İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhməd Əhmədovun işində kritik 20 gün

663 24.02.2024 08:13 Ölkə A A

Ekspertiza onun anlaqlı olub-olmamasını müəyyən etməlidir

Bakıda ailəsinin 5 üzvünü vəhşicəsinə qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədov Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib. Ruhi xəstə olub-olmadığını müəyyən etmək üçün o, istintaq orqanı tərəfindən təyin edilmiş ekspertizaya əsasən məhkəmənin qərarı ilə ixtisaslaşdırılmış qapalı tibb müəssisəsinə aparılıb. 

Qatil 20 gün xəstəxanada olacaq və bu müddətdən sonra onun psixi durumu ilə bağlı ekspertiza rəyi veriləcək.

Bəs bu müddətdən sonra nəticə nə ola bilər? Orada o, özünü yalandan dəliliyə vura bilərmi? Yaxud onun arxasında durduğu iddia olunan kimlərsə ona “dəlilik kağızı” düzəldə bilərmi? Gözlənti nədir? Belə fikir də səslənib ki, o, təkbaşına 5 nəfəri öldürə bilməz. 

Bu və digər məqamlarla bağlı tanınmış psixoloq Azad İsazadənin fikirlərini öyrəndik. 

Azad İsazadə deyib ki, Əhməd Əhmədov məlum cinayəti törədəndən sonra yayılan ilk məlumatlarda, onun Moskva şəhərində Psixiatrik Xəstəxanada müalicə olunduğu açıqlandı: “Məhkəmə Əhməd Əhmədovun ekspertizadan keçirilməsi barədə qərar qəbul edib. Məhkəmə ekspertiza qarşısında suallar qoyub. Ekspertiza Əhməd Əhmədovun anlaqlı olub-olmamasını müəyyən etməlidir. Onun anlaqsız olması, ruhi xəstəliyinin varlığı, hadisəni affekt vəziyyətində törədə bilib-bilməməsinə də ekspertiza cavab verməlidir. Ekspertiza 20 günə hansısa rəyə gələ bilməsə, ekspertizanın müddəti uzadıla bilər. Adətən 10 günə bu məsələ aydın olur. Belə işlər üzrə bir ekspert deyil, bir neçə ekspertin kollegial rəy verməsi də mümkündür”.

Azad İsazadə deyib ki, 1 nəfərin ayrı-ayrı ünvanlarda yaşayan 5 nəfəri bir neçə saat içində öldürməsinin mümkün olub-olmaması ekspertizanın rəyindən sonra məlum olacaq: “Birmənalı olaraq məhkəmə bu halda ekspertizanın rəyi əsasında qərar verəcək. Əhməd Əhmədovun vəkilləri rəylə razı olmasalar, məhkəmə təkrar ekspertizanın keçirilməsi qərarını da verə bilər. Ekspertizanın rəy verməsinə rəğmən, əlbəttə ki, son qərarı məhkəmə verəcək”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat” 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR