İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatlardan ABŞ-ın Qafqaz siyasəti ilə bağlı açıq suallar və reaksiyalar

501 03.02.2023 17:55 Siyasət A A

 “Cənubi Qafqazda nüfuz savaşı davam etməkdədir. Bu, əsasən Rusiya və ABŞ arasında daha qabarıq şəkildə görünür. Burada Vaşinqton daha ciddi tərəf kimi görünür və addımlarını daha da konkret atır”.

Bu fikri deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev Musavat.com-a açıqlamasında söylədi. Deputat bildirdi ki, bu gün ABŞ-ın təkidləri məsələnin müsbət həllinə gətirib çıxara bilər: “Eyni zamanda Avropa Birliyi də ortadadır. Bəli, bizim üçün ən mühüm məsələ Ermənistana Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün təzyiq edilməsidir. Təbii, ABŞ çalışır ki, Avropanı da razı salmaq üçün fəaliyyətsiz olan ATƏT-in “Minsk qrupu”nun işini Luiz Bono tərəfindən görsün. Luz Bononun fəaliyyəti tək Azərbaycan Ermənistan münaqişəsi ilə bağlı olmayacaq, eyni zamanda Gürcüstan və Rusiya ilə olan münaqişənin tənzimlənməsi istiqamətində də olacaq”.

Lakin A.Nağıyev Vaşinqtonun Azərbaycanın mövqeyini nəzərə almalı olduğunu xüsusi vurğuladı: “Bir sözlə, Vaşinqton keçmiş “Minsk qrupu”nun olmadığını başa düşür və Azərbaycanın razılığı olmadan onun bərpası da mümkün deyil. ABŞ başa düşür ki, Brüssel və Moskva nə qədər səy göstərsələr də konkret nəticə əldə edə bilmirlər. Məhz belə bir situasiyada ABŞ vəziyyəti ələ almaq və bu isitiqamətdə səylər göstərməyə çalışır. Təbii ki, tək öz maraqlarından istifadə etməyə çalışsa ABŞ hər hansı bir ciddi nəticə əldə edə bilməz. Amma digər variantlara baxanda Vaşinqton daha ciddi addımlar atmağa çalışır”.

Deputat Sahib Alıyev də ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinə baxışı barədə maraqlı fikirlərini açıqladı: “Birincisi, ondan başlayaq ki, Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasının Dövlət Departamentinin sözçüsünün dediyi kimi, Blinkenin marağında olmasını mən elə də hiss etmirəm. Mümkündür ki, ABŞ-ın digər dövlət strukturlarında bu regionda tezliklə sülhün əldə edilməsinin onların maraqlarına cavab verdiyini düşünənlər var. Amma bu, Dövlət Departamenti deyil. Əgər sözü gedən qurum Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasında maraqlı olsa idi Ermənistandakı keçmiş və ora təyin olunmuş yeni səfirləri hayları revanşizmə həvəsləndirən hərəkətlər etməz, açıqlamalar verməzdilər. Bir sıra hallarda hətta təxribatçı hərəkətlərə yol verən Linn Treysi Ermənistandan sonra Rusiya kimi böyük bir ölkəyə səfir göndərilməz, yəni ödülləndirilməzdi. ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid guya Laçın yolundakı aksiyanın Azərbaycanla Ermənistan arasında sülhü ləngitməsi, regionda İranla Rusiyanın mövqelərini gücləndirməsi kimi absurd fikirlər səsləndirməzdi. Nəhayət dövlət katibi Entoni Blinkenin əksər telefon zənglərində Ermənistanı qorumaq, ona havadarlıq cəhdləri duyulmazdı. Ona görə də açıqcası mən Dövlət Departamentinin regionda özlərin təbirincə desək, hərtərəfli sülhün əldə edilməsində elə də maraqlı olduğunu hələlik görmürəm. Belə bir sülh arzulanırsa, bu, Azərbaycandan mümkün qədər daha böyük güzəşt qoparmaq qarşılığında yox, beynəlxalq normalar, bütün torpaqlarımız üzərində suverenliyimizin tanınması şəklində olmalıdır, olacaq da”.

S.Alıyev bir mühüm məqama diqqət çəkdi: “ABŞ Dövlət Departamenti bizim bütün torpaqlarımız üzərində suverenliyimizin tam təminində maraqlıdırsa, onda buradakı səfirləri niyə bir dəfə olsun Şuşaya getməyib? Linn Treysi Qərbi Zəngəzuru “su yolu”na döndərmişdi, İranın Ermənistandakı baş diplomatıyla bu yöndə yarışa çıxmışdılar, bəs ABŞ-n Azərbaycandakı səfirinə Şuşaya getməyə nə mane olur?! Lui Bononun Filip Rikeri əvəzləməsinə gəldikdə onu deyə bilərəm ki, ikinci sələfindən daha təcrübəli, eyni zamanda da bacarıqlı bir diplomat kimi tanınırdı. Onun Bono ilə əvəzlənməsi həm də bu səbəbdən məndə Dövlət Departamentinin sülhlə bağlı səylərini artıracağı təəssüratı yaratmır. Amma ABŞ-ın Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqların önəmliliyi haqda mövqeyini düzgün sayır, alqışlayıram”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR