İnsanlara hürriyət, millətlərə istiqlal!

CİA şefi Paşinyana hansı direktivləri çatdırıb: Ermənistanın başı üzərində “qara buludlar” dolaşır

3152 21.07.2022 19:00 Analitika A A

İndi rəsmi İrəvan ya Ağ Evin mesajlarına həssas yanaşmaqla, Rusiyaya qarşı çıxmalıdır, ya da Kremlin himayəsinə güvənib, ABŞ-ın sirlərini və maraqlarını Rusiyaya qurban verməlidir... Ancaq bu variantların hər ikisi həm Paşinyan hakimiyyətinə, həm də Ermənistana təxminən eyni səviyyədə təhlükəli zərbələr vəd edir...  

Cənubi Qafqazda geopolitik proseslər artıq olduqca təhlükəli görüntülər almağa başlayıb. Belə ki, ABŞ və Qərbin Rusiya ilə Cənubi Qafqaz uğrunda savaşı hazırda amansız qarşıdurmaya çevrilmək üzrədir. Və bu qarşıdurma Cənubi Qafqaz regionunu yeni silahlı toqquşmalar məkanına da çevirə bilər.

Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqaz uğrunda savaşın artıq həlledici mərhələyə yaxınlaşdığını biruzə verən kifayət qədər ciddi əlamətlər də mövcuddur. Həmin əlamətlərin sırasına qısa müddət ərazində bu regiona bir-biriylə qarşıdurma vəziyyətində olan iki nəhəng dövlətin – ABŞ və Rusiyanın nüfuzlu xüsusi xidmət servisləri rəhbərlərinin səfərlərini göstərmək olar. Və bu, Cənubi Qafqaz uğrunda savaşın artıq kəşfiyyat qqurumları arasında savaş mərhələsində olduğunu göstərir.

Əvvəlcə ABŞ-ın nüfuzlu Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Uilyam Börns Ermənistana gəldi. Ardıncasa, Rusiya xarici kəşfiyyat servisinin rəhbəri Sergey Narışkin Cənubi Qafqaza səfər etdi. Və bu iki səfərin bir-biriylə birbaşa bağlantısının olduğu isə artıq qətiyyən şübhə doğurmur.

434832060_0_0_2731_2048_1920x0_80_0_0_f5137e95315e43c56efb532ac6bd955e.jpg (154 KB)

CİA direktorunun gəlişi onu göstərir ki, ABŞ-ın Cənubi Qafqaz maraqlarının reallaşdırılması qarşısında kifayət qədər ciddi problemləri mövcuddur. Çünki əks halda, ABŞ-ın kəşfiyyat şefi deyil, sadəcə, Dövlət Deportamentinin hansısa məmuru və ya dövlət katibi Entoni Blinken gələrdi. Bu isə o deməkdir ki, ABŞ-ın Cənubi Qafqaz maraqları qarşısında yaranmış problemlər indiki mərhələdə siyasi-diplomatik müstəvidə nizamlanma imkanlarından uzaqdır. Və CİA direktorunun birbaşa müdaxiləsinə ehtiyac yaranıb.

Onu da qeyd etmək lazımdır ki, CİA şefinin yalnız Ermənistana səfər edərək, Ermənistan baş naziri Nikol Paşinyanla görüşdükdən sonra geri dönməsi də müəyyən nəticələr çıxartmağa imkan verir. Belə anlaşılır ki, ABŞ-ın Cənubi Qafqaz maraqları qarşısında olan problemlər əsasən Ermənistanın davranışları ilə bağlıdır. Və bu səbəbdən də, rəsmi İrəvandan məmnun olmayan Ağ Ev CİA direktorunu son xəbərdarlıq üçün Ermənistana göndərmək məcburiyyətində qalıb.

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti son aylar ərzində ABŞ-ın qıcıqlanmasına səbəb ola biləcək müəyyən addımlar atıb. Birincisi, rəsmi İrəvan böyük sürətlə Rusiya və İrana yaxınlaşmaqdadır. ABŞ üçünsə, “Soros” Fondunun ssenarisi üzrə hakimiyyətə gətirilmiş baş nazir Nikol Paşinyanın bu iki dövlətlə “qırmızı cizgilər” aşan yaxınlaşması qəbuledilməzdir. Çünki, ABŞ baş nazir N.Paşinyanı hakimiyyətə məhz Ermənistanın Rusiyadan qoparılmasına nail olmaq üçün gətirmişdi.

8a0f81741c2717ce6a0610d206931b4f.jpeg (111 KB)

Ancaq indi belə anlaşılır ki, Ağ Evin hesabları tutmayıb və ABŞ-ın Ermənistanı Rusiyadan uzaqlaşdırmalı olan “Paşinyan planı” iflasa uğramaq üzrədir. Çünki, Paşinyan hakimiyyətinin Rusiyaya yaxınlaşmasına paralel olaraq, rəsmi İrəvan həm də Kremlə ABŞ-ın Ermənistandakı gizli biolaboratoriyalarına Rusiya mütəxəssislərinin nəzarət etməsinə imkan yaradacağını vəd edib. Halbuki, belə bir addım ABŞ-ın hərbi sirlərinin Rusiyaya təhvil verilməsi və Ağ Evin Cənubi Qafqaz hədəflərinin isə ciddi zərbə altında qoyulması anlamına gəlir.

Digər tərəfdən, Ermənistan Rusiyaya beynəlxalq sanksiyalardan yayınmaq imkanları da yaratmağa başlayıb. Bununla bağlı bir sıra faktlar artıq ortaya çıxdığından ABŞ Ermənistanı “qara siyahı”ya salıb. Hazırda Ermənsitan ABŞ-a problemlər yaradan Rusiyayönümlü dövlətlər blokuna daxil olmağa başlayıb. Ermənistanın da tezliklə sanksiyalara məruz qalan Rusiya, Belarus və İranın sırasına əlavə edilə biləcəyi qətiyyən istisna deyil.

Təbii ki, bunun belə olub-olmayacağı ilk növbədə CİA şefinin erməni baş nazirlə qapalı görüşünün nəzticələrindən asılı ola bilər. Böyük ehtimalla U.Börns baş nazir N.Paşinyana ABŞ-ın maraqlarının Rusiyaya təhvil verilməsinin Ermənistan üçün doğura biləcəyi barədə Ağ Evin xəbərdarlıq mesajını çatdırıb. Ermənistan mətbuatının iddialarına görə, baş nazir N.Paşinyana hakimiyyətə gəlməkdən öncə ABŞ kəşfiyyatı ilə gizli anlaşmalar da xatırladılıb. Və bu, o deməkdir ki, baş nazir N.Paşinyanın CİA agenti olma ehtimalı kifayət qədər yüksəkdir.

07e86a96ac7902cbaeb884a3daae4da5.jpg (57 KB)

Ancaq məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, son vaxtlar erməni baş nazirin CİA qarşısındakı öhdəliklərinə sadiq qalmadığı da iddia olunur. Əgər, baş nazir Nikol Paşinyan CİA ilə əlaqələri agent statusuna bağlıdırsa, Uilyam Börnsün İrəvana səfəri onun siyasi karyerası və Ermənistan üçün ciddi təhlükənin yarandığının ilkin əlaməti kimi qəbul oluna bilər. Hər halda, CİA-nin erməni baş nazirin ABŞ-a xəyanətini cəzalandırmaq üçün kifayət qədər mexanizmlərə malik ola biləcəyi qətiyyən istisna deyil.

Bütün bunları nəzərə aldıqda, ehtimal olar ki, Ermənistanın və baş nazir Nikol Paşinyanın başının üstünü “qara buludlar” alıb. İndi həmin “qara buludlar”ın dağıdılması üçün Paşinyan hakimiyyətinin cəmisi iki variantı var. Bu variantlardan biri Rusiyanın Ermənistanı və baş nazir Nikol Paşinyanı ABŞ-dan gözlənilə biləcək təhlükələrdən yayındırmaqdır. Və Kremlin bunu bacara biləcəyinə indidən əmin olmaq çətindir.

Digər varianta gəldikdəsə, Paşinyan hakimiyyəti CİA şefi vasitəsilə ABŞ-ın çatdırdığı xəbərdarlıq mesajlarından nəticə çıxartmalıdır. Bununla da Paşinyan hakimiyyəti Ağ Evin gizli biolaboratoriyalar və Rusiyaya qarşı sanksiyalara münasibətdə Ermənistanın tutmalı olduğu mövqe ilə bağlı direktivlərini yerinə yetirməklə, ABŞ-ın siyasi dəstəyini yenidən öz arxasına almağı bacarmalıdır. Bu haldasa, Ermənistan və Paşinyan hakimiyyəti Rusiyanın sərt təzyiqləri altında qalmalı olacaq. Yəni, istənilən halda, Ermənistan üçün real təhlükənin qaçılmazlığı inkaredilməzdir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR