İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatlardan pensiya yaşınınb aşağı salınması ilə bağlı təkliflər

815 06.05.2022 08:10 Gündəm A A

Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məruzəsi qəbul edildi

Mayın 5-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Spiker Sahibə Qafarova gündəlikdə 22 məsələnin olduğunu və ilk olaraq İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının təqdim olunacağını bildirdi. Ardınca S.Qafarova hesabatı təqdim etmək üçün daxili işlər nazirinin 1-ci müavini Seyfulla Əzimova söz verdi.

Milli Məclisdəki müzakirələrdə çıxış edən daxili işlər nazirinin 1-ci müavini, milli koordinator Seyfulla Əzimov İnsan alverinə qarşı mübarizə üzrə illik məruzəsini təqdim edərkən bir sıra faktları sadaladı. S.Əzimov bildirdi ki, 2021-ci ildə Azərbaycanda 95 nəfərin insan alveri qurbanı olduğu müəyyənləşdirilib. Nazir müavini həmin şəxslərin yaş qruplarını da sadaladı: “95 nəfərin 5-i 18-25, 59-u 25-35, 31-i isə 35 yaşdan yuxarıdır. Həmçinin, 92,8 faizi qadın, 7,2 faizi isə kişidir. 2021-ci ildə 13 nəfər insan alveri cinayətlərinə görə məsuliyyətə cəlb edilib”.

Milli koordinatorun bildirdiyinə görə, ötən il ərzində küçələrdə işləyən və dilənçilik edən 450 uşaq aşkarlanıb. Qeyd etdi ki, övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 75 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb: “Müvafiq problemlərin aradan qaldırılması, uşaqlara qayğı ilə bağlı yerli icra hakimiyyətinə müvafiq tədbirlər haqqında tövsiyələr göndərilib. Uşaqların sonrakı taleyi ilə bağlı addımlar atılıb”.

“Fundamental insan hüquq və azadlıqlarını pozan insan alveri transmilli cinayətlərin ən təhlükəli növlərindən biridir” deyən Milli Koordinator bildirdi ki, buna qarşı regional və dünya miqyasında tədbirlər görülməlidir: “Azərbaycanda insan alveri cinayətlərinin qarşısının alınması davam edir. Bu sahədə aidiyyəti qanunvericilik bazası 2021-ci ildə də təkmilləşdirilib. 2021-ci ildə insan alveri cinayətlərinin aşkarlanması sahəsində tədbirlər davam etdirilib”.

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxışında bildirdi ki, insan alveri ilə bağlı hər 10 qurbandan 5-i qadın və qızdır. Komitə sədri bildirdi ki, bu göstərici dünya üzrə statistik rəqəmlərdir: “Ümumilikdə insan alveri ilə əlaqəli müəyyən edilmiş cinayətlərin təxmini 50 faizi cinsi istismara məcburetmə ilə bağlıdır”.

“Vaxtilə İŞİD-in tərkibində fəaliyyət göstərən şəxslər var ki, Azərbaycana qaytarılıblar. Onların arasında təmsil etdiyim Tovuz-Gədəbəy bölgəsindən olan vətəndaşlar da var”. Deputat Arzu Nağıyev məruzənin müzakirəsi zamanı dedi. A.Nağıyev həmin şəxslərin övladları ilə bağlı məsələyə diqqət çəkdi: “O uşaqlarla bağlı hansı addımlar atılıb? Uşaqların ataları həbs olunub, anaları isə başqa adamla nikaha məcbur edilib. 2018-ci ildən bəri ümumilikdə 286 nəfəri azyaşlı olmaqla, 288 nəfər Azərbaycana qaytarılıb. Bunlardan 2 nəfəri isə qadın olub. 2021-ci ildə Suriya və İraqdan 81 nəfər Azərbaycana gətirilib. Potensial olaraq gələcəkdə bu uşaqların, bu anaların taleyi ilə bağlı işlərə ehtiyac var”.

Komitə sədri Siyavuş Novruzov milli koordinatorun məruzəsini müsbət qiymətləndirdi. Eyni zamanda bildirdi ki, ölkədə insan alverinə qarşı mübarizədə xeyli işlər görülməsinə baxmayaraq, bəzi xarici dairələr Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir. Digər deputatlar da beynəlxalq təşkilatların, həmçinin ABŞ Dövlət Departamentinin ədalətsiz yanaşmalarına etirazlarını bildirdilər.

Milli Məclisin sədri Sahibə Qafarova isə ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı hesabatlarından bəhs etdi. Spiker Dövlət Departamentinin hesabatında Azərbaycanla bağlı məqamların düzgün qeyd edilmədiyinə dair deputatların fikirlərinə reaksiya verdi. “Bizim beynəlxalq təşkilatlarda təmsil olunan deputatlarımız var. Onlar təşkilatlarda, beynəlxalq konfranslarda Azərbaycanla bağlı məsələlərə xüsusi diqqət etməli, xarici həmkarlara geniş məlumat verməlidirlər”, S.Qafarova bildidi.

Müzakirələrdən sonra milli koordinatorun təqdim etdiyi illik məruzə səsə qoyularaq qəbul edildi.

İclasda “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanuna dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı. Layihəyə əsasən, Şuşa şəhərinin ərazisində tikinti, memarlıq və şəhərsalma fəaliyyətinə dair tələblər sərtləşdirilir. Birinci vitse-spiker Əli Hüseynli layihə haqda məlumat verdi. Dəyişikliyə əsasən, Şuşa şəhərinin ərazisində inşaat, bərpa, təmir, təmizlik, yaşıllaşdırma, abadlaşdırma, təsərrüfat və ya hər hansı başqa işlər aparılarkən abidə aşkar edildikdə aparılan iş dərhal dayandırılmalı, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğuna məlumat verilməlidir. Bu halda işlərin davam etdirilməsi barədə qərar Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən qəbul ediləcək.

Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq, qəbul edildi.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna isə dəyişiklik edildi. Komitə sədri Ziyafət Əsgərov layihəni təqdim etdi. Dəyişikliyə əsasən, adyunkturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara 3 ay müddətinə möhlət veriləcək. Bu, təkrar ali təhsil alan çağırışçılara şamil olunmayacaq. Dəyişiklik müzakirələrdən sonra səsə qoyularaq, ilk oxunuşda qəbul olundu.

Milli Məclisdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı. Deputat Qüdrət Həsənquliyev dəyişikliklərin vətəndaşların vəziyyətini yaxşılaşdıracağı fikri ilə razı olmadığını söylədi. Bildirdi ki, yeni dəyişikliklərlə 10 uşaq anası olan vətəndaşa əvvəlki dövrlə müqayisədə daha az güzəştlər ediləcək. Deputat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iclasa qatılan əməkdaşlarına sual etdi: “Xahiş edirəm aydınlıq gətirsinlər, bu dəyişikliyi etməklə nə qədər vəsaitə qənaət edəcəklər? Bizdə çox vaxt pensiya yaşının yüksək olmasını Avropa ölkələri ilə müqayisə edirlər. Amma bir sıra ölkələrdə pensiya yaşı bizdən aşağıdır”.

Q.Həsənquliyev daha sonra bildirdi: “Üç və daha çox uşağı olan qadınların pensiyaya tez çıxması niyə təmin edilmir anlamıram. Bunu gecikdirməklə nə qədər vəsaitə qənaət edirlər? Rusiyada 3 və daha çox uşağı olan ailələrə Moskvada 4 otaqlı ev verilir. Bizdə isə qadınlara münasibət, onların işlə təmin edilməsi məsələsində çatışmazlıq var. Nazirlər Kabinetinin tərkibində cəmi 1 qadın var. Bizim Nazirlər Kabineti kişilər klubudur. Əfqanıstanda da hökumətin tərkibində bir qadın var idi. Milli Məclisin özündə cəmi 2 komitənin sədri qadındır. Kişilər hər sahədə qadınları üstələyir. Mənə elə gəlir ki, ictimai-siyasi həyatda qadınların rolu artırılmalıdır. Bununla biz daha sivil cəmiyyət olacağıq. Köklü dəyişikliklər baş verməlidir. Azərbaycan patriarxal orta əsr ölkəsi deyil”.

Deputat qadınların erkən pensiyaya göndərilməsi ilə yeni iş yerlərinin açılmasını da mümkün saydı. Eyni zamanda dedi ki, məsul vəzifələrdə çalışan qadınların sayı qaneedici deyil: “Bir nazir postunda qadın yoxdur. Komitə sədrlərinə baxın, bir Ailə, Qadın və Uşaqlarla Dövlət Komitəsinin rəhbərindən başqa, hamısı kişilərdir. Bizdə rabitə ilə bağlı kitabçalar var, oradakı telefon nömrələrinə baxın, əksəriyyəti kişilərdir. Kvota qəbul olunmalıdır ki, dövlət orqanlarında çalışan qadınların sayı 35 faizdən aşağı olmasın. Azərbaycanda xüsusilə qadınlarla bağlı məsələlərə yenidən baxmalıyıq. Böyük Cavid deyirdi ki, bəşəriyyət qadınla yüksələcək”. Deputat sədrə müraciətlə dedi ki, bu istiqamətdə Milli Məclisin də üzərinə böyük iş düşür: “Sevindirci haldır ki, Birinci vitse-prezident və Mlli Məclisin sədri qadındır. Amma bu, kifayət deyil”.

Deputat Fəzail Ağamalı bildirdi ki, Azərbaycanda pensiya yaşı ilə bağlı narahatlıqlar var: “Azərbaycanda ictimai rəy indiki pensiya yaşı həddini qəbul etmir. Hesab edirəm ki, bu da düzgündür”. Deputat qeyd etdi ki, Azərbaycanda pensiya yaşı kişilər üçün 60 yaş, qadınlar üçün 55 yaş qəbul olmalıdır və bu, ən optimal yaşdır. F.Ağamalı dedi ki, insan pensiyaya çıxandan 3-5 il sonra dünyasını dəyişir və qısa müddət pensiya alır: “Burada haradadır ədalət, haradadır haqq? İnsanlar 60 yaşından sonra stress, hansısa çətinliklər nəticəsində kifayət qədər xəstəliklərlə yaşayır. Bu barədə ciddi şəkildə düşünmək lazımdır. Mən çox xahiş edirəm ki, bizim hörmətli həmkarımız Musa Quliyev və hörmətli sədr, siz bununla bağlı müvafiq qurumların qarşısında məsələ qaldırasınız. Dünyanın, Avropanın hansıa qaydalarını kor-koranə tətbiq etməyə ehtiyac yoxdur. Digər tərəfdən, Azərbaycanda əmək bazarı o qədər də sıx deyil”.

F.Ağamalı sosial müavinətlərlə bağlı problemlərdən də bəhs etdi. Bildirdi ki, sosial müavinət məsələsində bu kateqoriyaya xüsusi diqqət yetirmək lazımdır.

Sədr isə Avropa qaydalarının kor-koranə tətbiq olunması fikri ilə razılaşmadı. 

"Azərbaycanda 5 uşağı olanlara pensiya güzəşti edilə bilər". Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov parlamentin iclasında “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklərin II oxunuşda müzakirəsi zamanı söylədi. “Bir müddət sonra 5 və daha çox uşağı olanlara güzəştli pensiya təminatının olmasına baxa bilərik”, - nazir müavini bildirdi.

A.Kərimov deputatların fikir və təkliflərinə reaksiyasında bildirdi ki, yeni pensiya konsepsiyasının üzərində iş gedir: “Konsepsiya hazırda müzakirə mərhələsindədir”. “2020-2022-ci illərdə əlillik müddəti uzadılan 60 minə qədər şəxsə yenidən əlillik təyin edilib. Əlillik 5 illik müddət bitəndən sonra təkrar qiymətləndirilməlidir. Bu müddət ərzində şəxsə vəsait ödənilir. Ötən müddət ərzində 12 min əlillik təyinatı üzrə bu müddəa tətbiq edilib və həmin şəxslərə ödəniş olunub”, - nazir müavini daha sonra bildirdi.

Gündəlikdəki digər qanun layihələri də müzakirələrdən sonra qəbul edildi.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR