmiş general-mayor Mövlam Şıxəliyev, 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini Sahib Ələkbərovun xaricdəki banklarda hesablarının bloklanması üçün addımlar atılıb.

Bu haqda “Yeni Müsavat”a daxil olan məlumatı iş üzrə zərərçəkən Zaur Əliyev təsdiqləyib. Deyib ki, Mövlam Şıxəliyev və digərilərinin xarici banklarda hesablarının olması haqda məlumatlar var:  “Mövlam Şıxəliyev və digərilərinin cinayət işi üzrə 36 zərərçəkən var. Mən də həmin zərərçəkənlərdən biriyəm. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şıxəliyev və əlaltılarından ibarət mütəşəkkil cinayətkar quldur dəstənin bizlərə qarşı cinayətkar əməllər törətmələri təsdiqlənib. Bu adamlar uzun illər Milli Təhlükəsizlik Nazirliyinin vəzifələri şəxsləri olaraq bizlərə qarşı dövlətin gücündən istifadə edib cinayət törədiblər. Ailələrimizi hədələməklə onlardan bizim qanunsuz həbsdən azad edilməyimiz üçün külli miqdarda pul alıblar. İş üzrə biz zərərçəkənlərə dəyən ziyan ümumilikdə 20 milyon manatı aşır. Məsələnin bu tərəfi də var ki, Mövlam Şıxəliyevgilin cinayətləri təkcə hazırki cinayət işi üzrə keçən 36 nəfər zərərçəkənlə məhdudlaşmır. Ətraflı və obyektiv araşdırma aparılsa, zərərçəkənlərin sayı da hazırkindən qat-qat artıq olar.

Mövlam Şixəliyevin 9 milyonluq əmlakının müsadirə olunması istənilir - SİYAHI | FED.az

Əlbəttə ki, bu cinayətləri Mövlam Şıxəliyev və onunla birgə mühakimə edilənlər birbaşa rəhbərləri Eldar Mahmudovun icazəsi olmadan törətməyiblər. Nəticədə əldə olunan məbləğləri də aralarında bölüşdürüblər. Eldar Mahmudov hazırda həbs olunmayıb və onun özünün, ailə üzvlərinin xaricdə kifayət qədər böyük sərvətləri var. Söhbət 100 milyon dollarlardan gedir.  Mətbuatda bu sərvətlər haqda faktlara söykənən məlumatlar yayılıb. Biz zərərçəkənlər də hesab edirik ki, Mövlam Şıxəliyev və onunla birgə mühakimə olunanların da xaricdə böyük sərvətləri, banklarda hesabları var. 100 milyon dollar olmasa da, 10 illik quldurluq dövrlərində 50 milyon dollar yığdıqlarını təxmin edirik. Buna görə də qərara gəldik ki, Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətlər Bürosuna müraciət edək. Xahiş edək ki, Mövlam Şıxəliyevlə onun ailə üzvlərinin, hazırda birgə mühakimə olunan hər 3 şəxs barədə məlumat verməklə Avropa Banklarında olan hesablarınımn bloklasınlar".   

Zərərçəkən artıq ünvana çatan məktubun mətnini də redaksiyamıza təqdim edib: “Mənim insan hüquqlarım 2009-cu ildə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları(MTN - nəzərdə tutulur- E.M) tərəfindən kobud şəkildə pozulub. Mən 13 ilə yaxın öz hüquqlarım uğrunda mübarizə aparmışam və yalnız bu quldur məmurlar işdən çıxarıldıqdan sonra zərərçəkənlərdən biri kimi mən də özümü müdafiə edə bilmişəm. Xeyrimizə məhkəmə qərarı çıxarılıb. Amma bu quldurlara cüzi cəza verildiyi üçün maddi ziyanı da ödəmək istəmirlər, zərərçəkmişlər, o cümlədən mən apelyasiya məhkəməsinə şikayət etmişəm.

5 dekabr 2022-ci ildə bu iş üzrə Apelyasiya Məhkəməsində baxış başlayıb. Bu yaxınlarda mən etibarlı məlumat aldım ki, bu quldurlar və onların yaxın qohumları Avropadakı bank hesablarında böyük sərvətlərə sahibdirlər, səlahiyyətlərini ötürməklə (həvalə etməklə) bu pulları Avropadan çıxarmaq istəyirlər. Maddi və mənəvi ziyanımı qaytarmasalar, mütləq Avropa Məhkəməsinə müraciət edəcəm, amma Avropa Məhkəməsinə müraciət edəndə pulun orada qalmamasından çox narahatam. İnsan hüquqlarımı ədalətli şəkildə başa çatdırmaq üçün sizdən xahiş edirəm ki, bu məlumatı səlahiyyətli orqanlara ötürəsiniz ki, quldurlar və onların ailə üzvləri üçün Avropada bank hesablarını bağlasınlar, çünki bu pullar bu quldurlar yüksək vəzifəyə qalxdıqları dövrdə ələ keçirilib.

Əsas şəxs:

Şıxəliyev Mövlam , 07.10.1958-ci il təvəllüdlü

Həyat yoldaşı:

Şıxəliyeva Aybəniz Qinyaz qızı, 10.07.1961-ci il təvəllüdlü

Oğul:

Şıxəliyev Elgün Mövlam oğlu, 09.05.1984-cü il təvəllüdlü

Qızı:

Şıxəliyeva (Əliyeva) Samirə Mövlam qızı, 01.01.1986  anadan olub.

Əsas şəxs:

Ələkbərov Sahib Yunus oğlu, 18.08.1960-cı il təvəllüdlü

Əsas şəxs:

Məmmədov Yasin Seyfulla oğlu, 24.05.1971-ci il təvəllüdlü

Əsas şəxs:

Ələkbərov Vüsal Hicran, 04.07.1967-ci il təvəllüdlü

Obyektiv qərarınıza görə əvvəlcədən təşəkkür edirik!

Xatırlatma

Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətlər Bürosu (ing. United Nations Office on Drugs and Crime) (UNODC) Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Narkotiklərə Nəzarət Proqramının (UNDCP) və Cinayətlərin qarşısının alınması və Cəza Ədaləti şöbələrinin 1997-ci ildə Birləşmiş Millətlər Təşkilatının Vyanadakı Ofisində birləşdirilməsi nəticəsində yaradılan bir ofisdir. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Qrupunun üzvüdür və 2002-ci ildə Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətkarlıqla Mübarizə Ofisi olaraq yenidən adı dəyişdirilmişdir.

Təşkilati strukturu

Əsas mərkəzi Vyanada yerləşən ofisin dünya üzrə 1500 nəfər işçisi mövcuddur. Avstriya ilə birlikdə 21 sahə ofisi olan təşkilatın, biri Brüsseldə, digəri New Yorkda olmaqla iki əlaqə ofisi də mövcuddur. Ofisə Birləşmiş Millətlər Təşkilatının Baş Katibliyi tərəfindən təyin olunmuş icraçı direktor rəhbərlik edir. İcraçı direktoru İngiltərənin Rusiyadakı keçmiş səfiri Yuri Fedotovdur. Fedotov bu vəzifəni 2002-ci ildən 12 iyul 2010-cu il tarixinədək ofisin keçmiş icraçı direktoru olan Antonio Maria Costadan almışdır. Ofisin uzunmüddətli hədəfləri arasında dövlət, ictimai qurum və təşkilatlar arasında narkotik, cinayət, terrorizm və korrupsiya mövzularında paylaşılan məlumatları maksimum dərəcədə artırmaq və bu mövzularda qlobal, milli və sosial səviyyələrdə ictimaiyyətin məlumatlılığını artırmaqdır. Ofisin maliyyələşdirilməsinin 90% -i hökumətlərin könüllü yardımlarından ibarətdir.

UNODC eyni zaman Beynəlxalq Narkotiklərə Nəzarət Şurasının (ing. International Narcotics Control Board) (INCB) katibliyini də strukturunda cəmləşdirir.

Məqsəd və funksiyaları

UNODC, qanunsuz narkotik ticarəti cinayətlərinin, beynəlxalq terrorizmin və siyasi korrupsiyanın qarşısının alınmasına dair bir-biri ilə koordinasiyalı və hərtərəfli (əhatəli) iş aparmaq və cinayətlərə həll yollarının tapılmasında Birləşmiş Millətlər Təşkilatına kömək məqsədi ilə yaradılmışdır. Bu hədəfləri üç əsas funksiya izləyir. Bunlardan birincisi, müxtəlif terror və qanunsuz narkotik ticarəti cinayətlərinin müəyyənləşdirilməsi, istintaqı, icrası və təqibi mövzularında hökumətləri dəstəkləmək və onları izləməkdir. İkincisi, bu cür cinayətlərə dair ölkələr arasında müqavilələrin, protokolların və razılaşmaların imzalanmasıdır. Üçüncüsü, hökumətlərin bu cür cinayətlərlə mübarizədə çətinliklərlə qarşılaşmaları halında maliyyə/texniki dəstək göstərməkdir.

Bu çərçivədə UNODC-nin məsul olduğu əsas mövzular; Alternativ İnkişaf, Korrupsiya, Cəza mühakiməsi, Həbsxanalarda islahatlar və cinayətlərin qarşısının alınması, qanunsuz narkotik ticarəti, müalicəsi və qulluğu, HİV və QİÇS, İnsan Alveri və Miqrant qaçaqmalçılığı, Çirkli pulların yuyulması, Mütəşəkkil Cinayətkarlıq, Quldurluq və Terrorizmdir.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR