İnsanlara hürriyət, millətlərə istiqlal!

Çingiz Qənizadə: “Bu, diplomatiyamızın növbəti uğurudur”

512 14.03.2023 12:04 Siyasət A A

“Son günlər Azərbaycan yenə də dünya birliyinin diqqət mərkəzindədir. Artıq dünyanın qlobal problemləri ölkəmizdə müzakirə olunur. Bu, hər bir soydaşımız üçün qürurverici haldır. Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü, bir həftə sonra Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun keçirilməsi, hər iki tədbir çərçivəsində dövlət başçımızın dünyanın tanınmış ictimai-siyasi xadimləri ilə görüşləri beynəlxalq aləmdə böyük rezonans doğurub. Qürurverici haldır ki, artıq Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada addımlayır. Dünya ictimaiyyətini narahat edən bir sıra qlobal problemlərdən çıxış yolunun Bakıda axtarılması Azərbaycana olan inam və etimadın göstəricisidir”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, hər iki nüfuzlu təşkilatın tədbirinin yüksək səviyyədə keçirilməsi, iştirakçıların sayının ildən –ilə artması bir daha təsdiqlədi ki, Azərbaycanın dünya birliyindəki mövqeyi getdikcə artır, reytinqi yüksəlir. Faktlar da təsdiqləyir ki, ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə iştirak edən dövlətlərin, həmçinin tanınmış ictimai-siyasi xadimlərin, diplomatların, ekspertlərin sayı ildən-ilə artır. Bakıda keçirilən Qlobal Bakı Forumunun ötən 10 il ərzində dünyanın əsas müzakirə mərkəzlərindən birinə çevrilməsi artıq beynəlxalq ictimaiyyət tərəfindən də etiraf olunur. Bu il 60-dan çox ölkənin forumda təmsil olunması bu tədbirin miqyasının getdikcə genişlənməsinin göstəricisidir. Qlobal Bakı Forumunun əsas məqsədi də dünyanı narahat edən prioritet məsələlərin müzakirəsidir. Dünya ictimaiyyətinin narahatlığına səbəb olmuş beynəlxalq gündəmdəki siyasi, iqtisadi, humanitar və digər həlli vacib məsələlərin müzakirəsinə paytaxt Bakının ev sahibliyi etməsi heç də təsadüfi deyildi. İstər ərazilərimizin 20 faizinin Ermənistanın işğalı altında olduğu, istərsə də həmin ərazilərin işğaldan azad edilməsindən sonra da Azərbaycan dünyada nüfuzlu beynəlxalq təşkilatların öz tədbirlərini keçirdiyi məkana çevrilib. Bu da, ilk növbədə, ölkəmizin dünyada sabitlik məkanı kimi tanınmasının nəticəsidir. Son vaxtlar nüfuzlu təşkilatların öz tədbirlərini bir-birinin ardınca Bakıda keçirmələrinin əsas səbəblərindən biri də Azərbaycanın siyasi arena da artan nüfuzundan, etimadından və regionda söz sahibinə çevrilməsindən xəbər verir.

Komitə sədri deyib ki, bu gün Qlobal Bakı Forumu öz nüfuzuna görə dünyanın aparıcı beynəlxalq platformalarını kölgədə qoyub. Xatırladaq ki, Qlobal Bakı Forumu ilk dəfə keçiriləndə tədbirdə təxminən 20-yə yaxın ölkədən nümayəndə iştirak edirdi. Sonuncu Forumda isə iştirak edən dövlətlərin sayı 60- dan çoxdur. Göründüyü kimi, son 10 il ərzində Bakıda keçirilən qlobal forumlar diqqəti o qədər çəkib ki, iştirakçı dövlətlərin sayı 3 dəfədən çox artıb. Ötən dövrdə Bakı Forumu dünya cəmiyyətinin üzləşdiyi həssas mövzuların müzakirə olunduğu platforma kimi nüfuz qazanıb: “ Forumu digər platformalardan fərqləndirən əsas cəhətlərdən biri də coğrafi cəhətdən əhatəli olmasıdır. Dünyanın müxtəlif yerlərindən gələn qonaqların fikir mübadiləsi üçün Bakını seçmələri Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin məntiqi nəticəsidir. Məhz buna görə də tədbirdə iştirak edən dünya şöhrətli xadimlər bu forumun başqa ölkələrdə baş verənləri öyrənmək baxımından əvəzedilməz platforma olduğunu etiraf edirlər. Şərq və Qərb ölkələrinin tanınmış nümayəndələrinin, sabiq dövlət və hökumət başçılarının bir araya gələrək qlobal məsələlərin müzakirəsində fikirlərini açıq şəkildə bildirmələri tədbirin xüsusi əhəmiyyət kəsb etməsindən xəbər verir. Gələcək qlobal məsələlərin müzakirəsi dünya ölkələrinin perspektivləri ilə yaxından tanış olmaq baxımında Bakı Forumuna olan marağı getdikcə artırıb”.

Ç.Qənizadə deyib ki, son illər artıq dünya birliyi də Azərbaycanı sülh tərəfdarı kimi qəbul edir. Bu istiqamətdə mühüm işlər görən ölkəmiz bu forum vasitəsilə dünya ölkələrini dayanıqlı sülhə, inkişafa, regionda sabitliyə, tərəqqiyə təhdid, təzyiq yaradan amillərə qarşı mübarizəyə çağırdı: “Üç gün ərzində müzakirə edilən məsələlərdən biri də sülh idi. Bu məsələ regionda sabitlik üçün böyük əhəmiyyət kəsb edir. Təəssüf ki, Ermənistan hər addımbaşı sülhə təhdid yaradır, xarici himayədarlarının vasitəsilə atəşkəs rejimini pozur, gizli yollarla Azərbaycanın ərazisinə silah-sursat daşıyır. Dünya birliyi bu ədalətsizliyə göz yummamalı, erməni vəhşiliyinin, habelə digər ölkələrdə baş vermiş beynəlxalq hüquq pozuntularının qarşısının alınmasında həmrəylik göstərməlidir”.

Komitə sədri bildirib ki, artıq Qlobal Bakı Forumunun sədası dünyanın müxtəlif ölkələrindən də eşidilir. “ABŞ, Türkiyə, Rusiya Federasiyası, İtaliya, Belçika, Bosniya və Herseqovina, Malayziya, Xorvatiya, Tacikistan, Gürcüstan, Moldova, Ukrayna və digər ölkələrin aparıcı media vasitələri forumun işi və Prezident İlham Əliyevin çıxışı, həmçinin tanınmış ictimai-siyasi xadimlərlə keçirdikləri görüşlər barəsində məqalələr dərc edirlər. Bu, Forumun mühüm əhəmiyyət kəsb etməsinin göstəricisidir”, – deyə Çingiz Qənizadə bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR