İnsanlara hürriyət, millətlərə istiqlal!

Əkrəm Əylisli indi də Ramiz Rövşəni ittihamı etdi

1791 20.01.2023 11:51 Gündəm A A

“Vaxtilə mənə görə ədəbiyyatda aktiv, proqressiv mövqedə duran adamların bir qismi hazırda mürtəce mövqedə dayanır. Mən bu mürtəceliyi görürəm, bilirəm, ədəbiyyatın içində böyümüşəm. Buna necə dözüm? Bu məsələdə mənim şəxsi qərəzim yoxdur, mən ədəbiyyatı belə görürəm. Ədəbiyyatsız nəfəs də almıram...”

Bu sözləri Yenisabah.az-a yazıçı Əkrəm Əylisli deyib. O, qocaman yazıçıların bir qismini mürtəce hesab etdiyini bildirib: “Məsələn, bir müddət əvvəl Ramiz Rövşən haqqında kəskin ifadələr işlətmişdim. Bunu ona görə demişdim ki, mən onun ədəbiyyatdakı indiki mövqeyini mürtəce mövqe hesab edirəm. Mən Ramiz Rövşəni ədəbiyyatda mürtəce mövqedə dayananların parlaq nümayəndələrindən biri hesab edirəm. Burada mənim qərəzli mövqeyim yoxdur, sadəcə, ədəbiyyatı belə təsəvvür edirəm. Mən 30 ildən çoxdur ki, nə Yazıçılar Birliyinin qapısını açıram, nə hansısa tədbirində iştirak edirəm, birliyin qurultaylarını qəsdən saymamışam. Onlara bildirmək istəmişəm ki, bunun üçün mənimlə də hesablaşmalısınız”.

Ə.Əylisli qeyd edib ki, Yazıçılar Birliyinin sədri Anar ona qarşı qərəzli mövqedə dayanır: “Yazıçılar Birliyinin 40 illik sədri Anar Rzayev guya ki, mənə qayğıkeş yanaşdığını deyir, amma o, mənə qarşı obyektiv olsaydı, tez-tez "Daş yuxular"ı gündəmə gətirib ermənipərəst əsər olduğunu qeyd etməzdi. Bunu deyirsə-desin, bu onun öz mövqeyidir.

SSRİ Yazıçılar İttifaqının son qurultayında Silva Kaputikyanın əleyhinə çıxış edən yeganə azərbaycanlı mən olmuşam. Həmin qurultayda bir çox yazıçı, həmçinin Anar da iştirak edib. Amma Anar bu gün danışanda bunu demir. Çünki bu ona sərf eləmir. Mənim köhnə dostum ancaq özünə sərf edəni deyir, özü də deyəcəklərini seçir, təsbeh kimi düzür və deyir. Öz xeyrinə sözlərdən elə gözəl təsbeh düzəldir ki, kənardan baxanda heyran qalarsan, sanki kəhrəbadır par-par parıldayır. Anar bunu yaxşı bacarır".

Məsələ ilə bağlı Ramiz Rövşənin mövqeyini öyrənməyə çalışsaq da, zənglərimiz cavabsız qaldı. Xalq yazıçısı Anar isə Əkrəm Əylislinin fikirlərinə bu cür mövqe bildirdi:

“Əkrəm Əylislinin hər boş sözünə cavab vermək fikrində deyiləm. İndi deyib-deyib də. Onu hamı tanıyır. Nə danışdığını heç özü də bilmir”.

Hamıdan uşaq, hamıdan qoca - 55 yaşlı Rəşad Məcid

Rəşad Məcid: “Əkrəm Əylisli gənclik illərindəki kimi ona-buna söz atmalarını bitirməlidir”

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, yazıçı, jurnalist Rəşad Məcid qeyd etdi ki, ümumiyyətlə, Əkrəm Əylisi, xalq yazıçısı Anar və Ramiz Rövşən arasındakı bu söz davası və bunun medianın mövzusuna çevrilməsinin əleyhinədir: “Elə bilirəm ki, Əkrəm Əylisli gənclik illərindəki çılğınlığını, ona-buna söz atmalarını artıq  bitirməlidir. Əkrəm Əylisli, Anar, Ramiz Rövşən də artıq yaşlarının elə bir vaxtındadırlar ki, bir-birinə qarşı bu cür söz atmaları yersizdir və gənclər, sonrakı nəsillər tərəfindən də yaxşı qarşılanmır. O ki qaldı yaşlı yazıçıların mürtəce ədəbiyyatının təmsilçisi olmasına, bu da Əkrəm Əylislinin qəzəbinin, hirsinin, kininin göstəricisidir. Ramiz Rövşən bütün xalq tərəfindən sevilir. Son vaxtlarda onun imza günlərində iştirak edəndə heyrətə gəlirəm ki, yeni nəsil onu necə sevir. Gənclərin ən çox oxuduğu şair Ramiz Rövşəndir. Və yaxud Anarın yazdığı hansısa bir hekayə elə bir böyük reaksiya doğurur ki, onu mürtəce adlandırmaq, sadəcə, absurddur. Əkrəm Əylisinin ədəbiyyatdakı xidmətləri ilə bağlı Anar da, Ramiz  Rövşən də obyektiv fikirlər söyləyib, danışıblar və bu obyektiviliyi indi cəmiyyət də, biz də Əkrəm Əylislidən gözləyirik. Hesab edirəm ki, bu yaşda, bu çağda bu cür dedi-qoduları artıq bitirmək lazımdır. Hər halda, bu, hamıya utanc gətirir, ictimaiyyət tərəfindən çox mənfi qarşılanır”.

Rəşad Məcid qeyd edib ki, ədəbiyyatda mürtəce mövqedə olmaq - bu, sosializm düşüncəsinin qalığıdır: "Axı indi ədəbiyyat 30-40 il əvvəlki kimi ictimai fikrə, rəyə təsir etmir. İndi ədəbiyyat formasını  dəyişib. Vaxt var idi ki, bədii əsərlər, romanlar məşhur idilərsə, indi onların bir çoxunun yerini bir sıra televiziya verilişləri, seriallar və sairə doldurur. Ona görə də ədəbiyyat indi əvvəlki populyarlığında deyil, insanlara, ictimai fikrə təsiri də zəifləyib. Bu baxımdan indiki dövrdə ədəbiyyatı mürtəce adlandırmaq absurddur. Mürtəce olub nə etmək olar? Məsələn, Anar və yaxud hansısa yazıçı mürtəce ədəbiyyatın təmsilçisi olub, nələri səhv  yönəldə bilər?"

Qulu Məhərrəmli kafedra müdiri seçildi

Qulu Məhərrəmli: “Bu cür qarşıdurmalar ədəbiyyatı gözdən salır”

Əməkdar jurnalist, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli isə qeyd etdi ki, yazıçılar arasında bu cür qarşıdurmaların olması ədəbiyyatı gözdən salır: “Əslində qələm adamlarının, xüsusən məşhurların bir-birini bu şəkildə ittiham etməsinin tərəfdarı deyiləm. Problem və çətinlik də ondan ibarətdir ki, belə məsələlərdə hakimlik etmək doğru deyil. Əkrəm Əylisli də, Ramiz Rövşən də bizim milli  ədəbiyyatımızın görkəmli simalarıdır. Hər ikisi ədəbiyyatın, sözün, nəsrin, poeziyanın populyarlaşmasında, insan münasibətlərinin ifadəsində, sözün  hüdudlarının genişlənməsində poetik, şeir dilinin inkişafında müstəsna xidmətləri olan  qələm, söz adamlarıdır. Ona görə də bu cür ifadələr, sərt yanaşmalar adamı təəssüfləndirir.  Əlbəttə ki, hamı istəyər ki, başqaları onun kimi düşünsün, hərəkət etsin. Təəssüf ki, belə mümkün deyil. Düşünürəm ki, şəxsi münasibətlərin geniş müstəviyə çıxarılması bəzən insanları ədəbiyyatdan, sözdən küsdürür. Ədəbiyyatda çox nümunələr var ki, bir-birini sevməyən adamlar olur, amma onlar münasibətləri bu qədər tirajlamır.

Onsuz da hər şey göz qabağındadır, hamı prosesləri görür. Kimsə bir qədər fəal olur, kimisə o qədər fəal deyil, kiminsə münasibəti subyektiv ola bilər və sairə, bunu etik çərçivədə təhlil etmək mümkündür. Hesab edirəm ki, bu cür qarşıdurmalar bütövlükdə götürəndə ədəbiyyatı gözdən salır".

Xalidə GƏRAY
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR