İnsanlara hürriyət, millətlərə istiqlal!

Daşaltı əməliyyatının yeni “şahidləri” və açılmayan sirləri

1230 26.08.2023 11:09 Gündəm A A

Əməliyyatın sirlərinin qarşı tərəfə ötürüldüyü haqda bu gün də söz-söhbətlər dolaşmaqdadır

Bu yaxınlarda aşkarlanan kütləvi məzarlıqlarda Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin nəşi tapılıb. Həmin qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində məlum olub ki, onlardan yeddisi  Daşaltı kəndində uğursuz hərbi əməliyyat zamanı həlak olanlardır.

1992-ci ilin əvvəlində Şuşa ilə əlaqənin tam kəsilməsi qorxusu var idi. Kərkicahan işğal olunandan sonra Ağdamdan Şuşaya gələn yol bağlanmışdı. Yeganə Laçın yolu qalırdı ki, onu da Daşaltı kəndini zəbt etmiş ermənilər atəş altında saxlayırdılar. Ermənilərin hücumlarının qarşısını almaq üçün Daşaltı kəndi istiqamətindən xüsusi əməliyyat hazırlanıb. Əməliyyat Şuşanın Daşaltı kəndinin erməni işğalından azad olunması məqsədilə aparılıb və 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edib. Əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 nəfər ayrılıb. Yanvarın 25-dən 26-na keçən gecə başlanan əməliyyata sabiq müdafiə naziri Tacəddin Mehdiyev rəhbərlik edib. Əməliyyatın birinci planı tağımın Nəbilər kəndi vasitəsilə keçərək Qızılqaya hündürlüyünə qalxaraq, oradan Daşaltıdan Sığnaxa aparan yolu kəsmək, ikinci plan Daşaltıdan Şuşakəndə aparan yolu kəsmək olub. Əməliyyat zamanı hava şəraitinin sərtliyi, hərbi əlaqənin pis təşkil edilməsi, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti uğursuzluğa səbəb olub. Daşaltıya daxil olan tağım ermənilərin pusqusuna düşüb. Digər tağımlar da itki verərək geri çəkiliblər. Azərbaycan Ordusu uğursuz əməliyyatda 100-ə yaxın itki verib, Müdafiə Nazirliyinin Kəşfiyyat Bölüyünün rəis müavini olan polkovnik-leytenant Riad Əhmədov isə itkin düşüb. Onun taleyindən bu günədək heç bir məlumat yoxdur. Ermənilər də xeyli itki verib, əməliyyat zamanı düşmənin 80 döyüşçüsü məhv edilib.

2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində Ermənistanın uzun illər işğal altında saxladığı torpaqlar azad olunub. 44 gün davam edən Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu düşməni Qarabağdan qovub. Azərbaycan əsgərinin sərrast atəşi nəticəsində hər gün xeyli sayda canlı qüvvə və texnika itkisi ilə üzləşən erməni silahlı qüvvələri çıxış yolunu geri çəkilməkdə görüblər.

2020-ci il noyabrın 9-da Şanlı Azərbaycan Ordusu 1991-ci ildən etibarən erməni silahlı dəstələrinin nəzarəti altında olan Daşaltı kəndini işğaldan azad edib. Bununla da 28 ildən sonra “Daşaltı əməliyyatı”nın qisası alınıb. Azad olunandan sonra bir vaxtlar işğal altında saxlanılan Azərbaycan torpaqlarında kütləvi məzarlıqlar aşkarlanıb. Bu məzarlıqlardan biri də 2021-ci il fevralın 17-də Daşaltı kəndi ərazisində aşkar edilib və oradan 7 nəfərə məxsus meyit qalıqları çıxarılaraq götürülüb. “Daşaltı əməliyyatına görə faktiki Ali Baş Komandan vəzifəsi daşıyan adam kimi özünüzdə günah payı hiss edirsinizmi”sualına mərhum eks-prezident Ayaz Mütəllibov müsahibələrin birində belə cavab vermişdi: “Mən onu bilirəm ki, Daşaltı əməliyyatı haqqında ermənilər əvvəldən bildilər. Bizimkilər bu haqda ermənilərə xəbər verdilər. Mənə belə danışıblar”. Daşaltı əməliyyatının qisası alınsa da bütün sirləri açıldımı?

Emin Həsənli: “Bu görüşlər qardaşlığımızın təməlinini daha da  möhkəmləndirir”

Emin Həsənli 

Hərbi ekspert Emin Həsənli ordumuzun həmin dövrdə tam formalaşmamasından danışdı: “1991-ci ilin oktyabrında uzun müzakirələrdən sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi. İlk hərbi hissə 701 saylı adlandırıldı və Şıxovda yaradıldı. Bu hərbi hissənin tərkibində könüllülər var idi. Onlar uzun müddət təlim keçəndən sonra dekabr ayında Şəhidlər Xiyabanında təntənəli şəkildə andiçmə mərasimi keçirildi. Yanvar ayında isə bu əməliyyat həyata keçirildi. Bu ilk əməliyyat idi və müdafiə nazirinin özü birbaşa bu əməliyyata rəhbərlik edirdi. Təəssüflər olsun ki, bu əməliyyatda böyük bir uğursuzluq yaşadıq. O zamandan bu günə qədər bir çox sirlər var. Əməliyyatın satıldığı, əməliyyat sirlərinin qarşı tərəfə ötürüldüyü yönündə bu gün də söz-söhbətlər dolaşmaqdadır. Məğlubiyyətə ən əsas səbəb kimi, sirrin ötürülməsi göstərilir. Orada iştirak edən döyüşçülər sovet ordusunda xidmət edən zabitlər, Azərbaycanın qeyrətli oğulları idi. Onlar ilk olaraq yaradılmış hərbi hissəmizin dövrünə görə peşəkar hərbçiləri sayılırdı. Doğrudur, ordu ilk yaradıldığına görə peşəkarlıq bir qədər az idi, amma  vətənpərvər, qeyrətli oğullar ora yığılmışdı. Onlar ordumuzun ilkini təşkil edirdi. Təəssüflər olsun ki, o zaman bu qədər böyük məğlubiyyət yaşadıq. Müdafiə naziri Tacəddin Mehdiyev əməliyyata rəhbərlik etsə də, məğlub olduq. O zaman bilirsiniz ki, SSRİ rəhbərliyi, ardınca da Sovet Rusiyası ermənilərə dəstək verirdi, informasiyalarla onları təmin edirdi. Silah-sursatı da əskik etmirdilər. Bu dəstəklə ermənilər Qarabağ torpaqlarımızı ard-arda işğal edirdi. Bu işğal da Şuşaya bitişik kəndlərdən başlamışdı. Ardınca da bilirsiniz ki, Qaradağlı, Xocalı və digər ərazilərimiz işğal olundu, böyük faciələr yaşadıq. Daşaltı əməliyyatındakı uğursuzluq digər uğursuzluqlar yaşamağımıza səbəb oldu. Mənəvi-psixoloji baxımdan sarsıntılar yaşadıq. Qısa zamandan sonra müdafiə naziri dəyişdi. Ard-arda müdafiə nazirlərinin dəyişməsi də burada çox ciddi rol oynadı. O zaman ordu quruculuğu prosesi çox ləng gedirdi. Ancaq xalqımız rayonlarda könüllü şəkildə torpaqlarımızın müdafiəsinə qalxmışdı. Ən çətin vəziyyətdə belə o zamankı Azərbaycan rəhbərliyi əhaliyə ciddi dəstək vermirdi. Hətta sovetlərin qalmasını belə istəyirdilər. Moskvanın ”ədalətli" qərar qəbul edəcəyinə inanırdılar. O zaman Qazaxdan Naxçıvana qədər sərhədboyu əhali öz torpaqlarını qoruyurdu. Qazax, Tovuz, Gədəbəy, Daşkəsən, Goranboy, Qarabağ ərazilərinin əhalisi ayaqda idi. Məhz o zaman həmin könüllülərin fədakarlığı nəticəsində ərazilərimiz qorundu. Onlar ağır şəraitdə canlarını, qanlarını bu vətən üçün verdilər. İnsanlar özləri vəsait toplayıb silahlar alırdılar, könüllərə hər cür dəstək verilirdi. Bilirsiniz ki, milli ordumuzun formalaşması 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi dövründən etibarən başladı. Bu formalaşma prosesi qanunauyğun şəkildə aparıldı. Bir sıra hərbi yöndə ali məktəblər, qurumlar yaradıldı. Cənab prezident də bu siyasəti dövrün tələblərinə uyğun şəkildə bu gün də aparmaqdadır. Nəticədə peşəkar ordu yaradıldı. Bu ordu da qarşıya qoyulan tapşırıqları 44 günlük Vətən müharibəsində yerinə yetirdi. Şəhidlərimizin, o cümlədən, Daşaltı şəhidlərimizin qisası alındı. Bu gün də həmin şəhidlərimizin yüksək ehtiramla dəfn olunması həm I Qarabağ savaşının, həm də II Qarabağ savaşının şəhidlərinə göstərilən hörmətdir. Onlar hər zaman Azərbaycan dövləti tərəfindən uca tutulub. Biz indi Şuşaya, Daşaltına qayıtmışıq. Diplomatik masada da ard-arda qələbələr qazanırıq".

Hərbi ekspert fikirlərində Rusiya-Ukrayna savaşına da toxundu: “Rusiya bu savaşda 250 mindən çox itki verib, Ukraynanın da itkiləri 200 minə qədərdir. Digər regionlarda da gedən savaşlar onu göstərir ki, son dönəmlərdə ən parlaq əməliyyatları Azərbaycan Ordusu həyata keçirib. Düşmən kapitulyasiyaya məcbur edilib, Kəlbəcər, Laçın və Ağdamdan döyüşsüz ermənilər çıxarılıb. Bilirsiniz ki, Zəfər yolu Daşaltıdan keçir. Bunun da tarixi əhəmiyyəti böyükdür. Hər kəs ordumuzun keçdiyi tarixi bilməlidir”.   

Cavanşir ABBASLI,

“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR