İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəlilik kağızı

2047 16.02.2023 11:27 Yazarlar A A

 

“Dünyanın problemi budur ki, ağıllı adamlar hər şeydən şübhələnir, axmaqlar isə hər şeydən əmindir”

(Çarlz Bukovski)

Biz uşaqpulu məsələsini həll eləməyə çalışan zamanda Qazaxıstan hər doğulan uşağın adına bankda hesab açmaq qərarına gəlmişdir. Təxminən Norveçdəki sistemi düzəldirlər. Neft-qaz, karbohidrogen ehtiyatlarından gələcək nəsillərə çatacaq pulları virtual, uydurma, fantaziya şəklində, vəd etmək yerinə real əmələ keçirlər. Bu haqda, yeri gəlmişkən, qazaxların Tengri Nyus saytı xəbər yayıb. Necə gözəl adı var... Öz millətinə hörmətin əlamətidir. Yoxsa bizdə hərə saytına əcaib bir isim taxır, bilmirsən hansı ölkənin informasiya blokudur.

Qazaxıstan Maliyyə Nazirliyinin açıqlamasına görə, “Uşaqlar üçün Milli Fond” adlı bu projeyə artıq 2024-cü ildən keçəcəklər. Hər uşaq doğulanda onun adına bankda hesab yaradılacaq, vəsait köçürüləcək. Uşaq 18 yaşa çatana qədər həmin hesabda minimum 3500 dollar pulunun olması proqnoz edilir. Yetkinliyə çatanda uşaq o pulu iki məqsədlə istifadə edəcək: ya mənzil almaq üçün, ya da təhsil üçün. Heç istifadə etməsə, pul onun şəxsi pensiya fonduna yatırılacaq. Əgər uşaq 18 yaşa qədər Qazaxıstan vətəndaşlığından çıxsa, pullar verilməyəcək. Yəni bütün detalları projedə nəzərə alıblar.

Bizdə də milli projelər öz qaydasınca, öz axarıyla davam edir. Bu yaxında dünya azərbaycanlılarına aid QHT-lərdən birinin müdirinə külli miqdarda dələduzluq maddəsi ilə 5 il həbs yamadılar. Ayrı cür necə lobbi qurmalıyıq? Anlaşılmır. Dələduzluq lobbizmin əsaslarından biridir.

Lobbi demişkən, Vartanyan (mən bilmirəm bu niyə hoqqabazlıq edib gül kimi Vartan adını dəyişdiribdir, Vardanyan olubdur) təzədən Qarabağa qayıtmışdır. Bəs orada blokada var idi, nə oldu? Sanki Vartanyan quş olub hərdən Moskvaya uçur, tülküyə dönüb geriyə lağım atır... Bir ara ermənilər ağlaşma-şivən qurmuşdular, uşaq kaşası çatışmır, kökü hərəmiz bir ucundan dişləyirik, turpu yarı bölürük, ay nə bilim, vəzəri tapılmır... Təbii ki, hamısı uydurma, tarixi “erməni əzabkeşliyi” silsiləsindən növbəti seriya idi. Sadəcə, Qarabağ və ətrafında müəyyən səbəblərdən hərəkət çətinliyi yaranıbdır, bunu da erməni vətəndaşlarımızla bahəm hamımız yaşayırıq. Məsələn, yüz minlərlə azərbaycanlı türk də 30 ilə yaxındır Füzuliyə, Ağdama, Kəlbəcərə, Laçına, Şuşaya və sairə yerlərə gedə bilmir. Elnən gələn dərd-bəladır, dözməliyik.

Maştağadakı tarixi psixiatriya xəstəxanamızın şöbə müdirini də tutub içəri basdılar. Hüseyn Seyidov adlı (necə deyərlər, cəddinə qurban olum) bu yoldaş vəzifə saxtakarlığı, təkrar rüşvətxorluq, vəzifədən sui-istifadə kimi rəngarəng maddələrlə suçlanır. Pis çıxmasın, dəlilik kağızlarını pulla satırmış. Nəticə nədir? Nəticə odur ki, bu gün biz küçədə, efirdə, işdə, hökumətdə qabağımıza çıxan yoldaşların şüuru, anlaqlı vəziyyəti haqda qəti qərara gələ bilmərik. Bəlkə onların çoxu dəlidir? Həkim kağızı düz verməyibsə, əlac gümana qalır.

Bəs şöbə müdiri tutulandan sonra dəlilik kağızlarının düzgün verilmə ehtimalı artırmı? Şübhəlidir. Çünki biz hələ ağıllı olduğumuzu sübut etməliyik. Bir şöbə müdirinin quyuya atdığı daşı, bəzən min prokuror çıxara bilmir.

İki nəfər tarixçi alim isə -  özləri də ər-arvaddır - Qarabağda araşdırma aparmaq adıyla dövlət büdcəsini basıb yeyibdir. Doğrusu, onların günahsız olması qənaətindəyəm. Guya kim yemir? Sanki çörəyi qulağımıza yeyirik... Qarabağın qarışdırılması, qırışdırılması, indi isə quraşdırılması kimi, araşdırılması da həmişə yeyinti üçün geniş imkanlar açır. Bərəkətli torpaqlardır. Gendən baxanda daş-kəsəkli görünməyinə baxmayın. 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR