İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya Türkiyə və Ərdoğana borcludur: Rəsmi Ankara yeni dünya düzənində ön plana çıxır

3016 23.07.2022 22:10 Analitika A A

Türkiyə yalnız Ukrayna savaşının deyil, ümumiyyətlə, dünyanın gələcək taleyində həlledici rol oynaya biləcək yeganə dövlət olduğunu sübut etdi... İndi həm ABŞ və Qərb, həm də Rusiya Türkiyə ilə münasibətlərin inkişafına daha həssas yanaşmaq məcburiyyətindədir...

Ukrayna savaşının başlanmasından keçən beş ay ərzində bu müharibədə birbaşa iştirak edən tərəflər arasında ilk dəfə rəsmi anlaşma imzalanıb. Bu anlaşma həm də onu göstərir ki, daha intensiv və həssas diplomatik cəhdlər Ukrayna savaşını yekunlaşdırmağa münbit şərait yarada bilər. Və hazırda buna əngəl törədən əsas faktor Ukrayna savaşı üzərində dünyanın önəmli supergüc mərkəzlərinin maraqlarının kəskin toqquşması ilə bağlıdır.

Ancaq istənilən halda Ukrayna, Rusiya BMT və Türkiyə arasında imzalanmış anlaşma həm savaşın dayandırmasına yönəlik gələcək təmaslar, həm də ümumiyyətlə, bütün dünya üçün böyük əhəmiyyət daşıyır. Çünki, bu anlaşma sayəsində qlobal taxıl böhranının qarşısını almaq şansı yaranıb. Dünyanın aclıq təhlükəsindən xilas edilməsi istiqamətində tarixi əhəmiyyət daşıyan önəmli addım atılıb. Və buna nail olmaq üçün indi sadəcə, həmin sazişə eynilə riayət etmək tamamilə yetərli ola bilər.

Ancaq nə qədər qəribə də olsa, bu sazişin imzalanmasına münasibət qətiyyən birmənalı xarakter daşımır. Belə ki, "taxıl dəhlizlər"nin yaradılmasını nəzərdə tutan bu sənədi dünyanın xilas edilməsinə xidmət edən addım kimi dəyərləndirənlər mütləq əksəriyyəti təşkil edir. Ancaq bu sazişin imzalanmasını böyük və yolverilməz səhv hesab edənlər də olmamış deyil.

f1684bc4a48589cc0b2fd1e815932cae.jpg (133 KB)

ABŞ rəsmi dairələri Türkiyə, Rusiya, Ukrayna və BMT arasında imzalanan razılaşmanı alqışladıqlarını bəyan ediblər. Ağ Ev administrasiyası vasitəçilik göstərdiklərinə görə, BMT-nin baş katibi Antonio Quterreşə və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana xüsusi təşəkkür etdiyini də ayrıca vurğulayıb. Və bu məsələdə rəsmi Ankaranın inadkar diplomatik fəaliyyətini də qeyd edib.

BMT-nin baş katibi Antonio Quterreş isə "taxıl dəhlizləri"nin yaradılmasına dair İstanbul anlaşmasına görə yalnız Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib. Onun fikrincə, dünya üçün tarixi və humanitar əhəmiyyət daşıyan bu anlaşma Türkiyə prezidentinin bəşəriyyət qarşısında böyük xidmətidir. Eyni zamanda, BMT baş katibi bu tarixi sənədin imzalanmasında Türkiyə lideri ilə yanaşı, əsas qarantor statusunda çıxış etməsindən məmnunluğunu da qətiyyən gizlətməyib.

Ancaq Rusiya cəmiyyətində İstanbul anlaşması bəzi radikal siyasi dairələr tərəfindən kəskin etirazlarla qarşılanıb. Bu barədə mövqeyini ictimailəşdirən rus radikalkar Rusiya rəhbərliyinə "Ukrayna taxıl məhsullarının ixracına niyə imkan verirsiniz? Niyə biz "yaxşı" görünməyə çalışmalıyıq? Axı, bunu heç kim, heç vaxt müsbət qiymıtləndirməyəcək" məzmunlu irad ünvanlayıblar. Və bu olduqca qorxunc yanaşma tərzidir.

Məsələ ondadır ki, rus radikal siyasi dairələrin mövqeyi həddindən artıq qəddar məzmun daşıyır. Onlar hesab edirlər ki, Ukrayna hakimiyyətinin məhv olması üçün istənilən addımdan istifadə etmək mümkündür və Avropa da mütləq cəzalandırılmalıdır: "Taxılın icrasına imkan vermək böyük yanlışdır. Elə etmək lazımdır ki, ac afrikalılar kütləvi şəkildə Avropaya axışsınlar. Avropalıların onları nə ilə yedirdəcəkləri isə qətiyyən bizim problemimiz deyil".

c6f3aa76-543d-4aaf-b22a-527b71cd0fbd.jpg (106 KB)

Rus radikallar hesab edirlər ki, Avropa dövlətlərinə məhz indi "dərs vermək" lazımdır. Avropaya nəql edilən təbii qaz dayandırılmalıdır və avropalılara qışın şaxtası hiss etdirilməlidir ki, bir də heç vaxt Rusiya qarşı üsyankar davranmağa cəsarət belə, etməsinlər: "Əgər, Avropa Birliyi belə sarsıdıcı finalla üzləşmək istəmirlərsə, onda qoy, bizim enerji resurslarımızı Rusiyanın şərtləri ilə idxal etsinlər. Əvəzində Rusiyaya lazım olan məhsulları və müasir texnologiyaları versinlər".

Göründüyü kimi, Kremlin ABŞ və Qərb qarşısında "taxıl manevri" Rusiya cəmiyyətində bəzi radikal siyasi dairələrini məmnun etməyib. Halbuki, dünyada taxıl böhranı məhz Rusiyanın günahı ucbatından yaranıb. Əgər, Rusiya müstəqil və suveren Ukraynaya qarşı işğalçı müharibəyə başlamasaydı, minlərlə dinc sakin - uşaqlar, qadınlar və qocalar həlak olmazdı, şəhərlər, qəsəbələr və kəndlər dağılmazdı. Eyni zamanda, dünyada taxıl və ərzaq böhranı da yaranmazdı.

Ancaq nə qədər qəribə də olsa, rus radikallar Rusiyanın törətdiyi hərbi və humanitar fəlakətləri qətiyyən xatırlamaq və nəzərə almaq istəmirlər. Onların fikrincə, Rusiya deyil, məhz həmişə rəqiblər günahkardır. Və qarşı tərəfin, hətta bütün dünyanın əzab çəkməsi Rusiyanın maraqları qarşısında diqqətə alınacaq qədər əhəmiyyətli məsələ deyil.

Bütün bunlara baxmayaraq, "taxıl dəhlizləri"nin yaradılması barədə anlaşma artıq mövcuddur. İndi aclıq təhlükəsi qarşısında olan bütün dünya heç olmasa, yaxın gələcəyə nisbətən optimist baxa bilər. Çünki, rəsmi Kiyev 20 milyon ton həcmində, 10 milyard dollar dəyərində taxıl məhsullarının dünya bazarlarına çoxalmağa artıq hazırlandığını bəyan edib. Və bu, beynəlxalq aclıq təhlükəsinin qarşısını almaq üçün hələlik yetərli hesab olunur.

d7286bfc-cfed-4043-aa4b-872573667a62.jpg (47 KB)

Digər tərəfdən, imzalanmış İstanbul anlaşması Rusiyanın da maraqlarına tamamilə cavab verir. Belə ki, Kremlə yaxın dairələr Rusiyanın taxıl zəmilərində əvvəlki illərlə müqayisədə daha çox məhsul gözlənildiyini vurğulayırlar. İstanbul anlaşmasına görə, Rusiyaya da öz taxıl məhsullarını sanksiyalardan kənar ixrac etmək hüququ verilir. Və hazırda enerji resursları ixracında ciddi problemlər ilə qarşılaşan Rusiya üçün bu, maliyyə qaynağı kimi böyük əhəmiyyət daşıyır.

Onu da qeyd etmək lazımdır ki, əslində, İstanbul anlaşmasına görə, Ukrayna da, Rusiya da, hətta bütün dünya məhz Türkiyəyə minnətdar olmalıdır. Çünki məhz rəsmi Ankaranın israrlı fəaliyyəti, xüsusilə də, prezident Rəcəb Tayyib Ərdoğanın şəxsi münasibətlər üzərindən reallaşdırdığı təmaslar sayəsində "taxıl dəhlizi"nin yaradılması mümkün oldu. Bu, Türkiyənin qlobal xarakterli tarixi qələbəsidir.

Təbii ki, rəsmi Ankaranın bu uğuru Ukrayna savaşının dayandırılması istiqamətində göstərilən cəhdlər üçün önəmli nəticədir. Çünki, istənilən halda, nə vaxtsa, Ukrayna savaşının dayandırılması vacib olacaq. ABŞ və Qərbin bu məsələ ilə bağlı Rusiyanı danışıqlar masasına çəkmək imkanları o qədər də ümidverici xarakter daşımır. Türkiyə isə həm Rusiya, həm də Ukrayna ilə diplomatik təmaslarının ən yüksək səviyyədə olduğunu artıq bütün dünyaya sübut etdi. Bundan sonra Türkiyənin Rusiya və Ukrayna arasında sülh danışıqları masası arxasında ən real vasitəçi ola biləcəyinə hər hansı şübhə yeri qalmadı.

Təbii ki, bütün bunlar Türkiyəni yalnız Ukrayna savaşının deyil, ümumiyyətlə, dünyanın gələcək taleyində həlledici rol oynaya biləcək yeganə dövlət olduğunu göstərir. Ona görə də, indi həm ABŞ və Qərb, həm də Rusiya Türkiyə ilə münasibətlərin inkişafına daha həssas yanaşmaq məcburiyyətindədir. Və bu, hazırda Türkiyəni mövcud dünya düzənində ön plana çıxır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR