İnsanlara hürriyət, millətlərə istiqlal!

DAK-dan Tehran rejiminə ultimativ bəyanat: Təbrizdə erməni konsulluğunun açılmasının cavabı ağır olacaq

3301 13.01.2024 15:10 Siyasət A A

Dünya Azərbaycanlıları Konqresi Təbrizdə Ermənistan konsulluğunun açılması ilə bağlı bəyanat verib.

Musavat.com xəbər verir ki, bəyanatda deyilir: “Qarabağ savaşında Ermənistanı dəstəkləyən İran, Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsindən sonra yaranan reallıqlara hər fürsətdə qarşı çıxmaqdadır. Azərbaycan İranla münasibətlərini normallaşdırmağa çalışır. İran isə öz hərəkətləri ilə ölkələrarası münasibətlərin normallaşması prosesinə balta vurur.

Azərbaycan xalqı son 30 ildə adını müsəlman dövləti qoyan İran molla rejiminin bütün iqtisadi, siyasi, hərbi və enerji gücü ilə düşmən Ermənistanı necə müdafiə etdiyinin şahididir. Müsəlman məscidində donuz saxlayan Ermənistan üçün pulsuz raket verdiklərini də çox yaxşı bilirik. Zəngəzur dəhlizinin açılmasını birmənalı şərt kimi qoyan Azərbaycana qarşı ən sərt mövqe məhz İrandan göstərildi. Din altında pərdələnən rejim “Zəngəzur dəhlizi bizim qırmızı xəttimizdir” deyib, Azərbaycanı hədəf aldı.

Ardınca Azərbaycanla sərhəddə, Qafan şəhərində İranın konsulluğunu açmaqla Tehran rəhbərliyi Türk Dünyasının mühüm körpüsü olan Zəngəzur dəhlizində, Azərbaycan sərhəddində və Azərbaycan türklərinin yaşadığı bölgələrdə Ermənistanla diplomatik nəzarəti əldə saxlamaq niyyətini ortaya qoydu. İndi isə əhalisinin əksəriyyətini Azərbaycan türklərinin təşkil etdiyi Təbriz şəhərində baş konsulluğun açılması açıqdan açığa Azərbaycan dövlətinə, Azərbaycan türklərinə qarşı olan bir mesajdır.

Konsulluq açılması üçün seçilmiş şəhərin Təbriz olmasına xüsusi diqqət çəkir: “Əhalisinin təxminən 95 faizini Azərbaycan türkləri təşkil edən Təbriz şəhərində Ermənistanın Baş Konsulluğuna heç bir mənada lüzum yoxdur və məntiqsiz bir addımdır. Çünki Təbriz azərbaycanlıların yaşadığı şəhərdir və orada ermənilər barmaqla sayılacaq qədərdir. Belə olan halda Təbrizdə Ermənistan konsulluğunun xidmətlərindən kim yararlanacaq?. Demək olar ki, heç kim. Bu, sadəcə, iki əməkdaşdan ibarət bir ofis olacaq. Demək bu addımın kökündə siyasi məqsədlər dayanır. Azərbaycan Təbrizdə konsulluq açmaq üçün təxminən 12 il Tehranın icazəsini gözləməli oldu. Ermənistan üçün isə İranda bütün qapılar açıqdır. Dünyada ikinci bir müsəlman ölkəsi tapa bilməzsiniz ki, müsəlman körpəsini, uşağını diri-diri yandıran, dərisini soyan Ermənistana bu şəkildə dəstək versin! Bu molla rejimin dini və ideoloji mahiyyətini bir daha bütün çılpaqlığı ilə ortaya qoyur.

Dünya Azərbaycanlıları Konqresi Təbrizdə Ermənistan konsulluğunun açılmasını qətiyyətlə pisləyir və Tehran rejimini xəbərdar edir ki, bu addım Arazın güneyində yaşayan 40 milyonluq Azərbaycan türkünün sərt təpkisi ilə qarşılanacaq və bunun cavabı ağır olacaq. İşğalçı Ermənistanı bölgədə dost seçən fars-molla rejimi özünü bütövlükdə Anadoludan Uzaq Şərqədək uzanan Türk Dünyasının hədəfinə çevirir. Bu isə enində sonunda məhvə məhkum olan İran istibdadının sonunu tezləşdirmiş olacaq”.

DAK həmsədrləri, Sabir Rüstəmxanlı, Firudin PərvizNia

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR