İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşüb

358 22.09.2023 23:28 Siyasət A A

22 sentyabr tarixində xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi müzakirələri çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə yardım üzrə əlaqələndiricisi, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) rəhbəri Martin Griffits ilə görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Görüşdə BMT ilə mövcud əməkdaşlıq gündəliyinin inkişaf perspektivləri, o cümlədən humanitar yardım və inkişafa yardım sahələrində tərəfdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın donor ölkə kimi rolu xüsusi təqdir olunub.

Nazir Ceyhun Bayramov BMT sisteminə dəstəyin ölkəmizin humanitar və inkişafa yardım siyasətinin əsasını təşkil etdiyini, Azərbaycanın müxtəlif təşəbbüslər üzrə BMT təsisatları ilə sıx dialoq və fəal əməkdaşlıq apardığını vurğulayıb.

Görüşdə, Ermənistanın 30 ilə yaxın müddətdə ərazilərimizin işğalından, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı qondarma rejimin davamlı təxribatlarından, habelə qanunsuz mövcudluğundan irəli gələn humanitar məsələlər müzakirə olunub.

İlk növbədə, ölkəmizə qarşı səsləndirilən "blokada" və "bölgədə gərgin humanitar böhran" kimi iddiaların heç bir əsasının olmadığı, Ermənistanın qəsdən qondarma humanitar böhran yaratmaq məqsədi daşıdığı, bu addımın əslində siyasi manipulyasiya olduğu bildirilib.

Lokal xarakterli antiterrorizm tədbirlərinə gəldikdə, görülən tədbirlərin hədəfinin müstəsna olaraq qanunsuz hərbi birləşmələrin və hərbi infrastrukturun olduğu, mülki əhali və obyektlərin vurulması ilə bağlı iddiaların əsassız və qəbuledilməz olduğu bildirilib.

Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası ilə bağlı təşəbbüslər çərçivəsində 21 senytabr tarixində keçirilmiş Yevlax görüşünün konstruktiv və müsbət mühitdə keçdiyi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələrin aparıldığı, qarşı tərəfə reinteqrasiya üzrə planların təqdim edildiyi, həmçinin Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələrinin sosial və humanitar yardımın göstərilməsi ilə bağlı müraciətlərinin müsbət qarşılanaraq hal-hazırda erməni sakinlərə yardım göstərildiyi diqqətə çatdırılıb.

Görüş zamanı, Azərbaycanın Qarabağ bölgəsində Beynəxalq Qızıl Xaç Komitəsinin fəaliyyət göstərdiyi və Axərbaycanın onun fəaliyyətinə dəstəyi vurğulanıb. Son günlərdə BQXK vasitəsilə də erməni sakinlərə yardımın daha da genişləndiyi bildirilib.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Angel Moratinos ilə görüşüb.

Bu barədə Musavat.com-a Azərabaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə, Azərbaycan və UNAOC arasında əməkdaşlıq məsələləri, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov, ölkəmizlə UNAOC arasında mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində faydalı əməkdaşlıq gündəliyinin mövcudluğundan məmnunluqla bəhs edərək, bu xüsusda həyata keçirilmiş birgə layihələrin, o cümlədən Bakı prosesi çərçivəsində təşkil olunan Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini qeyd edib. Müxtəlif beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən bu layihənin növbəti ildə də uğurla reallaşdırılacağına dair inam ifadə olunub.

UNAOC-un Dostlar Qrupunun fəal üzvlərindən biri olan ölkəmizin bu platforma çərçivəsində əməkdaşlığa, xüsusilə tolerantlıq, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqində maarifləndirici tədbirlərin həyata keçirilməsinə dəstək göstərilməsinə hazır olduğu bildirilib.

Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi, o cümlədən Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin cəmiyyətimizə reinteqrasiyası istiqamətində atılan addımlardan geniş bəhs olunub. Xüsusilə, erməni sakinlərin reinteqrasiya prosesinin qarşısında duran ən böyük maneələrdən biri olan qanunsuz erməni silahlı qüvvələrinin mövcudluğuna tərəfimizdən aparılan antiterror tədbirləri nəticəsində son qoyulduğu, erməni sakinlərlə dialoqun bərpa edildiyi diqqətə çatdırılıb.

Ali nümayəndə Migel Angel Moratinos, UNAOC-un öz multikulturalizm modeli ilə mədəniyyətlərarası dialoq üzrə nümunəvi ölkələrdən hesab olunan Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlər ilə reinteqrasiya prosesinin irəlilədilməsinin məmnunluq doğurduğu qeyd olunub.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR