İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya iqtisadiyyatında qeyri-müəyyənlik xammal bazarlarını vurur

545 29.03.2023 09:15 İqtisadiyyat A A

Elman Sadıqov: “Sular durulmayınca, bazarlarda neftlə bağlı prosesləri proqnozlaşdırmaq mümkün deyil”

ABŞ və Avropa  bank sistemlərində böhran fonunda martın əvvəlindən bəri 74-75 dollar civarında dəyişən dünya neft qiymətləri martın 28-də 77-78 dollar aralığına çatıb. Analitik mərkəzlərə görə, bu artım ABŞ və Avropa  bank sistemlərində böhran təhlükəsinin azalması, həmçinin İraqın Kürdüstan bölgəsindən Türkiyənin Ceyhan limanı vasitəsilə neft ixracının dayandırılması ilə bağlıdır. Beynəlxalq Arbitraj Məhkəməsinin qərarı əsasında baş verən sonuncu olay nəticəsində gündə 400 min barel Kürdüstan neftinin dünya bazarına çıxışının qarşısı alınıb. Bu isə bazara pozitiv təsir edərək qiymətlərin artmasını şərtləndirib.

Neft bazarındakı vəziyyət, gözləntilər dünya analitik mərkəzlərinin diqqətindədir. Çünki bu bazardakı qiymət dəyişiklikləri qlobal istehlak bazarında əks olunmaqla inflyasiya proseslərinin hərəkətverici qüvvəsini təşkil edir. Buna görə də hazırda yüksək inflyasiya ilə mübarizə aparan ABŞ və Avropa İttifaqı neft qiymətlərinin mümkün qədər aşağı düşməsində maraqlıdırlar. Hələlik bazara ciddi təsir göstərən amillərin çox təzadlı dəyişiklikləri qeydə alınmaqdadır: ciddi sanksiyalarla üzləşən Rusiya ixrac həcmlərini azaltmaqla hədələyir, eyni zamanda OPEK+ ölkələrini də buna məcbur etməyə çalışır. Digər tərəfdən, Çində iqtisadiyyatın artımı gözlənildiyindən xeyli ləng gedir. Eyni zamanda dünyanın aparıcı iqtisadiyyatlarına malik ölkələrdə mərkəz banklar inflyasiya ilə mübarizə üçün faiz dərəcələrini artırırlar. Belə bir şəraitdə neft bazarında proseslərin axarında dair proqnozlarda kəskin fərqlər diqqəti cəlb edir. Bir sıra treyderlər qiymətlərin kəskin enişi təhlükəsini, bəzi analitik mərkəzlər isə 100 dollara qədər bahalaşacağına dair gözləntilər açıqlayırlar.

Ucuz valyuta inkişafa həmişə qarant verirmi? – ELMAN SADIQOV YAZIR… - FED.az

İqtisadçı-ekspert Elman Sadıqov bildirir ki, artıq qlobal investisiya şirkətləri 2023-cü ildə neftin orta qiyməti ilə bağlı proqnozlarını dəyişib: “Bu proqnozlar artıq orta qiymət olaraq 100 dollar və ondan yuxarı deyil, 90 dollar ətrafında bir diapazondadır. Bu, haradasa 10 dollara yaxın azalma deməkdir. Lakin bunlar mütləq rəqəmlər deyil, onların dəyişməsi də mümkündür. Hər bir halda, 2023-cü ilin qalan dövründə neftin qiymətində volatilliyin davam edəcəyi ehtimalı çox yüksəkdir: müəyyən dövrlərdə qiymətlər 70 dollardan da aşağı düşə, yaxud 90 dollardan yuxarı qalxa bilər. Çox kəskin çöküşlərin, yaxud bahalaşmanın olması gözlənilən deyil. Lakin bəzi amillər var ki, qiymətləri aşağı çəkməyə davam edəcək. Bunlardan birinici, ABŞ bank sistemindəki vəziyyətdir. Bu ölkənin  bank sistemində reallaşmamış zərərlər vardı və hökumət kiçicik bir addım atsaydı, bu problem səssizcə aradan qalxacaq, deposit qaçışına gətirib çıxarmayacaqdı. Lakin ABŞ hökuməti səhmdarların müraciətlərini gec reaksiya verdi ki, bu da bank sektorunda ciddi təşvişə gətirən nəticələrə səbəb oldu. Proses yeni başlayanda da demişdim ki, bank sistemində qeydə alınan iflaslardan doğan nəticələr aradan qaldırılması mümkün olmayan nəticələr deyil və ABŞ hökuməti, maliyyə sistemi bunun öhdəsindən gələcək. Belə də oldu, tənzimləyicilər, həmçinin böyük maliyyə qurumlarının birgə fəaliyyəti nəticəsində problem 2 həftəyə böyük ölçüdə aradan qaldırıldı. Lakin onun İsveçrə, Almaniya bank sektorundakı təsirləri hələ tam aradan qaldırılmış sayıla bilməz. Xüsusilə İsveçrənin, eləcə də dünyanın ən böyük banklarından biri olan Credit Suisse Bankla bağlı məsələ həll olunma mərhələsindədir. Credit Suissenin ən böyük səhmdarı olan Saudi National Bankın rəhbərinin banka əlavə kapital qoyuluşu həyata keçirilməyəcəyinə dair açıqlaması ciddi problemə yol açmaqla yanaşı, böyük təəccüblə qarşılanmışdı. Və martın 27-də həmin açıqlamanı verən şəxs vəzifəsindən istefa verməli oldu. İsveçrə hökuməti Credit Suisse-nin digər iri bankla birləşdirilməsinə dair qərar qəbul etdi, eyni zamanda bankdakı vəziyyətin yoxlanmasına başlandı. Almaniyada da Deutsche Bankla bağlı yoxlama qərarı alınıb, belə araşdırma ABŞ-da da aparılır. Bütün bunlar göstərir ki, hökumətlər sistem əhəmiyyətli bankların iflasına imkan verməyəcəklər. Bu da qlobal bank böhranının yaranması ehtimalını minimuma endirir. Bu isə digər xammal bazarlarında olduğu kimi, neft bazarında da pozitivliyin artmasına səbəb olur. Lakin bank sistemində başladılan yoxlamaların hansı nəticələr verəcəyi, bunun bazarlara necə təsir edəcəyi sual altındadır. Yəni risklərin tam aradan qalxdığını da söyləmək mümkün deyil”.

Çin iqtisadiyyatına dair rəsmi məlumatların belə ümidverici olmamasına diqqət çəkən ekspert bildirir ki, Çinin maliyyə sistemində ciddi problemlər var: “Ölkənin iri sənaye şirkətlərinin gəlirlərindəki ciddi azalma narahatedici məqamdır. Bu o deməkdir ki, Çin sənayesində nəinki böyümə yoxdur, hətta azalma da var. Ümumiyyətlə, hesab edirəm ki, Çinin iqtisadiyyatındakı vəziyyətə dair açıqlanan rəsmi statistikada xeyli spekulyasiyalar var, sırf mövcud problemləri gizlətmək məqsədli. Çin sənayesinə qoyulan böyük həcmli investisiyaların özünü doğrultmadığı, verilən nəhəng kreditlərin batdığına dair çoxsaylı məlumatlar var. Sadəcə, Çin hökuməti iqtisadiyyatdakı hökmran mövqeyindən yararlanaraq problemlərə dair məlumatların yayılmasının qarşısını alır. Amma bunun nə qədər uzun müddət davam edəcəyi sual altındadır. Hələlik iqtisadi bərpanın ləng getməsi göstərir ki, hökumət problemləri aradan qaldırmaqda heç də uğurlu nəticələr əldə edə bilmir”.

OPEK+ razılaşmasının bazara təsirinə gəlincə, E.Sadıqov qeyd edir ki, burada da qeyri-müəyyənliklər var: “Razılaşma tərəfləri hasilatı kəskin azaltsalar, ABŞ və digər kənarda qalan ölkələr bazar paylarını bir o qədər genişləndirməyə çalışacaqlar. 2016-cı ildə hasilat azaldılmağa başlayanda ABŞ bundan istifadə edərək dünya bazar payını böyük ölçüdə artırmağa nail oldu. İndi hasilatın yenidən azalması eyni nəticəyə səbəb ola bilər. OPEK-dəki digər oyunçular bununla razılaşacaqlarmı? Bu da sual altındadır.

Düşünürəm ki, neft bazarında qiymətlərin ucuzlaşmasının qarşısını alan, yaxın bir neçə bir qədər də bahalaşmasına səbəb olacaq amillər arasında turizm mövsümünün başlanması ilk yerlərdə gəlir. Məlumdur ki, turizm mövsümündə dünyada hərəkətlilik artır, beynzin, dizel və sair yanacaq növlərinin istehlakı çoxalır. Bu isə neftə tələbatı artırmaqla qiymətləri yüksəldir".

E.Sadıqovun sözlərinə görə, qeyri-müəyyənlik şəraitində ABŞ öz neft ehtiyatlarını artırmağa tələsmir: “ABŞ hökumətinin ehtiyatları bərpa etməyə başlamaması göstərir ki, qiymətlərin daha da aşağı enməsi perspektivi var. ABŞ hökuməti indiki 75 dollarlıq həddən daha aşağı qiymət səviyyəsinin gələcəyinə inanır ki, boşalan ehtiyatların yerini doldurmağa tələsmir”.

Neft bazarında qiymət enişinin qarşısını alan daha bir amil ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) faiz dərəcələrinin yüksəldilməsi tempini kəskin artırmaqdan çəkinməsidir. E.Sadıqovun sözlərinə görə, FED-in 25 faiz bəndi (0.25 faiz) faiz artımı qərarı öncədən proqnozlaşdırılan həddə olduğu üçün maliyyə bazarlarında hər hansı ciddi volatillik və dəyişikliklərə səbəb olmadı: “Avropa Mərkəzi Bankı avronun uçot faiz dərəcəsini 50 faiz bəndi (0.5%) artırdığı və Christine Lagarde faiz artımlarında qərarlı olduqları mesajlarını verdikdən sonra avro dəyər qazanmağa başladı və davam edir. FED-in bundan sonrakı mərhələlərdə keçənilki kimi aqressiv faiz artımları imkanları olmadığı və bazarlara da müəyyən pauza haqqında mesaj verdiyi üçün dolların bahalaşmasının 2022-ci il səviyyəsində olmayacağı ehtimalı yüksəkdir. Yalnız qlobal iqtisadiyyatda resessiya və böhran olarsa təbii ki, təhlükəsiz liman kimi dollara qaçış yenə sürətlənər. FED-in budəfəki faiz artımı neft-qaz bazarına əvvəlki faiz artımlarında da olduğu kimi mənfi təsir etmədi. Çünki postpandemiya dövründə neft və qaz qiymətlərini müəyyən edən digər amillər daha güclü olmaqda qalır.

Deməli, budəfəki faiz artımının da manata mənfi təzyiqinin olacağı ehtimalı yox səviyyəsindədir. Əlvan və qiymətli metallar bazarında isə vəziyyət fərqlidir. Öncəki illərin və mövcud inflyasiya göstəricləri, o cümlədən faiz artımlarının səngiməsi qızılın dəyər qazanmasını şərtləndirir. Burada da inflyasiyanı boğmaq siyasəti həyata keçirən qüvvələr ETF-lər vasitəsilə qızıl bazarında qiymətlərin artımına təbii ki, imkan verməməyə çalışırlar".

E.Sadıqovun fikrincə, mövcud yüksək faiz dərəcələri xüsusilə inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarına ciddi təzyiq formalaşdırmaqda davam edir və edəcək: “Hazırda ən böyük risklərdən biri budur. Hansı ki, bu risklər kifayət qədər yüksəkdir və inkişaf etmiş ölkələrdə resessiya təhlükəsini saxlayır. Proseslərin belə gedişi - resessiyanın başlanması bütün xammal bazarlarında, eləcə də neft bazarında tələbin azalmasına, qiymətlərin düşməsinə səbəb ola bilər. Bütün qeyd etdiklərim göstərir ki, yalnız neft bazarında deyil, qlobal iqtisadiyyatda böyük ölçüdə qeyri-müəyyənlik var. Bu qeyri-müəyyənlik aradan qalxanadək xammal bazarlarında proqnozlaşdırma aparmaq mümkünsüzdür”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR