Türkiyənin İsparta vilayətində diş müalicəsi zamanı 8 yaşlı qız həyatını itirib.
Musavat.com xəbər verir ki, Burdur şəhərində yaşayan 8 yaşlı Ela Kocaçöğür diş müalicəsi üçün ailəsi tərəfindən İspartadakı Davraz Özəl Yaşam Xəstəxanasına aparılıb.
Müalicə zamanı tətbiq edilən ümumi anesteziyadan sonra azyaşlının qəfil ürəyi dayanıb. Həkimlər tərəfindən ona dərhal tibbi yardım göstərilsə də, bütün müdaxilələr nəticəsiz qalıb və Ela Kocaçöğür dünyasını dəyişib.
Hadisə ilə bağlı İsparta Respublika Baş Prokurorluğu tərəfindən cinayət işi açılıb və istintaqa başlanılıb.
Azyaşlının meyiti ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizaya göndərilib. İlkin ekspertiza başa çatdıqdan sonra cənazə Burdur Dövlət Xəstəxanasının morquna təhvil verilib. Yekun ölüm səbəbinin ekspertiza rəyindən sonra açıqlanacağı bildirilib.
Məlumata görə, Ela Kocaçöğür Burdurdakı Mehmet Yıldızlı İbtidai Məktəbinin 2-ci sinif şagirdi olub. O, eyni zamanda gimnastika ilə məşğul olub, müxtəlif yarışlarda iştirak edərək uğurlu nəticələr qazanıb.
Şahanə Rəhimli
Musavat.com






