İnsanlara hürriyət, millətlərə istiqlal!

Dnestryanını qarışdırırlar, Qarabağda təxribatlara hazır olmalı

2378 29.04.2022 09:30 Gündəm A A

Postsovet məkanındakı daha bir dondurulmuş münaqişə ocağının körüklənməsi narahatlıq yaradır - Qərbin, yoxsa Rusiyanın əməli? Ekspert: “Belə bir halın baş verməsi Azərbaycanın zərərinə işləyə bilər”

Rusiya-Ukrayna müharibəsində yaranan ocaqların qığılcımlarının başqa regionlara yayılması riskləri getdikcə artır.

Rusiyanın Ukraynaya təcavüzünün ilk günlərində də Moskvanın dondurulmuş münaqişələrin yerləşdiyi ərazilərdə hərbi ekspansiya siyasəti aparacağına dair ehtimallar ortaya atılırdı. Artıq bunun toxumu səpildi, indi Moldova öz ərazisi olan Dnestryanı regionu ilə təhdid olunur və sınağa çəkilir. Qondarma Dnestryanı respublikasında baş verən partlayış qlobal çəkişmənin növbəti elementidir, amma bunun ağırlığı gücü və resursları zəif olan Moldovanın təhlükəsizliyini təhdid edə bilər.

Qeyd edək ki, aprelin 25-də Moldovanın Dnestryanı bölgəsində partlayış baş verib. Hadisə Tiraspol şəhərində, separatçı respublikanın Dövlət Təhlükəsizlik Nazirliyinin binası yaxınlığında qeydə alınıb. Bildirilib ki, binaya qumbaraatanlardan atəş açılıb. Hadisənin Rusiyanın təxribatı olduğu ehtimal edilir. Amma həm də maraqlıdır, Rusiya niyə öz təsir dairəsində olan ərazidə gərginlik ocağının körüklənməsində maraqlı olsun?  “Bu gərginlikdə Rusiya, yoxsa Qərbmi maraqlı ola bilər” sualı aktualdır.

Hesab olunur ki, Qərb 30 illik tarixi olan münaqişəni qızışdırmaqla Rusiyanı yeni oyunun içərisinə salmaq və onu yormaq, Ukraynadakı müharibənin vaxtını uzatmaq və Moskvanın Ukrayna torpaqlarından çıxmasını təmin etməkdə maraqlı ola bilər. Rusiya isə Ukraynanın cənub cinahından Dnestryanıya dəhliz yaratmaq üçün Odessanı ələ keçirmək, Avropaya qarşı cəbhəni gücləndirmək imkanı qazanmaqda maraqlı görünür.

Dondurulmuş münaqişə ocaqları ilə bağlı narahatlığımız təbiidir. Bəzi müşahidəçilərin fikrincə, təhlükəli məqam odur ki, Qarabağda da oxşar təxribatlar ola bilər. Məsələn, sülhməramlılara erməni hücumları təşkil edilə, Azərbaycan günahlandırıla bilər. Və yaxud təxribat törədib Rusiya-Azərbaycan qarşıdurması yaradıla bilər. Nəzərə alsaq ki, Ermənistanda və Qarabağda hazırda Rusiyanın nəzarətindən kənar xaricə bağlı qüvvələr də mövcuddur.

Rusiya postsovet məkanındakı münaqişə ocaqlarında gərginliyi öz maraqları üçün tətikləyə bilər, yanaşması da var. Bəs ölkəmizdəki ekspertlər situasiyanı necə şərh edir?

Elçin Mirzəbəyli — Vikipediya

 Elçin Mirzəbəyli 

Siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Moldova rəhbərliyi Dnestryanıda baş verən partlayışı buradakı siyasi qüvvələr arasındakı qarşıdurma ilə əlaqələndirib: “Bunun həqiqətə nə dərəcədə uyğun olduğunu müəyyənləşdirmək çox çətindir. Amma hadisə ilə bağlı ilk rəsmi versiya budur. Baş verən hadisədə kənar qüvvələrin iştirakının olub-olmadığını müəyyənləşdirmək üçün düşünürəm ki, bir neçə suala cavab tapmaq lazımdır. İlk növbədə Qərblə normal münasibətlərdə olan, Rusiya ilə əlaqələrini də qoruyub saxlayan Moldovada münaqişənin yenidən alovlanmasının kimin marağına uyğun gəldiyini müəyyənləşdirməyə ehtiyac var. Münaqişənin alovlanması və daha geniş əraziyə sıçraması, qənaətimə görə, Qərbin maraqlarına uyğun deyil. Çünki bu yeni miqrant axını və yeni humanitar problemlər deməkdir. Münaqişə alovlanarsa və genişmiqyaslı hərbi əməliyyatlara yol açarsa, Dnestryanıdakı rejimin rəhbərləri və ruslar istisna olmaqla, heç kim Rusiyaya üz tutmayacaq. Həm Dnestryanıdan, həm də Moldovadan etnik moldovanlar, ukraynalılar, bolqarlar Avropa İttifaqına - Rumıniyaya üz tutacaqlar. Nəzərə almaq lazımdır ki, Dnestryanının əhalisinin cəmi 30,3%-ni etnik ruslar təşkil edir. Onların isə təxminən yarısı, xüsusilə də gənclər, adları Dnestryanı sakini kimi keçsə də, Rusiyada yaşayırlar. Yəni bu göstərici də Rusiyanın təqdim etdiyi bütün statistik göstəricilər kimi saxtadır”. E.Mirzəbəyli qeyd etdi ki, bu gün Dnestryanının qeyri-müəyyən statusa malik subyekt olaraq mövcudluğu Rusiya ilə bağlıdır: “Sadəcə, orada Rusiya ”sülhməramlıları" var, vəssalam. Dnestryanının yalnız Ukrayna ilə, Odessa vilayəti ilə sərhədləri var və sərhəddən Rusiya üçün strateji əhəmiyyət kəsb edən Odessa limanına qədər olan məsafə 78 kilometr təşkil edir. Rusiyanın hədəfi Qara dənizin hegemon gücünə çevrilməkdən ibarətdir və eyni zamanda Kreml Ukraynanın bütün ətraf mühitlə əlaqələrini kəsməyə, ram etməyə çalışır". Analitik baş verənlərin Qarabağla əlaqələndirilməsini əsassız hesab edir: “Rusiyanın maraqları baxımından, Azərbaycan və Ermənistan ərazisindən keçən nəqliyyat dəhlizləri bu ölkə üçün həyat yolu funksiyasını yerinə yetirir və Cənubi Qafqazda sabitliyin pozulması Moskva üçün əlverişli deyil. Digər amil, Rusiyanın Azərbaycanla və Türkiyə ilə münasibətləri ilə bağlıdır. Azərbaycanla hər hansı bir ziddiyyət Rusiyanın türk dövlətləri və müsəlman ölkələri ilə bağlarının qopmasına səbəb ola bilər. Rusiya türk və İslam dövlətləri ilə münasibətlərinə həssas yanaşır və hər hansı bir qarşıdurmanın öz daxilindəki proseslərə də təsir göstərə biləcəyini yaxşı başa düşür. İndiki halda, Rusiyanın etnik ermənilərin yaşadığı Azərbaycan ərazilərdəki mövcudluğu Azərbaycan-Ermənistan münasibətlərini öz nəzarətində saxlamaqdan ibarətdir”.

Akif Nağı — Vikipediya

 Akif Nağı 

QAT sədri Akif Nağı isə dedi ki, dünya düzəninə yenidən baxılır, qüvvələr nisbəti dəyişib: “ABŞ və Rusiya fəal şəkildə, digər güc mərkəzləri, məsələn, Almaniya, Fransa, Çin nisbətən passiv şəkildə, iki superdövlətin qarşıdurmasının nəticələrini izləməklə, dünyanı yenidən təsir dairələrinə bölməklə məşğuldurlar. Gürcüstanda, Ukraynada, indi isə Moldovada işartıları görünən hadisələr həmin prosesin tərkib hissədir. ABŞ daha böyük hissəyə sahib çıxır, Rusiya isə balaca tikələrlə kifayətlənməli olur. Moldova istiqamətində də hadisələrin getdiyi hiss olunur. Dnestryanı ərazi təxminən 200 il əvvəl rus sərkərdəsi Suvorovun təşəbbüsü ilə ruslaşdırılmağa başlayıb, elə həmin vaxt da Tiraspol şəhərinin əsası qoyulub. O vaxtdan orada əhalinin demək olar ki, hamısı ruslardan ibarətdir. Rusiya imperiyası orada bir rus forpostu yaratmışdı. Bu gün həmin ərazinin Moldovanın nəzarətinə qaytarılması çox çətindir, 90-cı illərdən başlayaraq, bu ərazi faktiki olaraq Kişinyovun nəzarətindən kənarda mövcudluğunu davam etdirir. Sadəcə, bu ərazinin Rusiya ilə quru sərhədi yoxdur, indi, deyəsən, o ”müşkül"ü həll etmək istəyirlər". A.Nağı qeyd etdi ki, Moldova uzun müddət rusiyameylli kommunistlərin hakimiyyətində olub, ona görə Kreml məsələni qabartmırdı: “İndi qərbyönümlü Sandu hakimiyyətdədir, ürkək şəkildə Qərbə doğru addımlar atmağa çalışır, amma Rusiyanın cavab addımlarından da ehtiyat edir. Əvvəlcə anti-Rusiya sanksiyalarına qoşulacaqlarını bəyan etdi, Moskvadan təpki gələn kimi geri çəkildi. İndi Moldova rəhbərliyi Avropa Birliyinə daxil olmaq üçün prosedurlara başlayıb, ona görə də Rusiyadan təhdid siqnalları gəlir. Moldova bu proses dayandırmasa, Kreml sərt addım ata, Moldovanı da digər iki ölkə kimi, təsir dairəsi uğrunda mübarizə meydanına çevirə, Dnestryanı ərazini nəzarətə götürə bilər. İndi Moldova seçim qarşısındadır: ya Dnestryanı ərazini saxlamaqla Rusiya ilə münasibətləri balanslaşdırmalı, ya da Dnestryanı ərazisinə nəzarətdən məhrum olmaqla yerdə qalan ərazisi ilə Qərbin nəzarətinə keçməyə üstünlük verməlidir”.

QAT rəhbərinin fikrincə, bütün bu proseslərin fonunda bizim üçün vacib olan Qarabağla bağlı hadisələrdir: “Biz ciddi nəticələrə nail olmuşuq, amma Qərblə Rusiya arasındakı mübarizə ilə bağlı Qarabağ üçün də təhlükələr qalır. Son günlərdə Qərbin, xüsusilə də Amerikanın fəallaşması, diplomatların səfərləri, dövlət katibi, Blinkenin Azərbaycana qarşı ittihamları, Rusiyanın intensiv hərəkətlərə keçməsi təhlükəli perspektivlərdən xəbər verir. Bu proseslərin qarşısının alınması üçün ilk növbədə Türkiyə ilə müttəfiqlik əlaqələri gücləndirilməli, güc amili daim gündəmdə saxlanılmalıdır. Dünya yalnız güc amili ilə hesablaşır. Azərbaycanla Ermənistan arasında dialoq görüntüsü oyundur, özümüzü yalançı görüntülərlə aldatmamalıyıq. İkincisi, təhlükəli perspektivlərdən Azərbaycan dövləti və cəmiyyətinin, bütün dünyadakı azərbaycanlıların birliyinin qorunub-saxlanılması və daha da möhkəmləndirilməsi ilə xilas ola, əsas məqsədlərimizə nail ola bilərik. Hələ heç nə bitməyib, ən çətin döyüşlərimiz qabaqdadır”.

63 yaşlı Qafar Çaxmaqlı: “Həmişə hər şeyi sıfırdan başlamışam” - MÜSAHİBƏ

 Qafar Çaxmaqlı 

İrəvan Türk Cümhuriyyətinin başqanı, politoloq Qafar Çaxmaqlı isə bu fikirdədir ki, Rusiya-Ukrayna müharibəsinin kənara sıçraması ehtimalları var idi: “Qərb tərəfindən belə bir fikir aşılanmağa başladı ki, Ukraynadan sonra Rusiyanın yeni işğal hədəfləri var və Moldovanın adı çəkilirdi. Çünki Moldova da Rusiya üçün Odessa civarında strateji məntəqələrdən sayılır. Amma Rusiyanın belə bir məramı olsa da, olmasa da, bəzi ölkələrin Rusiyanı daha çox yerdə meydana çəkmək üçün tədbirlər görmək istəmələri aydın müşahidə olunur. Müharibənin uzanması və daha çox coğrafiyada Rusiyaya qarşı qüvvələrin birləşdirilməsi Amerikanın, NATO-nun maraqlarına uyğundur. Kimin qurban gedəcəyinin belə qlobal məsələlərdə əhəmiyyəti olmur”. Q.Çaxmaqlı qeyd etdi ki, Azərbaycanın Qarabağ bölgəsi də belə həssas yerlərdən biridir və hər an burada gərginlik arta bilər: “Həm də onu deməliyik ki, Ermənistan rəhbərliyi 10 noyabr 2020-ci il Bəyannaməsindən irəli gələn öhdəlikləri yerinə yetirmir, sülh prosesini uzadır, kommunikasiyaların açılması işini gecikdirməkdədir. İşğaldan azad olunmamış ərazilərimizdə də həll olunmamış problemlər qalmaqdadır. Ermənistan tərəfindən istənilən provakasiya burada gərginliyi artıra bilər. Hədəf bu dəfə Rusiya sülhməramlıları ola bilər. Təbii ki, belə bir halın baş verməsi Azərbaycanın zərərinə işləyə, bölgədə sabitliyi bərpa etmək siyasətimiz təhlükəyə düşə bilər”. Ermənistan bu provokasiyalara gedərmi? Q.Çaxmaqlı: “Paşinyan son zamanlarda Ermənistan küçələrində ona qarşı hərəkatın qarşısını almaq üçün yeni bir olayın olmasını istəyə bilər. ”İslanmışın yağışdan nə qorxusu?""

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR