İnsanlara hürriyət, millətlərə istiqlal!

CHP çökdü - Türkiyə parlamentinin ana müxalifəti onlar oldu...

971 24.07.2026 16:25 Dünya A A

Xəbər verdiyimiz kimi, qardaş Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Özgür Özəl və onu dəstəkləyən 90 millət vəkili partiya sıralarını tərk edərək yeni siyasi hərəkatın əsasını qoyub. Bununla da Türkiyənin ana müxalifətinin əlində 44 deputat qalıb. Yəni indiyə qədər CHP Böyük Millət Məclisində 135 millət vəkili ilə təmsil olunurdu. Bütün bunlar o həqiqəti üzə çıxardı ki, Türkiyə parlamentinin ana müxalifəti dəyişdi, yəni Özgür Özəlin “Yeni Partiya”sı bu ünvanın yeni sahibi oldu.

Özgür Özəl istefa qərarını Türkiyə Böyük Millət Məclisində keçirdiyi mətbuat konfransında ictimaiyyətə açıqlayıb. Bununla da CHP-dən ayrılan deputatların sayı 91-ə çatıb. Bildirilir ki, istefa verən millət vəkillərinin hamısı yaradılması planlaşdırılan yeni siyasi partiyanın təsisçiləri sırasında yer alacaq.

Özgür Özəl bildirib ki, yeni partiyanın texniki qeydiyyatı artıq millət vəkillərinin iştirakı ilə həyata keçirilir. Onun sözlərinə görə, siyasi fəaliyyətə rəsmi olaraq avqust-sentyabr aylarında başlanılacaq. Keçmiş CHP sədri yaradılacaq siyasi təşkilatın adının “Yeni Partiya” olacağını da açıqlayıb.

İndi əsas diqqət yeni partiyanın proqramına, hansı siyasi xətti seçəcəyinə və CHP-dən yeni istefaların davam edib-etməyəcəyinə yönəlib. Eyni zamanda bu prosesin müxalifətin seçici bazasına və Türkiyə siyasətində qüvvələr nisbətinə necə təsir göstərəcəyi də əsas müzakirə mövzularından biridir.

Özgür Özəlin yaratdığı “Yeni Partiya” CHP üçün ciddi rəqibə çevrilə biləcəkmi? CHP-də istefalar davam edəcəkmi və bu parçalanma müxalifətin gələcəyinə necə təsir göstərəcək? Yeni siyasi qüvvə Türkiyə siyasətində balansı dəyişə, qarşıdakı seçkilərin nəticələrinə təsir göstərə bilərmi?

KENAN.jpg (27 KB)

Musavat.com-un xəbərinə əsasən, tanınmış siyasət yazarı Kənan Rövşənoğlu istənilən halda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün yaratdığı partiyaya bu proseslərin böyük təsir edəcəyini proznozlaşdırır:

“Yeni partiya CHP-dən ayrılır və əsas CHP elektoratını və belə demək olarsa, əslində partiyanı böləcək. Üstəlik, Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində. Əlbəttə, hər baxımdan Özəlin durumu çətindir, ancaq hazırda CHP-nin lider kadrları və ictimai rəy Özəlin tərəfindədir. Yəni Kamal Kılıçdaroğlu CHP sədri olsa da, ciddi elektoral dəstək əldə edə bilməyəcək. Ancaq Özəlin də uğur qazanmaq üçün şansı çox məhduddur. Bu mənada bölünmə ümumi müxalifət düşərgəsi üçün ciddi itkidir. Lakin hakimiyyətin həddən artıq aqressiv parçalama siyasəti və müxalifətə qarşı hüquq-mühafizə orqanları vasitəsilə aparılan təzyiq kampaniyası ölkədə tərs effekt verə və cəmiyyətdə Özələ, partiyasına dəstəyi artıra bilər. Ancaq bunun üçün daxili şərtlər cəm olmalıdır. Yəni bunun olub-olmadığını indi demək çətindir. İndi əsas məsələ Özəlin yeni partiya quruculuğu işini necə aparacağından asılıdır”.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR