İnsanlara hürriyət, millətlərə istiqlal!

"Dəmir yumruq" yerindədir - "Qisas" əməliyyatı ciddi proseslərin təkanı oldu

976 14.08.2022 16:37 Gündəm A A

 

44 günlük Vətən savaşında qəhrəman Azərbaycan ordusu düşmənə layiqli dərs verib, 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi.

Azərbaycan ordusunun şücaəti və manevrləri dünyanın hərb tarixində özünəməxsus yer tutdu və artıq bir çox ölkələrdə 44 günlük savaşda istifadə olunan hərbi taktikalar öyrənilir, təhlillər aparılır.

Düşmən 44 günlük savaşda şok effekti yaşadı, ordusu darmadağın oldu. Lakin son təxribatlar göstərdi ki, ermənilər hələ də dərslərini tam almayıblar. Göstərdilər ki, onlara zaman-zaman 44 günlük savaşı, ordumuzun gücünü xatırlatmaq lazımdır- “Qisas” əməliyyatı kimi.

Bu əməliyyat göstərdi ki, “dəmir yumruq” yerindədir və torpaqlarımıza qarşı göz dikən erməninin başını anındaca əzəcək.

Prezident, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə  Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşüb »  Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Ali Baş Komandan, prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasının müxbirinin avqustun əvvəlində ermənilərin törətdiyi növbəti təxribata dair sualına cavabında bildirib:

“Ermənistan tərəfi növbəti dəfə silahlı təxribata əl atdı və bu hərbi təxribat nəticəsində bir hərbçimiz şəhid olmuşdur. Allah ona rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq hər kəs gördü və görməlidir ki, şəhidimizin qanı yerdə qalmadı. Biz dərhal “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq”.

Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatının cəza tədbiri olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır:

“Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq. Heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz”.

Politoloq Qabil Hüseynli: " Azərbaycan düşmənlərinin işidir..."

Musavat.com-a danışan politoloq Qabil Hüseynli hesab edir ki, ermənilər öz dərslərini aldılar, lakin ola bilər ki, “Qisas” əməliyyatının davamı gəlsin:

“Ermənilər hələ ki, dərslərini almış kimi görünürlər. “Qisas” əməliyyatı Azərbaycanın qarşıya qoyduğu strateji məqsədlərə nail olması üçün böyük rol oynasa da, hələ də həmin əməliyyatın ola bilsin ki, yeni bir mərhələsini keçirmək lazım gəldi. Çünki ermənilərin sülhyaratma prosesinə, 10 noyabr sazişinə münasibətlərində astagəllik belə deməyə əsas verir ki, onların yerlərində oturdulması üçün bəlkə də “Qisas” əməliyyatı bütün rolları oynamadı. Çünki biz erməni tərəfinin sağlam düşüncəsinə, onların içərisində müəyyən ayıq düşünənlər dəstəsinin əmələ gəlməsinə inanmaq istəyirik. Hələ ki, “Qisas” əməliyyatı böyük rol oynadı və proseslərə təkan verdi. Bu təkanın sonrakı təsirləri də hələ ki, öz rolunu oynamaqdadır”.

Politoloq bildirib ki, kimlərsə erməniləri yenidən fitnələməsə, qızışdırmağa çalışmasa, vəziyyət dəyişəcək:

“Erməni cəmiyyəti məsələlərə ayıq başla baxarlarsa, ola bilər ki, yeni “Qisas” əməliyyatına ehtiyac qalmasın. Ancaq hələ ki, “Qisas” əməliyyatı öz rolunu oynayır. Xüsusilə də separatçılara, ermənilərə ayıldıcı təsir göstərməkdə davam edir. Buna görə yeni “Qisas” əməliyyatı barədə ehtimalla danışmaq mümkün olsa da, indi onun gündəmdə olmasının zəruriliyini söyləmək tezdir”.

Əli Rais,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR