İnsanlara hürriyət, millətlərə istiqlal!

Daşınmaz əmlak qeydiyyatı: qanunun işləmədiyi sahələrdə pozuntular necə yaranır? HÜQUQŞÜNAS YAZIR

440 11.01.2025 21:13 Ölkə A A

Prezident İlham Əliyevin Fərmanı ilə 2023-cü ilin noyabrında “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi yaradılıb. Fərmana əsasən, müəyyən edilib ki, Sistem ərizəçinin daşınmaz əmlakın dövlət reyestrini və kadastrını tərtib edən və aparan quruma müraciətinin və ona əlavə edilən sənədlərin (məlumatların) qəbulu, emalı və nəticələrinə dair elektron sənədlərin, habelə məlumatların elektron qaydada verilməsini, eləcə də ərizəçilər tərəfindən müraciətlərin icra vəziyyətinin izlənilməsini; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrində nəzərdə tutulmuş sənədlərin (məlumatların), həmçinin daşınmaz əmlakın tarix və mədəniyyət abidəsi olması barədə məlumatın Sistemə daxil edilməsini və həmin sənədlərdən (məlumatlardan) istifadə edilməsini; daşınmaz əmlak üzərində hüquq əldə edən, onun tərəfindən vəkil edilmiş şəxs tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin, habelə notariuslar və ya qanunla müəyyən edilmiş hallarda notariat hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş hallarda notariat hərəkətinin aparılması üçün zəruri olan məlumatların elektron qaydada Sistemdən yoxlanılmasını və əldə edilməsini; daşınmaz əmlakın dövlət reyestrinin və kadastrının aparılması üçün əsas olan hüquqi və texniki sənədlərin, habelə məlumatların əldə edilməsini; qanunla nəzərdə tutulan ödənişlərin elektron qaydada həyata keçirilməsi imkanının yaradılmasını təmin edir.

Nazirlər Kabineti altı ay müddətində Sistem haqqında əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Sistemin yaradılması ilə əlaqədar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və idarə edilməsi sahələrində normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Tanınmış vəkil Əkrəm Həsənov daşınmaz əmlakla bağlı yaşanan problemlər və doğurduğu nəticələrlə bağlı fikirlərini paylaşıb.

Musavat.com xəbər verir ki, Əkrəm Həsənov yazır ki, dünyada ən dəyərli maddi nemət torpaqdır:

ekrem1.jpg (41 KB)

- Çünki miqdarı məhduddur. Məhz buna görə də XXI əsrin ilk dörddə birinin sonunda insanın iç üzü yenə özünü göstərdi: dövlətlər aşkar şəkildə, beynəlxalq hüquqa-zada məhəl qoymadan bir-birinə qarşı ərazi iddiaları ilə çıxış edirlər. Son nəticədə əsrlərlə olduğu kimi güclülər daha çox əraziyə sahib olacaqlar.

Torpaq mənsubiyyətinin ölkədaxili hüquqi tənzimi də çox vacibdir. Tarix boyu üsyanlar və inqilablar əsasən borcların silinməsi və torpaqların yenidən bölünməsi uğrunda olub. Digər tərəfdən, iqtisadi inkişaf da bundan çox asılıdır. Torpağın mənsubiyyəti, yəni mülkiyyət məsələsi qeyri-müəyyəndirsə, iqtisadiyyata yatırım da az olacaq.

Torpaq üzərindəki fəaliyyətin əsas növü isə tikintidir. Tikililər və binalar da torpağın tərkib hissəsi olaraq daşınmaz əmlakdır. Biz nəinki həmin binalarda yaşayır, həm də onlarda fəaliyyət göstəririk. Buna görə də binaların hüquqi tənzimlənməsi olduqca vacibdir.

Bu tənzimləmənin əsasını isə bilavasitə tikintinin özündən sonra binanın qeydiyyatı təşkil edir. Mülki Məcəlləmizin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Yəni qeydiyyat yoxdursa, daşınmaz əmlak da yoxdur və ona (onda) dair hər hansı əqd və fəaliyyət də qanunsuzdur. Lakin bizdə bu qaydaya həmişə riayət olunmur.

Məsələn, adamı və pulu olmayanın biri daşınmaz əmlakında qeydiyyatsız fəaliyyət göstərə bilməz. Başına oyun açarlar. Amma hətta insanlarımızın yaşadığı xeyli çoxmənzilli bina var ki, qeydiyyatı yoxdur. Halbuki həmin binada qaz, su, elektrik enerjisi də var. Qeydiyyatı olmayan bina qanunun gözündə mövcud deyilsə, bu necə ola bilər axı? Məlum olduğu kimi, tikinti şirkətləri bundan sui-istifadə edərək bir mənzili bir neçə şəxsə də satır və başqa oyunlardan da çıxırlar. Çünki qanunda nəzərdə tutulsa da, qabaqcadan (tikinti bitməmiş, bina təhvil verilməmiş) qeydiyyat institutu da bizdə işləmir. Daha doğrusu, yalnız kimlərəsə lazım olanda işləyir. Puluna minnət!

Nəhayət, nəinki çoxmənzilli binalar, hətta iri qeyri-yaşayış binaları (mehmanxanalar, sənaye müəssisələri, ticarət mərkəzləri və s.) da var ki, indiyədək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayıblar. Yəni qanunsuz fəaliyyət göstərirlər. Elə bilirsiz ki, hamısı yiyəsiz və “haqqı”nı verməyənlərdir? Xeyr! Ən bərk gedən müəssisələrimizin belə çoxunun obyektləri dövlətə təhvil verilməyib və çıxarışları yoxdur. Niyə? Çünki dərəbəylikdir. Çünki hüququ, qanunu sayan yoxdur. Çünki bu yolla daha çox pozuntu etmək, “çak-çuk” qazanmaq olar. Axı hətta ən bərk gedən müəssisələrimizi belə “çak-çuk”a meylli olan qlamur oğlanlar idarə edir...

Bir sözlə, ölkədə hüququn vəziyyətini və investisiya mühitini bilmək istəyirsinizsə, orada daşınmaz əmlakın qeydiyyatı məsələsindən başlayın. Və onda başa düşəcəksiniz ki, məsələn, niyə nefti və qazı olmayan Şərqi Avropa ölkələrinin əhalisi bizdən daha yaxşı yaşayır. Hüquq var, qanun var, mülkiyyət hüququna hörmət var. Hər şey də mülkiyyət hüququndan başlayır...

E.MƏMMƏDƏLIYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR