İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Departamentinin Azərbaycanla bağlı “ayrıca hesabat” müəmması

1013 23.07.2024 09:40 Siyasət A A

Sabiq nazir: “Biz kiminsə Azərbaycandakı investisiya mühitinə necə qiymət verməsindən asılı olmayaraq ki...”

Birləşmiş Ştatlar Azərbaycanda investisiya mühiti haqqında hesabat hazırlayır. Biznes mühiti haqqında əsaslı qərarlar qəbul etmək üçün bu hesabat həm ABŞ-ın vəzifəli şəxsləri, həm də investorlar tərəfindən geniş istifadə olunur. Bu barədə “Turan”ın Vaşinqtondakı müxbiri bildirib.

Bildirilir ki, ötən həftənin əvvəlində Dövlət Departamenti 2024-cü ildə 165-dən çox ölkə və iqtisadiyyat üçün investisiya mühiti haqqında öz açıqlamalarını dərc edib, lakin orada Azərbaycan olmayıb. “Azərbaycan üzrə hesabatın dərci texniki səbəblərdən təxirə salınıb”, - Dövlət Departamentinin mətbuat katibi “Turan”ın sorğusuna cavab olaraq bildirib və sənədin yaxın vaxtlarda dərc olunacağını vəd edib.

Belə hesabat orta sinfin iqtisadi baxımdan əsaslandırılmış inkişaf şərtləri, işçilərin hüquq və imkanları, beynəlxalq səviyyədə tanınmış əmək hüquqlarının mövcudluğu, korrupsiyaya qarşı mübarizə, məsuliyyətli biznesin aparılmasının dəstəklənməsi və iqlim böhranının aradan qaldırılması haqqında təsəvvür əldə etməyə imkan verən resursdur. Dövlət Departamentinin Azərbaycanla bağlı “ayrıca hesabat”ı doğrudanmı texniki səbəbdən açıqlanmayıb, yoxsa burada başqa səbəb axtarmalıyıq?

fikret.jpeg (167 KB)

Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadi və siyasi məsələlər üzrə ekspert Fikrət Yusifov Qərbin belə məsələlərdə qərəzli olduğuna daim şahidlik etdiyimizi söylədi. Sabiq nazir ölkə daxilindəki monopoliyaya toxunmaqdan da yan keçmədi: “Son illər hökumət Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması istiqamətində mühüm qərarlar qəbul edib. Bu sahədə bir çox irəliləyişlər əldə olunub. Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin 2022-ci il hesabatında da Azərbaycanda investisiya mühitinin yaxşılaşmasına dair qeydlər olub. Dövlət Departamentinin 2024-cü il üçün Azərbaycanda investisiya mühitinin vəziyyəti barədə hesabatının necə olacağına öncədən təminat vermək mümkün deyil. Çünki biz Qərbin belə məsələlərdə qərəzli mövqedən çıxış etməsinin dəfələrlə şahidi olmuşuq. ABŞ-Azərbaycan münasibətlərinin indiki mərhələsində Birləşmiş Ştatlar administrasiyasının bu məsələdə qərəzli mövqe tutacağı inandırıcı görünməsə də, hesabatda mütləq tənqidi notların yer alacağı şübhəsizdir. Biz kiminsə Azərbaycandakı investisiya mühitinə necə qiymət verməsindən asılı olmayaraq, ölkə iqtisadiyyatının neftdən asılılığının optimallaşdırılması və bu məqsədlə iqtisadiyyatın real sektorunun indikindən daha böyük sürətlə artmasını təmin edən tədbirlər görməliyik. Son 20 ildə Azərbaycanda real sektordan ixracın həcminin 3,3 milyard dollara qədər artması bizi arxayın salmamalıdır. Real sektordan ixracımız nə qədər artsa da, bu göstərici ötən ildə ümumi ixracımızın 12,4%-ni aşa bilməyib və ya idxalımızın 19,4%-nə bərabər olub. Neft-qaz ixracımızı nəzərə almasaq bu rəqəmin nə qədər kiçik olduğu bizi ciddi düşündürməlidir. Biz iqtisadiyyatımızın neftdən, qazdan asılılığını o vaxt aradan qaldırmış olarıq ki, real sektordan ixracımız heç olmasa ümumi ixracımızın 40-50%-nə yaxın olsun və bununla da biz indiki idxalımızın 70-80%-ə qədərini məhz qeyri-neft sektorundan ixracdan daxil olan valyuta ilə örtə bilək. Bunun üçün investisiya mühitinin indikindən qat-qat yaxşı olması gərəkdir. 

Ölkədə investisiya mühitinin gerçəkdən münbit olması, ilk növbədə məhkəmə-hüquq sistemində başlanan islahatların uğurla yekunlaşmasından asılı olacaq. Xarici və yerli investor onun hüquqlarının məhkəmə müstəvisində obyektiv müdafiə olunacağına inanmasa, biz onu iqtisadiyyatımıza investisiya yatırtmağa məcbur edə bilmərik.

İnvestisiya mühitinə ciddi əngəl törədən daha bir problem ayrı-ayrı sahələrdə mövcud olan monopoliyadır. Monopoliya hər bir investor üçün potensial təhlükədir. Bununla bağlı bu ilin iyul ayının 1-dən etibarən qüvvəyə minmiş Rəqabət Məcəlləsində qoyulan tələblər kağız üzərində qalmamalı, real olaraq işləməlidir. Bu və ya digər formada monopoliyanın diktaturasını qurmaq istəyənlərə qarşı kimliyindən asılı olmayaraq amansız mübarizə aparılmalıdır. Rəqabət Məcəlləsində monopoliya yaradanlara qarşı cəzalar istənilən səmərəni verməsə (görünən budur ki, daha çox belə də olacaq), belə “diktatorlar” üçün elə cərimələr müəyyənləşdirilməlidir ki, bu cərimələri ödəməklə onlar müflis olmaq qədər bir təhlükə ilə üzləşsinlər". 

Sabiq nazir bu sahəyə mane olan bir məsələni də xüsusi qabartdı: “İnvestisiya mühitinə daha bir əngəl regionlarda yerli icra hakimiyyətləri və onun məmurlarıdır. Hesab edirəm ki, bu məsələni də artıq müasir tələblərə cavab verməyən yerli idarəçiliyi daha mobil və müasir idarəçiliklə əvəzləməklə aradan qaldırmaq mümkündür. Bir sözlə, indi islahatların dərinləşdirilməsi və sadalanan problemlərin həlli istiqamətində daha kəskin addımlar atmaq zamanıdır. Çünki bunlar olmadan yerli investisiya xaricə qaçmağa meylli olacaq, xarici investisiya isə inamsızlıq səbəbindən ölkəyə gəlməkdə tərəddüd edəcək”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR