İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir il bitir: yadda nə qaldı?..

873 29.11.2022 09:40 Yazarlar A A

Noyabr ayı başa çatmaqdadır. Artıq aydındır ki, Brüsseldə deyildiyi kimi, növbəti görüş bu ay baş tutmayacaq. Üstəlik, ən yüksək səviyyədə bəyan edildi ki, dekabrda da görüş olmayacaq, çünki erməni tərəfi bəyan edib ki, Fransa Prezidenti görüşə qatılmayacağı təqdirdə onlar da iştirak etməyəcəklər.

Qərəz, bu il sülh sazişini imzalamaq mümkün olmadı. Amma demək olmaz ki, il yadda qalan detallarla zəngin olmadı. Yox, belə deyil. Elə bugünlərdə Aktauda Trans-Xəzər marşrutu ilə bağlı görüş keçirildi. Bu isə o deməkdir ki, çətinliklə olsa da, proseslər davam edir.

Amma bizim yadımızda daha çox Azərbaycan Prezidentinin bir sözü qaldı. O dedi ki, bütün vasitələrlə cənublu qardaşlarımıza dəstək verəcəyik. Açığı, biz neçə illərdir düşünürdük ki, Cənub problemi birdəfəlik qapanıbdı. Son illərdə Cənub deyəndə Şimali Azərbaycanın cənub rayonları yada düşürdü. Amma belə olmadı. İndi diqqətlər İrana qarşı yönəlib. Bu proseslər heç də Ukrayna problemindən, hətta Dağlıq Qarabağ məsələsindən az maraq kəsb etməyir, çünki onlar bir növ əlaqəli məsələlərdir.

Birincisi, Azərbaycana qarşı açıq-aşkar ədalətsiz mövqe tutan İrandakı etiraz aksiyaları bizdə maraq doğurmaya bilməz. Həm də bu, bizim otuz-qırx milyonluq cənublu qardaş-bacılarımızın dərdi-səri, problemidir. Biz onların problemlərinə biganə qala bilmərik.

Bu illər ərzində İranın əlindən cana doymuşduq. Bakı daim çalışırdı ki, İranda belə bir fikir yaranmasın ki, biz onlara qarşı nəsə edirik və yaxud da etmək istəyirik. Yox, daim deyilirdi ki, Bakı heç vaxt İrana qarşı nəsə etməz və öz ərazisini buna görə kiməsə verməz.

Amma İran Azərbaycanın bu bəyanatlarına məhəl qoymur, ona az qala ABŞ-ın və ya İsrailin forpustu kimi baxırdı. Halbuki bu on illər ərzində Azərbaycan dost ölkə olan İsraildə özünün səfirliyini aça bilmirdi. Hamısı da İranın ucbatından. Amma bütün qaranlıqların bir işıqlı sabahı olur. Azərbaycanda başa düşdülər ki, İranı nəyəsə inandırmağın mənası yoxdur, bundansa Bakı özünün müstəqil siyasətini həyata keçirməlidir. Bəli, artıq Azərbaycan parlamenti İsraildə səfirlik açmağa qərar veribdi, Azərbaycan Prezidenti bu xüsusda sərəncam imzalayıb. Ümid edirik ki, məsələ daha əvvəlki illərdə olduğu kimi yubanmayacaq və biz otuz ildən sonra nəhayət ki, dost ölkə olan İsraildə öz səfirliyimizi açacağıq...

İranda baş verən proseslərə maraq Ukrayna müharibəsinə maraqdan da az deyil. Məsələ bundadır ki, burada da Rusiyanın geosiyasi ambisiyalarının taleyi həll olunur. Düzdür, son illərdə Moskva Ermənistandan az da olsa, aralanmağa və Bakı ilə İrəvan arasında orta mövqe tutmağa çalışır. Buna sübut kimi son günlərin hadisələrini misal gətirmək olar.

Birincisi, Praqa görüşündə İrəvan Avropa sülhməramlı kontingentini sərhədlərinə gətirməyə qərar verdi. Əslində bu, onun Rusiyaya qarşı demarşı idi. Hazırda İrəvan daha çox Fransaya qarşı meyl edir, nəinki Rusiyaya. İkincisi, bugünlərdə KTMT-nin Ermənistanda keçirilən sammitində İrəvan təşkilatı özünün problemlərinə etinasız yanaşdığına görə tənqid etdi və təşkilatın yekun sənədini imzalamadı. Üçüncüsü, bir az əvvəldə qeyd etdiyimiz kimi, Ermənistan hazırda Qərblə, xüsusən də Fransa ilə Rusiya arasında orta mövqe tutmağa çalışır. Alınacaqmı? Alına bilər, gəl, bu halda İrəvan Dağlıq Qarabağdakı mövqelərini tamam itirə bilər.

Başa çatmaqda olan il Rusiya üçün də çətin başlanğıcın əsasını qoyur. Moskvanın regional, xüusən də Dağlıq Qarabağ siyasəti tamam çılpaq bir duruma gəlir. Məsələ bundadır ki, Dağlıq Qarabağ Abxaziya və Cənubi Osetiya, Azərbaycan isə Gürcüstan deyil. Rusiyanın siyasəti müəyyənləşməlidir: o, ya Azərbaycanın haqlarını tanımalıdır, ya da İran kimi öz məkrli siyasətini ortaya qoymalıdır...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR