İnsanlara hürriyət, millətlərə istiqlal!

“Diplomatlar ermənilərin başqa niyyətdə olduğunu görəcək” 

511 16.08.2023 16:28 Siyasət A A

Xəbər verildiyi kimi, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrin Ağdama səfəri başlayıb.

Heyətə 45 ölkə və 12 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbçi daxildir. Səfərin əsas məqsədi başda Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmir yolu olmaqla, Qarabağ iqtisadi zonasının hazırkı yol infrastruktur potensialı ilə əyani tanış olmaqdır. Eyni zamanda qonaqlara 30 ilə yaxın davam etmiş işğal dövründə Ağdamda törədilən dağıntılar haqqında məlumat veriləcək. Diplomatların hazırda şəhərdə davam edən genişmiqyaslı quruculuq işləri ilə də yaxından tanış olması nəzərdə tutulur.

Millət vəkili Hikmət Babaoğlu Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrin Ağdama səfəri Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlar kontekstində çox aktualdır.

haket.jpg (284 KB)

Millət vəkili qeyd edib ki, Qarabağ ermənilərinin “blokadada” qalması iddiası, BMT TŞ-nin bu gün keçiriləcək iclasında bu məsələnin müzakirəyə çıxarılmasına nail olunduğu dövrdə diplomatların real vəziyyəti öz gözləri ilə görməsi çox vacib idi:

“Azərbaycan Xankəndi-Ağdam-Bərdə yolunun humanitar yardım üçün açılmasını təklif edib. Bu, hər hansı təchizatın qısa müddətə çatdırılması üçün ən qısa, səmərəli yoldur. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də səfər zamanı bildirib ki, Ağdam-Əsgəran-Xankəndi yolu bütün lazımi yüklərin daşınması üçün açıqdır. Hazırda Azərbaycan bu yolu yenidən inşa edir. Ermənistan isə beton bloklar qoyur, kommunikasiyaları bağlayır. Bu da onu göstərir ki, ermənilərin problemi humanitar yüklərin daşınması üçün yolun olmaması deyil. Səfər edən diplomatlar ermənilərin başqa niyyətdə olduğunu görəcək. Onlar Azərbaycan cəmiyyətinə inteqrasiya etmək istəmirlər, Azərbaycanın ərazi bütövlüyünü qəbul edib, qanunlarımızla yaşamaq istəmirlər. Bunu ört-basdır etmək üçün Azərbaycanın guya yolları bağlaması ilə əlaqədar hay-küy qaldırdılar. Bu baxımdan diplomatlar həqiqətlər haqqında aydın təsəvvür yaradacaq”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR