İnsanlara hürriyət, millətlərə istiqlal!

Dost-düşmənimizi bizə yenidən tanıdan “Lakmus kağızı”

2173 21.09.2023 16:21 Siyasət A A

Bakının antiterror tədbirlərinə beynəlxalq birlikdən reaksiyalar hansı nəticələri çıxarmağa əsas verir? Rusiya ikibaşlı danışır; Qərb isə... - analitiklərin şərhi

Bakının Qarabağda məcburən apardığı antiterror tədbirlərinə beynəlxalq birlikdən reaksiyalar davam edir: ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon söhbətində lokal xarakterli antiterror tədbirlərin dayandırılmasını istəyib, dövlət başçısı da ona başa salıb ki, tədbirlər yalnız terrorçular təslim olduğu və tərki-silah edildiyi halda dayandırılacaq.

Fransa XİN baş verənləri Azərbaycanın “hücumu” kimi qiymətləndirib, Almaniya da Bakını dayanmağa çağırıb. Avropa Birliyi da fərqlənməyib və Bakı-Xankəndi dialoquna dəvət edib. Lakin Aİ-nin baş diplomatı Cozef Borrel bizi terrorçularla nəyi danışmağa çağırdığını izah etmək istəməyib. Ermənistanın “böyük bacısı” Fransa artıq məsələni təzədən BMT Təhlükəsizlik Şurasının iclasına daşımaq üçün çırmanıb.

Ancaq bu mümkündürmü? Nəzərə alaq ki, hazırda BMT Baş Məclisinin çoxgünlük sessiyası davam edir. Moskvaya gəlincə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova artıq neçənci dəfədir ki, erməni tərəfinə sitəm və baş töhməti edir - niyə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Zaxarova sentyabrın 19-da hətta minnətlə: “Qarabağın Azərbaycanın olduğunu bəyan etdiniz, indi yaxşı oldumu”? Onun məntiqindən belə çıxır ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımamalı imiş.

Belə açıqlamalar, həm də indi nə dərəcədə Azərbaycan-Rusiya münasibətlərinə uyğundur? Axı ən azından Putinin imzası duran 22 fevral (2022) Moskva bəyannaməsi var. Hərgah başqa bir fikir də var ki, Zaxarovanın yuxarıdakı fikri əslində Rusiyanın gücsüzlüyünün etirafıdır.

Azərbaycan XİN-in “qara siyahısı”nda olan ermənipərəst rusiyalı deputat Konstantin Zatulin isə iddia edib ki, Qarabağda başlayan hərbi əməliyyatlar Rusiyanı Qafqazdan qovmaq məqsədi daşıyır. “Azərbaycan vəziyyəti qiymətləndirərək hərəkət edir. Bakı Rusiyanın müdaxilə etməyəcəyinə, Paşinyanın artıq Rusiya ilə münasibətləri kifayət qədər korladığına inanır. Azərbaycan rəsmilərinə görə, Rusiyanın bölgədə əvvəlki motivasiyası qalmayıb”, - deyə o qeyd edib.

Ümumiyyətlə, Moskvadan verilən reaksiyaları ikibaşlı hesab etmək olarmı?

Belə vaxtda isə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasının 78-ci iclasında çıxışı zamanı Azərbaycanla bağlı dediyi fikirlər dünya mediasında böyük əks-səda doğurub. BMT kürsüsündən Azərbaycanın haqq səsini dünyaya çatdıran Ərdoğan Qarabağın Azərbaycan torpağı olduğunu, bunun xaricində heç bir statusun qəbul edilməyəcəyini qeyd edib. Cənubi Qafqazda sülhün, sabitliyin bərpasının əsas hədəf olduğunu bildirən Ərdoğan Türkiyənin “Bir millət, iki dövlət” prinsipinə əməl etdiyini və bundan sonra da edəcəyini bildirib.

Beləliklə, ölkələrin lokal antiterror tədbirlərinə reaksiyaları bizə dostumuzu və düşmənimizi bir daha tanımağa imkan yaratdı. Xüsusən də Rusiyadan ikili açıqlama və Qərbin separatizmin kökünü kəsməyimizə qarşı çıxaraq “dayandırın” tipli çağırışı Azərbaycanı yenidən düşünməyə əsas verir.

Arzuxan Əlizadə: "Qısa müddətdə 4000-dən çox üzv cəlb etmək asan deyil"

 Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə beynəlxalq reaksiyaları gözlənilən hesab edir. Partiya sədrinin sözlərinə görə, biz İkinci Qarabağ müharibəsi zamanı, postmünaqişə dövründə kimin dost, kimin düşmən olduğunu görmüşük: “Sentyabrın 19-dan başladılan antiterror tədbirlərinə də yanaşmanı müşahidə edirik. Ümumilikdə işğalçı ilə işğala məruz qalana fərq qoymurlar. Sanki bir doqmadır. Ancaq bir qədər Rusiyanın münasibəti seçilir. Bu da Ermənistanla olan gərginlikdən irəli gəlir. İrəvanın Qərbə meyllənməsi Moskvanın mövqeyinə təsir etməkdədir”.

AMİP sədri hesab edir ki, hansı dövlətin reaksiyasından asılı olmayaraq, Azərbaycan terrorizmi məhv edir, separatizmə son qoyur və öz ərazilərində suverenliyi tam təmin etmək istiqamətində addımlar atır: “Biz bu tədbirləri yekunlaşdırmalı və separatçı rejimə son qoymalıyıq. Azərbaycan dəfələrlə marionet rejimə və qanunsuz hərbi birləşmələrə çağırışlar etmişdi, təslim olmağı, silahı yerə qoymağı tələb eləmişdi, amma xəbərdarlıqlara məhəl qoyulmamışdı və indi xunta rejimi bunun nəticələrini görməkdədir. Yəni Avropadan, Rusiyadan gələn açıqlamaların nə olmasına baxmadan biz legitim antiterror tədbirləri həyata keçiririk”.

Oxu.az - Ramiyə Məmmədova: “Türkiyə seçicisi başa düşür ki, Ərdoğan  xarizmatik liderdir”

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədovanın fikrincə, Avropa İttifaqı və ABŞ-ın terrorçuları silib-süpürməyi dayandırmağa çağırması məntiqsiz mövqedir. Onun sözlərinə görə, Ordumuz dinc əhaliyə atəş açmır.

Ekspert Fransa XİN-in bəyanatını isə düşmən yanaşması kimi qiymətləndirir və Paşinyanın heç belə açıqlama vermədiyini bildirir. R.Məmmədova Britaniyadan hər hansı təpki olmadığını yada salaraq düşünür ki, sentyabrın 21-də məsələ BMT TŞ-yə çıxarılsa belə, hansısa qətnamə olmayacaq: “Daimi üzvlər döyüşləri dayandırmağa çağırış edə bilər. Amma orada sənəd qəbul ediləcəyini gözləmirəm. Çünki Azərbaycanın legitim addımları beynəlxalq hüquqa uyğundur. Biz heç bir mülki insanı öldürməmişik, məhv edilən separatizmə qulluq edən silahlılardır.

O ki qaldı Rusiyanın ikibaşlı çıxışlarına, təbii ki, burada imperiya maraqlarını gözardı etmək olmaz. Rusiya Cənubi Qafqaza və Qarabağa “arxa bağçası” kimi baxmaq şakərindən əl çəkməyib deyə onlardan ziddiyyətli fikirlərin səslənməsi gözləniləndir. Bütün hallarda Azərbaycan antiterror tədbirləri getdiyi zamanda bir daha tərəfdaşlarını, müttəfiqlərini, dostlarını və düşmənlərini tanımış oldu".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR