İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha iki nəfər mərmi qurbanı oldu, amma Qarabağda yox, Xızıda...

921 18.04.2023 08:00 Hadisə A A

Partlamamış sursatlarla bağlı nələrə diqqət etməli; piyada əleyhinə minaların müəyyən növləri insanı öldürməyə yox, onu məhz şikəst etməyə hesablanıb

Aprelin 15-i günorta saatlarında Xızı rayonunun Yaşma kəndi ərazisində partlayış baş verib. Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu dərhal hadisə yerinə çıxaraq zəruri hərəkətlər aparıb. İlkin araşdırma zamanı müəyyən edilib ki, partlayışa səbəb Sumqayıt şəhər sakinləri 1976-cı il təvəllüdlü Bəxtiyar Hüseynov, 1979-cu il təvəllüdlü Xankişi Quliyev və 2006-cı il təvəllüdlü Rəşad Əbilovun qeyd olunan ərazidə aşkar etdikləri mərmi başlığını götürməsi olub. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında bildirilir.

Hadisə nəticəsində Xankişi Quliyev və Rəşad Əbilov ölüb, Bəxtiyar Hüseynov isə müxtəlif xəsarətlər alıb. Faktla bağlı Xızı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.

İşğaldan azad olunan ərazilərimizdə belə hadisələrin baş verməsi haradasa anlaşılandır. Bəs Xızıda insanlarımız niyə həyatını itirsin? Əsas məsuliyyət kimin üzərində? Hərbi ekspertlərin qənaətinə görə, Xızıda baş vermiş partlayış 2017-ci ildə ərazidə N saylı hərbi hissənin silah-sursat anbarında baş verən partlayışdan sonra ətrafa səpələnən, ərazidə qalan partlamamış sursatdan yaranması ehtimalı böyükdür. Yada salaq ki, 27 avqust, 2017-ci ildə səhər 9 radələrində Xızı rayonu ərazisindəki N saylı hərbi hissədə naməlum səbəbdən yaranmış yanğın nəticəsində partlayış meydana gəlmişdi. O zaman 6 nəfər yaralanmış, hərbi hissə yaxınlığında olan Sitalçay, Giləzi, Məmmədhəsən və Şurabad kəndlərinin əhalisi ərazidən təhlükəsiz yerə təxliyə olunmuşdular. 

2020-ci ildə Vətən müharibəsi bitəndən bir neçə gün sonra ANAMA rəsmiləri işğaldan azad edilmiş ərazilərin tamamilə minalardan təmizlənməsi üçün azı 10-15 il müddətin lazım olduğunu bildirmişdilər.

“Landmine Monitor Report” nəşrinə görə, Qarabağda minalanmış ərazilərin ümumi sahəsi 350 kv/km-dən 830 kv/km-dək ola bilər. Bu rəqəmlər dəyərləndirmə səciyyəlidir və növbəti dəqiqləşdirilmə işi aparıldıqdan sonra azalma istiqamətində dəyişə bilər. "Azərbaycanda 2013-2017-ci illərdə 19,44 kvadrat km ərazi minalardan təmizlənib, bu isə ildə orta hesabla 4-5 kvadrat km ərazinin təmizlənməsi deməkdir", - LMR yazır. Odur ki, ANAMA ekspertlərinin Qarabağın 10-15 ilə minalardan təmizlənə biləcəyi barədə proqnozu, necə deyərlər, optimist dəyərləndirmə, yəni ən minimal göstərici də sayıla bilər.

İşğaldan azad olunmuş ərazi çox böyükdür, minalarla və partlamamış hərbi sursatlarla çirklənmə səviyyəsi həddindən artıqdır. “Landmine Monitor Report” dərgisi yazır ki, Azərbaycan hökumətinin və Dünya Bankının birgə araşdırması nəticəsində 2007-ci ilin sentyabr ayında, işğal olunmuş torpaqların minalardan təmizlənməsinə o dövrün qiymətləri ilə 600 milyon ABŞ dolları tələb olunduğu bildirilmişdi.

Xızıda mərmi partladı -İki nəfər öldü, yaralı var- YENİLƏNİB - Həftəlik.az

BMT-nin dəyərləndirməsinə əsasən, bu gün dünya boyu 70-dək ölkədə basdırılmış minaların ümumi sayı 100-120 milyon civarındadır. Hər gün orta hesabla dünyada 70-dək insan minaya düşür, minalardan zərər çəkmiş hər 3 nəfərdən biri isə uşaqdır. Minalanmış ərazilərdə təsərrüfat fəaliyyəti aparmaq mümkünsüzdür, bu isə ərazisi kiçik, əhalisi sıx olan ölkələrin rifahına öz təsirini göstərir. 1996-cı ildə BMT-nin təşəbbüsü ilə humanitar məqsədlə “minalardan təmizləmə əməliyyatları üçün beynəlxalq standartlar” işlənib hazırlanıb. Bu standartların ərazilərin təmizlənməsi keyfiyyətinə dair əsas tələbi belədir: 20 sm-dək qalınlığı olan torpaq təbəqəsinin 99,6 faizi mina və partlayıcı maddələrdən təmiz olmalıdır. Minaların aşkarlanması və zərərsizləşdirilməsi üçün mövcud texniki vasitələr bu qədər yüksək təmizlənməni təmin etmir və nəticədə təmizlənmiş ərazilərin 80 faizdən çoxu insanın iştirakı ilə - əllə təmizlənir. Mütəxəssislərin fikrincə, mövcud texnologiyalardan istifadə edərək, bütün planetin minalardan təmizlənməsi təxminən 1000 il çəkə bilər və 65-100 milyard dollara başa gələcək. 1 minanın aşkar edilib zərərsizləşdirilməsi 1000-5000 dollar məbləğə başa gələ bilər. Postsovet məkanında baş verən münaqişələrdə döyüş əməliyyatları zamanı hərbi sursatların təxminən 40 faizi partlamamış qalır.

İşğalçı Ermənistan qoşunu Azərbaycan torpaqlarından qovulandan sonra Ermənistan tərəfi mina xəritələrini əsasən vermədi, verdikləri xəritələrlə real vəziyyət arasında 40-45 faiz uyğunluq oldu.

Kəlbəcərdə minada ikisi jurnalist olmaqla, 3 nəfər həlak oldu. Ümumilikdə isə 2020-ci ildə Vətən müharibəsi bitəndən sonra  288 azərbaycanlı minaya düşüb, onlardan 50-si həyatını itirib. Beynəlxalq ictimaiyyət Ermənistanın yaratdığı mina təhlükəsindən narahatlığını ifadə etməyə tələsmir.

ANAMA mütəxəssisləri vətəndaşlara çağırış edirlər ki, mina və partlamamış hərbi sursatlar, əraziyə xas olmayan şübhəli əşyalar gördükdə onlara toxunmadan dərhal Fövqəladə Hallar Nazirliyinin “112" qaynar xəttinə məlumat versinlər.

Minalar tank və piyada əleyhinə olur, müasir minaların müxtəlif növləri mövcuddur. Mexaniki təsir nəticəsində və ya ağırlıq altında partlayan minaların istehsalı daha ucuz başa gəldiyindən bu tip minalar daha çox yayılıb.

Minaların müxtəlifliyinə rəğmən, tank əleyhinə minaların əksəriyyətini piyada əleyhinə minalardan fərqləndirən əsas cəhət minanı işə sala biləcək çəki, ağırlıq həddidir.

Belə ki, piyada əleyhinə mina ayaq altında və ya insan ona toxunarkən partlayırsa, tank əleyhinə minanın işə düşməsi üçün ona təsir göstərən ağırlıq qüvvəsi ən azı 130-150 kilodan çox olmalıdır. Tank əleyhinə minaların əksəriyyəti üçün isə bu göstərici 200 kiloqram təşkil edir.

Odur ki, tank əleyhinə minanın dağıdıcı gücü piyada əleyhinə minanın gücünü qat-qat üstələsə də, insan üçün daha təhlükəli məhz sonuncudur. Piyada əleyhinə minaların müəyyən növləri insanı öldürməyə yox, onu məhz şikəst etməyə hesablanıb.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR