İnsanlara hürriyət, millətlərə istiqlal!

Çingiz Mustafayevin Xocalıda müsahibə aldığı 9 yaşlı Ləfxanım ata yurdunda - ÖZƏL FOTOLAR VİDEO

1292 26.02.2024 14:09 Ölkə A A

Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin Xocalıda müsahibə aldığı Ləfxanım 32 il sonra yenidən öz ata-baba yurduna qayıdıb.

9 yaşında Xocalı faciəsinə şahidlik edən Ləfxanım (Nərgiz) Mahmudova təəssüratlarını Musavat.com-a danışıb:

“Uzun illərdən sonra ilk dəfə olaraq ayaq basdım yurduma, obama. Xocalıya ilk getdiyimdə elə bil ki, o ağrını-acını yenidən yaşadım. Bir anlıq elə bildim, 92-ci ildir, yenə uşağam. Ermənilərin bizi hansı vəhşiliklə oradan çıxardığını heç vaxt unutmaram. Hamımız ayaqyalın, başıaçıq meşəyə üz tutduq. Qardaşım, bacım məni oradan kürəyində keçirirdi. Meşədə ağappaq qarın üstü qan idi. Orada 9 gün ac-susuz gəzdik. Ağlayırdım ki, mənə çörək verin. Atam deyirdi ki, ağlama, Ağdama çatanda sənə çoxlu çörək alacam yeyəcəksən. Çünki uşaqlar ağlayanda səsə onlar gəlirdilər. Əsirlikdən gəldiyimiz vaxt Ağdamda vaqonlarda xəstəxanalar yaratmışdılar. Bəlkə də biz əsirlikdən gəldiyimizdən iki-üç saat keçirdi. Çingiz Mustafayev bizdən müsahibə götürdü. Məni həkim yoxladı, sonra dedi ki, adın bundan sonra Nərgiz olsun. O zamandan məni Nərgiz deyə çağırırlar”.

LEFXANUM.jpeg (174 KB)

Ləfxanım deyib ki, Xocalıda ilk görmək istədiyi yer Qarqarçay olub: “Həmin çayı keçib meşəyə qaçmışdıq.

LEFİ SON.jpeg (268 KB)

Sonra da evimiz olan yerə getdik. İndi evimizdən ancaq divarlar qalıb, yandırılıb, dağıdılmış divarlar. Evini o vəziyyətdə görmək o qədər ağırdır ki... Elə bil viran qalmış bir yerdəsən, sənə doğma olan yerdən əsər-əlamət qalmayıb.

LEFİ.jpeg (265 KB)

Amma öz yurduma qayıtdığımıza görə çox xoşbəxtəm. Bütün yaşananlara rəğmən, sevincliyəm ki, Vətənimə, torpağıma qayıtmışam. Xocalıda bu qədər şəhid qanı tökülüb, igid oğullarımız canını qurban verib, biz mütləq bura qayıdıb, yenidən bu torpaqları dirçəldəcəyik. Düzdür, hazırda geri qayıdanların siyahısında biz yoxuq, yəqin ki, növbəti siyahıda biz də olacağıq. Növbəti 50 ailənin köçürüləcəyini artıq bizə deyiblər”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR