İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatın “xarici və daxili dini təhdid” xəbərdarlığı

700 11.08.2022 08:40 Gündəm A A

Vəziyyəti necə tənzimləməli...

Londonda səfirliyimizə dini radikal qrup üzvlərinin hücumundan sonra ölkəmizə qarşı dini təhdid məsələsi aktuallaşıb. Deputat Ceyhun Məmmədov Bakupost.az-a açıqlamasında həyəcan təbili çalıb və ilginc bilgi verib.

Sitat: “Azərbaycanın bölgədə yaratdığı reallıq heç də bütün dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən həzm edilmir. Ona görə də Azərbaycanın nüfuzunun artması, müstəqil siyasət həyata keçirməsi ayrı-ayrı dövlətləri, qrupları ölkəmizin əleyhinə müəyyən addımlar atmağa sövq edir. Onlar çalışırlar ki, bu addımlarla Azərbaycanın həyata keçirdiyi siyasətə təsir etsinlər. Əlbəttə ki, bu mümkün deyil”.

Ceyhun Məmmədov: Azərbaycan milli mətbuatı çox şərəfli və zəngin inkişaf  yolu keçmişdir - "İki sahil"

Ceyhun Məmmədov

Bununla belə deputat bildirib ki, təhdid, təhlükə nöqtələrini müəyyənləşdirərək, qabaqlayıcı tədbirlər görməliyik: “Bu təhdidlər həm xaricdə, həm də ölkə daxilində mövcuddur. Bunlar zaman-zaman müxtəlif təxribatlar törətməyə çalışırlar. Bu istiqamətdə DTX-nın və hüquq-mühafizə orqanlarının çox güclü fəaliyyətini görürük. Bu da reallıqdır ki, ölkəmizin uğurları artdıqca həmin qüvvələr də ölkəmizə qarşı təxribat və təhdidlərini artırmağa çalışacaqlar. Xaricdə Azərbaycan əleyhinə ayrı-ayrı qrupların fəaliyyətinin aktivləşməsi, dini duruma təsir etmək cəhdləri baş tutmayacaq”.

Deputat kifayət qədər ciddi mesaj verib. Parlament üzvü açıq şəkildə bildirir ki, Azərbaycana daxildən və xaricdən dini radikalların təhdidi var. Əlbəttə, istiqamətlər bəllidir. Ancaq hazırkı dönəmdə ölkəmizə qarşı konkret hansı güclər dini təhdid edir? Onların niyyəti baş tuta bilərmi? Xaricdən, daha çox daxildən olduğu bildirilən təhdidlər narahatedicidir. Bu qüvvələr şübhəsiz ki, nəzarətdədir. Eyni zamanda onları tamamən neytrallaşdırmaq mümkündürmü?

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Beynəlxalq Məsələlər üzrə  müavini – Azərbaycan Milli İstiqlal Partiyası

Elşən Mustafayev: “Xaricdən ölkəmizdə dini radikallar yetişdirib istifadə etməyə çalışanların niyyətlərini gözlərində qoymalıyıq”

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayevin gətirdiyi arqumentlər kifayət qədər əsaslı görünür: “Azərbaycana qarşı dini təhdidlərlə bağlı təhlükələr hər zaman olub. Kənardan həm dövlətlər, həm də radikal dini qüvvələr maksimum şəkildə ölkə daxilində bu təhdidləri həyata keçirdəcək canlı bazaların yaradılmasına cəhdlər ediblər. Kim deyirsə ki, bunlardan narahat olmağa dəyməz, hər şey nəzarətdədir, yanılır. Təhlükələrin olması ilə bağlı son vaxtlar tez-tez verilən açıqlamaları, bəyanatları haqlı olaraq SOS kimi qəbul etmək lazımdır. Bunun qarşısını almaq, məkrli niyyətləri neytrallaşdırmaq təkcə DTX-nın işi deyil. İlk olaraq bütünlükdə cəmiyyətin müqavimət gücünü artırmaq üçün işlər görülməlidir ki, insanları çaşdırmaq, din pərdəsi altında təsir altına salmaq mümkün olmasın. Dediyim kimi, dini təbliğat adı altında müxtəlif maraqlarla dövlətə qarşı planlar müstəqillik əldə edilən gündən başlayıb. Bunu həm dövlət rəsmiləri, həm də ictimai siyasi proseslərin önündə olanlar yaxşı bilirdilər. Amma heç kim bu faktoru indiki kimi təhlükəli hesab etmirdi. Çünki həmin qüvvələrin fikirlərini reallaşdırmaq üçün aradığı sosial baza - gənclərimiz müxtəlif siyasi partiyalarda, müstəqil gənclər təşkilatlarında fəaliyyət göstərirdilər. Həmin təşkilatlarda imanlı, dini qaydalara ardıcıl olaraq əməl edən gənclərimizn sayı kifayət qədər idi. Siyasi partiyaların, təşkilatların böyük əksəriyyətinin fəaliyyət istiqamətləri milli dövlətçilik ideologiyası olduğundan, eyni zamanda, hakimiyyət uğrunda demokratik mübarizə aparıldığından öz gələcək perspektivlərinə ümidlə baxan gənclərimizi yollarından azdırmaq mümkün deyildi. Onlar istədikləri vaxt ayrılıqda, yaxud müxtəlif partiyalarla birgə toplaşıb müzakirələr edə bilirdilər və s. Hətta universitetlərdə siyasi partiyaların özəkləri, dayaq dəstələri belə var idi. Amma 2005-ci ildən sonra siyasi partiyaları çökdürmək, onların perspektivlərinin olmaması ilə bağlı cəmiyyətdə fikir formalaşdırmaq yolu tutuldu. Təəssüf ki, bu illər ərzində müəyyən mənada istədiyinə nail oldu. Gənclərimizin çoxu siyasi partiyaların zəif olduğunu, eyni zamanda, artıq orada təmsilçiliyin perspektivinin olmaması səbəbindən boş vaxt itkisi olduğunu gördülər və kənarlaşdılar. Məhz həmin andan başlayaraq dini radikal qruplar, bəzi dövlətlər həmin gənclərin və sonrakı nəslin ovuna çıxdılar. İstədikləri kimi olmasa da, müəyyən bir təbəqəni tərəflərinə çəkməyi də bacardılar. Hazırda onların istinad etdiyi də məhz həmin insanlardır. Onları tam neytrallaşdırmaq mümkün olmasa da, təsir imkanlarını minimuma endirmək mümkündür. Bu tək inzibati üsullarla olmur. Hətta bu üsul bir çox hallarda əks effekt verir. Ona görə də cəmiyyətin bütün təbəqələri, xüsusilə siyasi partiyalar bu işdə daha öndə olmalıdırlar. Gənclərimizin siyasi aktivliyinin artırılması, müxtəlif siyasi partiyalarda təmsil olunması, onlarda dövlətçilik dəyərlərinin inkişaf etdirilməsi düşmən təşkilatlarının əl-qolunu bağlayar. Bu prosesin reallaşması isə çox rahat və realdır. Sadəcə siyasi iradə ortada olmalıdır. Çünki bu təhlükə hakimiyyətdə, müxalifətdə, bitərəf olmasından asılı olmayaraq hamıya toxuna bilər. O səbəbdən deyə bilərəm ki, bizim bütün imkanlarımız var ki, xaricdən ölkəmizdə dini radikallar yetişdirib istifadə etməyə çalışanların niyyətlərini gözlərində qoyaq”.

Dini dözümlülük məfhumunu doğru anlamağımız lazımdır”

Azər Hüseynov: “Azərbaycan mənəvi cəhətdən də güclənməlidir”

AĞ Partiya başqanının dini və ideoloji məsələlər üzrə müşaviri Azər Hüseynov dedi ki, Ceyhun Məmmədov bu sahənin mütəxəssisidir: “Hər halda bu haqda danışırsa demək ciddi problem var. Xarici qüvvələr dindarlardan istifadə etməyə çalışıb və çalışacaq. Çünki Azərbaycan iqtisadi və siyasi cəhətdən güclənir. Amma bununla yanaşı Azərbaycan mənəvi cəhətdən də güclənməlidir. Təəssüf ki, son zamanlar Azərbaycanda bir qrup ultra sekulyar radikallar yaranıb. Bu qruplar dindarların dəyərləri ilə istehza edir. Nə bilim status yazır, sonra pozur. Bu cür adamlar jurnalistlər, ictimai fəallar, siyasətçilər arasında da az deyil. Bütün bunlar dindarı radikal etmək istəyən qüvvələrin əlinə əsas vermirmi? Hicablı xanımların sənədlərdə daimi görkəmində şəkil çəkdirə bilməsi problemi davam edir və bu radikallara əsas vermirmi? Biri çıxır ki, uşaqları məscidə qoymayaq, bəs hara qoyaq "patı", "kakos" "cənnətlərinəmi? Bəzi məmurlar baxsın görsün onları təyin edən yüksək siyasi iradə dini həssaslıqlara necə riayət edir. Dövlət başçısı azad edilmiş Ağdam məscidinə ayaqqabılarını çıxarıb girdi. Halbuki ora hələ tam bərpa edilməmişdi. Bu dini həssaslığın necə nəzərə alındığını göstərmirmi? Göstərir. Ona görə xarici qüvvələrin ölkə dindarına təsirini yox etmək üçün müvafiq qurumlar dindarın dərdini özündən dinləməlidir. Ölkənin xidmət göstərən bir sıra qurumlarında namaz otağı yoxdur. Bütün bunlar dama-dama göl olub xarici qüvvələrin əlinə yığılır və onlar bununla manipulyasiya edirlər. Dindar bu məmləkətin vətəndaşıdır, Qara Yusifin, Uzun Həsənin, Şah İsmayılın, Şah Qacarın, Nadir Şahın, Şəhid Cavad xanın, Sisianovun Bakı qalası önündə millət adına cəzasını verən İbrahim bəyin, Qafqazın milli müqavimət ideoloqu Şeyx İsmayıl Kürdəmirinin, Qafqaz İslam Ordusu ki, Bakını azad etdi onun dəyərlərinin birbaşa daşıyıcısıdır. Milli duyğuları olan dindar Ərdoğan Azərbaycan siyasətinin ən səmimi tərəfdarıdır. Dindarı radikallara verməmək üçün onun duyğularını da anlamaq lazımdır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR